Press "Enter" to skip to content

Onlar Türkiyəni öz vətənləri kimi görür, biz də Azərbaycanı elə görürük

Prof. Dr Abdullah Çavuşoğlu və Nadir Azəri

Son yeniləmə: 8 İyun 2022 16:23

Prof. Dr. Abdullah Çavuşoğlu: Bu, dünyada minaaxtararn cihazlar içərisində ən həssasıdır

Bayraqdar.info – “Bu qardaşlıq səviyyəsindən çox razıyıq. Xüsusilə də Azərbaycanın bir parçası olan Qarabağın işğaldan azad edildiyini gördüyümüz üçün çox xoşbəxtik”.

Bunu bayraqdar.info-ya özəl müsahibəsində qardaş Türkiyənin “EHSİM” (Elektronik Harp Sistemleri Mühendislik ve Ticaret A.Ş.) şirkətinin baş direktoru, Prof. Dr. Abdullah Çavuşoğlu dedi.

Ötən ay Bakıya səfəri çərçivəsində bayraqdar.info-nun suallarını da cavablandırmağa vaxt ayıran Prof. Dr. Abdullah Çavuşoğlu həm tanınmış elm adamı, həm də bacarıqlı idarəçi kimi ad qazanıb.

Məlumat üçün bildirək ki, Prof. Dr. Abdullah Çavuşoğlu 1964-cü ildə Konyada anadan olub. Gazi Universitetində bakalavr və magist dərəcəsində təhsil aldıqdan sonra 1993-cü ildə İngiltərə Sussex Universitetində Kompyuter mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. A.Çavuşoğlu 2008-2011-ci illərdə ÖSYM Yürütme Kurulu üzvü, 2008-2014-cü illərdə YÖK Başqanın danışmanı, 2009-2011-ci illərdə Karabük Universitetinin Mühəndislik və Təbiət Elmləri fakültəsinin qurucu dekanı, 2011-2014-ci illərdə Ankara Yıldırım Beyazıt Universitetində rektor yardımçısı, həmçinin universitetin Mühəndislik və Təbiət Elmləri fakültəsinin qurucu dekanı, 2013-2014-cü illərdə TÜBİTAK-da başqan yardımçısı və Bilim Kurulu üzvü, Türkiyə Bakanlar Kurulunun qərarı və Cümhurbaşqanı Recep Tayyip Erdoğanın təsdiqi ilə 2014-2018-ci illərədə YÖK-ün Yürütme Kurulu üzvü, 2017-ci ildə HAVELSAN Yönetim Kurulu başqanı, 2018-ci ildə STM-de (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) danışman vəzifələrində çalışıb. Hazırda “EHSİM”in baş direktorudur.

Azərbaycana tez-tez gəldiyini deyən müsahibimiz öncə onu bildirdi ki, bu, onun 15-ci səfəridir.

Milli və yerli istehsal

Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda minatəmizləmə əməliyytalarında onun rəhbərlik etdiyi şirkətin də özünəməxsus rolu var: “Müharibədən sonra Azərbaycana şirkətimizin istehsalı olan 1 min 700-ə yaxın mina detektoru –  minaaxtaran cihaz satılıb. Bu detektorların xüsusi özəlliyi odur ki, onlar milli və yerli istehsaldır. Yəni yüz faiz Türkiyə istehsalıdır”.

Can Azərbaycana hərtərəfli dəstək vermək üçün burdayıq

“İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində can Azərbaycana istər texnoloji, istərsə də insani dəstək vermək üçün burdayıq” deyən A.Çavuşoğlu qeyd etdi ki, bu detektorlar dünyanın ən keyfiyyətli detektorları ilə müqayisədə önə çıxıb: “Ən sonda burada bir sınaq zamanı dünyanın ən yaxşı detektorları ilə müqayisə aparıldı. Allaha şükür ki, bizim istehsal etdiyimiz avadanlıq hamısından daha üstün oldu”.

Yeri gəlmişkən, şirkətin istehsal etdiyi məhsullar “TEKNOFEST Azərbaycan” Festivalında nümayiş etdirilib: “Biz birbaşa TEKNOFEST-də təmsil olunmasaq da, istehsal etdiyimiz məhsullar orada nümayiş etdirildi. Onu da deyim ki, müdafiə naziri Zakir Həsənov bizim istehsal etdiyimiz detektora baxış keçirib. Çox bəyəniblər. Bu, dünyada minaaxtararn cihazlar içərisində ən həssas cihazdır. Bundan istifadə edən əsgərlər məmnun qalırlar. Türkiyədə də müxtəlif qurumlarımızda 5 minə yaxın bu minaaxtaran cihazdan istifadə edilir”.

Milliləşmiş Türkiyə məhsullarının eynisini gələcəkdə Azərbaycanda da istehsal etmək üçün bir ortaqlıq planının olub-olmamasına gəlincə, müsahibimiz aşağıdakıları bildirdi: “Biz ilk mərhələdə əlimizdəki texnologiyanı məhsul olaraq bura gətirdik. Bundan sonrakı məqsədimiz də istər təhsildə, istərsə də hərbi sahədə reallaşdırılan birgə əməkdaşlıqlarla Türkiyənin bu texnologiyasını bura köçürməkdir. Çünki buranı öz vətənimiz bilirik. Bura bizim ata yurdumuzdur. Ona görə də texnoloji yeniliklərimizi də məmnuniyyətlə bura ilə bölüşürük. Biz bilirik ki, azərbaycanlı qardaşlarımız Türkiyədə çox ciddi sərmayələr qoyublar. Onlar həmin sərmayəni qoyarkən Türkiyəyə xarici bir məmləkət kimi yanaşmırlar. Onlar necə Türkiyəni öz vətənləri kimi görürlərsə, biz də Azərbaycanı elə görürük”.

Gənclər mütləq özlərinə bir hədəf seçsinlər

“30 illik elm adamı olaraq bu TEKNOFEST nəslinə nə tövsiyə edərdiniz” sualına cavab olaraq isə  A.Çavuşoğlu bunu bildirdi: “Tövsiyəm odur ki, öncə özlərinə mütləq bir hədəf seçsinlər. Bizim gənc yaşlarımızda belə TEKNOFEST kimi, digər bu kimi geniş mexanizmlər yox idi. Dolayısı ilə biz dənizə düşüb dənizin içərisində üzməyə çalışaraq yetişdik. Amma Allaha şükür, üzməyi öyrəndik. Lakin bir hədəf ortaya qoyub da bir müəllimin rəhbərliyi ilə inkişaf etmək çox önəmlidir. Mən universitetdə müəllimlik edərkən eyni zamanda ÖSYM Yürütme Kurulu üzvü idim. Həmin vaxt gəncləri universitetə girərkən yönləndirmə nöqtəsində çox fəaliyyətlərim oldu. Gənclər əgər özlərinə bir hədəf müəyyən edə bilərlərsə o hədəfə mütləq çatacaqlar. Amma bir hədəf olmazsa həyat da anlamsız olur”.

O da qeyd edildi ki, hər iki qardaş ölkənin gənclərinin istər Azərbaycanda, istərsə də Türkiyədə ali təhsil almaq imkanları var: “Onu da deyim ki, mən YÖK başqan danışmanlığı edərkən xarici ölkə gənclərinin Türkiyə ali məktəblərində təhsil alması üçün bütün qapıları açdıq”.

23 min azərbaycanlı gənc Türkiyə universitetlərində təhsil alır

Qeyd edildi ki, hazırda Türkiydə 250 min xarici tələbə təhsil alır: “Bunu qürurla söyləyə bilərəm ki, bu tələbələr içərisində Azərbaycandan gələnlər ümumi ölkələr arasında ikinci yerdə dayanır. 23 min azərbaycanlı gənc Türkiyə universitetlərində təhsil alır. Onlar gələcəkdə Türkiyə-Azərbaycan milli sənayesini bərabər inşa edəcəklər. Eyni zamanda elmdən pul qazanmaq üçün deyil, dövlət, xalq üçün, cənab Prezident İlham Əliyevin söylədiyi kimi, türklük üçün istifadə edəcəklər. Biz üzərimizə düşənləri etdik. Bundan sonra sıra gənclərdədir. Onlar da inşallah, uğurla davam edəcəklər”.

Mission News Theme by Compete Themes.