Press "Enter" to skip to content

“İllərdir həyata keçirdiyimiz siyasəti davam etdiririk”

Elvin Hasan

Son yeniləmə: 5 Aprel 2024 11:25

Elvin Hasan: Çünki THP olaraq Quzey Makedoniyanın və türk toplumunun rifahını, xoş gələcəyini düşünürük

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Quzey Makedoniya növbəti mühüm siyasi proses ərəfəsindədir. Belə ki, 2024-cü il aprelin 24-də bu ölkədə prezident seçkisinin birinci turu, mayn 8-də isə ikinci turu keçiriləcək. Həmin gün eyni zamanda parlament seçkisi də keçiriləcək.

Quzey Makedoniyada fəaliyyət göstərən 3 türk partiyası var

Bu arada isə Quzey Makedoniyada bütün diqqətlər partiyalara yönəlib. Məlumat üçün bildirək ki, partiyalar deputatlığa namizəd siyahılarını artıq Dövlət Seçki Komissiyasına təqdim ediblər.

Quzey Makedoniya tarixinin mühüm mərhələlərindən birinə qədəm qoyub

Dövlət Seçki Komissiyası siyahıları aldıqdan sonra namizədlərin tələblərə uyğun olub-olmamasını yoxlayacaq və yekun qərar verəcək. Namizədlərin siyahıları dəqiqləşdirildikdən sonra ən geci aprelin 13-dək isə Dövlət Seçki Komissiyası partiyaların bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma keçirməlidir.
Təbii ki, Quzey Makedoniyadakı seçkilər bizi də maraqlandırır. Çünki bu ölkədə türklər siyasi proseslərdə önəmli rol oynayır.

Bəs, ümumiyyətlə türklər ölkənin siyasi prosesində hansı rolu oynayır?

BAYRAQDAR MEDİA-nın bu sualını cavablandıran Quzey Makedoniyanın sabiq naziri, hazırda informasiya və idarəetmə nazirinin müşaviri və bu ölkədəki Türk Hərəkat Partiyası (THP) Mərkəzi Yönətim Qurulunun üzvü olan Elvin Hasan dedi ki, hazırda bu ölkədə fəaliyyət göstərən 3 türk partiyası var.

Biz müxalifətdə qalmağı da bacaran bir partiyayıq

Onun sözlərinə görə, təmsil olunduğu Türk Hərəkat Partiyasının sabit və inamlı bir duruşu var: “Bəlli prinsip və məqsədlər uğrunda addım atmağa davam edirik. Biz müxalifətdə qalmağı da bacaran bir partiyayıq. Yəni biz heç də “davamlı iqtidarda olaq” amalı ilə yaşamırıq. Mövcud koalisiya tərəfdaşlarımızla birlikdə addım atırıq və qərar qəbul edirik. Amalımız ölkəmiz və burada yaşayan türk soydaşlarımız üçün uğurlu işlər görməkdir”.

THP hər kəsin üz tutduğu inamlı bir ünvandır

Qeyd edilib ki, THP bu istiqamətdə hər kəsin üz tutduğu inamlı bir ünvandır: “Yəni THP olaraq siyasətimizi şəxs və ya qruplar üçün deyil, ölkəmiz və türk soydaşlarımızın maraqlı üçün formalaşdırırıq. Bunu sözə xatirinə demirəm. Fəaliyyətimiz ortadadır”.

Bu, cəmiyyət tərəfindən heç də müsbət qarşılanmır

E.Hasanın sözlərinə görə, digər iki partiyadan biri Türk Demokrat Partiyasıdır (TDT): “Öncə qeyd edim ki, onların addımları cəmiyyət tərəfindən heç də müsbət qarşılanmır. Səbəb isə vahid bir xətti müdafiə etməməsidir. Bir vaxtlar Quzey Makedonoyanın Avropa Birliyinə üzvlüyünə qarşı olan, yaxud da bu prosesi ləngidən qüvvələrlə kolasiyada olan TDP indi sanki “AB sevdalısı” olub”.
E.Hasan deyib ki, TDP-nin “Avropa Cəbhəsi” adlı koalisiyaya qoşulması bu partiyanın AB sevgisindən deyil, “nə olursa-olsun iqtidar olaq” istəyindən irəli gəlir: “Bizim 2016-cı ildə iqtidara girdiyimiz dönəmdəki şüarımız Avropa Birliyinə üzvlük yönündə idi. 2016-cı ildən öncə isə müxalifətdə idik və müxalifətdə olarkən də Quzey Makedoniyanın gələcək inkişafının AB-yə üzvlükdən keçdiyini bəyan edirdik. Lakin biz müxalifətdə bu ideyanın dəstəkləyərkən həmin vaxt Türk Demokrat Partiyası dönəmin milliyyətçi iqtidarı ilə birlikdə idi. Həmin iqtidar isə bizi AB-dən xeyli uzaqlaşdırdı”.

Bu koalisiyada cəm olanların hakimiyyəti dövründə Quzey Makedoniya Avropdan uzaqlaşmışdı

E.Hasanın sözlərinə görə, TDP-nin AB-yə üzvlük yönündə hər hansı dəqiq və qətiyyətli siyasəti olmayıb: “Sadəcə onlar hakimiyyətdə hansı qüvvədirsə o qüvvə ilə eyni cərgədə addımlamaq siyasətini yürüdüblər. Sizə bir misal çəkim. 2016-cı ilə qədər hakimiyyətdə olan və AB-yə üzvülükdən uzaq siyasi qüvvə ilə eyni koalisiyada olan TDT biz hakimiyyətə gələndən sonra bu dəfə də bizim cəbhəyə üz tutaraq, Sosial-Demokratlar Birliyi ilə eyni koalisiyaya daxil oldular. Bunların davasının Avropa deyil, hakimiyyətdə hansı qüvvə olursa-olsun onun yanında görünmək davası olduğunu sübut edən başqa, özü də yeni bir faktı da əlavə edib. Quzey Makedoniyada mayın 8-də keçiriləcək parlament seçkisindən öncə aparılan rəy sorğuları sosial-demokratların aparıcı olduğu koalisiyanın bir az dəstək itkisinə məruz qaldığı ortaya çıxıb. Bunu görən TDP dərhal “Avropa Cəbhəsi” koalisiyasına üzv tutub və hazırda Alban Demokrat Partiyası ilə eyni cəbhədə təmsil olunur. Bu isə heç də birmənalı qarşılanmır. Çünki ilk dəfədir ki, bir türk partiyası alban partiyası ilə eyni koalsiyada təmsil olur. Bu, əslində siyasi assimilyası anlamına gəlir. Bir sözlə, bunların koalisiyasının “Avropa Cəbhəsi” adlandırılması heç də onların əvvəldən Avropaya üztünlük verdiyi anlamına gəlmir. Çünki bu koalisiyada cəm olanların hakimiyyəti dövründə Quzey Makedoniya Avropdan uzaqlaşmışdı. Belə deyək ki, bunlar indi Avropa məsələsi populyar olduğu üçün indi də bundan yararlanıb xalqın səsini almaq istəyirlər”.

E.Hasan deyib ki, Quzey Makedoniyadakı üçüncü türk partiyası isə Türk Milli Birlik Hərəkatıdır ki, o da müxalifətlə birlikdədir: “Yəni onlar da AB əleyhinə olan siyasətə üstünlük veririlər. Biz isə illərdir həyata keçirdiyimiz siyasəti davam etdiririk. Çünki THP olaraq Quzey Makedoniyanın və türk toplumunun rifahını, xoş gələcəyini düşünürük”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.