Press "Enter" to skip to content

Elm Tarixi İnstitutunda görüş

Elm Tarixi İnstitutu

Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman (Hülya) Ağasoy ilə görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya İnstitutdan bildirilib. Görüşdə İnstitutun baş direktoru professor Məryəm Seyidbəyli diqqətə çatdırıb ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezidentin Sərəncamına əsasən respublikada silsilə tədbirlər həyata keçirilir.

M.Seyidbəyli Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə İnstitutun ərsəyə gətirdiyi “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” kitabı barədə qonağa məlumat verib. O bildirib ki, kitab 1752-1920 və 1920-1991-ci illərə qədər olan dövrlərdə Şuşada anadan olan, təhsil alan və fərqli səbəblərdən mühacirət edən görkəmli şəxslər haqqında ətraflı məlumatı özündə əks etdirir. Hər iki dövrün özünəməxsus xarakterik xüsusiyyətləri kitabda əksini tapıb. Birinci dövr Qarabağ ərazisində müstəqil idarəetmə üsulunun-xanlıq sisteminin yaradılmasından Azərbaycan Xalq Cümhuriyyətinin süqutunadək, ikinci dövr isə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan Sovetlər İttifaqının dağılmasına qədər olan dövrdə xarici ölkələrə mühacirət edən Şuşanın görkəmli şəxsiyyətləri haqqında bioqrafik məlumatları əhatə edir.

X.Ağasoy Türkiyədə Azərbaycan diasporunun fəaliyyəti və perspektivlərindən bəhs edib. O bildirib ki, İstanbulda fəaliyyət göstərən Azərbaycan Dostluq Dərnəyi orada yaşayan azərbaycanlıların bir qismini əhatə edir: “Həmvətənlərimiz müharibədən sonra Qarabağın, Şuşanın bərpası, insanların mənəvi reabilitasiyası ilə bağlı bütün tədbirləri diqqətlə izləyir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün öz səylərini göstərirlər”.

“Daha sonra çıxış edən İnstitutun əməkdaşları akademik Validə Əlizadə, Zaur Əliyev, Ziyad Əmrahov, Bayram Qulusoy və digərləri Azərbaycan elmi barədə məlumat veriblər və ikitərəfli əməkdaşlığın zərurətini qeyd ediblər. Sonda qonağa AMEA-nın Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri dosent Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi” kitabı hədiyyə olunub”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.