Press "Enter" to skip to content

Sazın, tarın, sözün adamı ilə söhbət

İbrahim Ağçaylı (ortada) tədbirlərin birində

Son yeniləmə: 3 Oktyabr 2026

Gözəl
Gözəl

BAYRAQDAR MEDİA – Şair, yazıçı, jurnalist, saz və tar ifaçısı… Onun həyatında qələm də var, musiqi də, xatirə də, insan da. Bu dəfə İbrahim Ağçaylı ilə danışırıq…

-Əvvəlcə sizi özünüzdən dinləyək. İbrahim Ağçaylı kimdir?

–Yusif Vəzir Çəmənzəminli deyib ki, insan olmaq o deməkdir ki, hər şeyə cavabdeh olduğunu hiss edəsən. Ailəcanlı, övladcanlı, qohumcanlı, dostcanlı ata, baba, əmi, dayıyam. Bir az qələm əhlindənəm, bir az musiqi adamıyam, bir az təsərrüfatçıyam. İnsanlarla təbəssümlə danışmağı, ünsiyyət qurmağı xoşlayıram. Bu qeyd etdiklərimə məsuliyyətli və cavabdeh olmaq hissini, şükür, Allah mənə unutdurmur. İxtisasım aqronom olduğu üçün — ya bilmirəm, nədən — təbiəti, xüsusilə də təbiətin gəncliyini — yaz fəslini çox sevirəm. Ümumiyyətlə, Allahın yaratdığı bütün varlıqları sevirəm. Yaz fəsli sevgi ilə dolu olur — ağaclar, güllər, çiçəklər, quşlar, kəpənəklər, böcəklər, canlı-cansız nə varsa, biri-birinə “səni sevirəm” deyir. Çünki yaradılanlar Allahın sevgisi ilə yaradılıb. Mənim fikrimcə, yaradılmışları yaradanın xatirinə sevmək insanın Allaha ibadətidir.

Bir də baharı ona görə sevirəm ki…
…Torpaq gülür insanların üzünə,
Göydən yerə nur şəfəqi ələnir.
Elə bil ki, təbiətin özünə
Anaların arzuları çilənir… (“Bahar gəlir” şeirimdən)

Viktor Hüqo isə deyib: “Ey bahar, sən mənim o qıza yazdığım məktubsan”.

-Qədirov, Qürbətoğlu, yoxsa Ağçaylı?

-Çox əvvəllər Ağçaylı ləqəbi ilə yazırdım. Kəndimizin yaxınlığından suları bulaq suyu tək tərtəmiz, ağappaq Ağçay axır. Uşaqlıq çağlarımda uşaqlarla yayda o çayda çimərdim, hətta bir neçə il əvvələdək də gizli-gizli o çayın sularına baş vurardım. Bir gün gedib o çaya bir şeir qoşub halallıq aldım:

Əllərimdən iz qalıb,
Yaddaşımdan söz qalıb.
Ocaq qalardım burda,
Gəldim, bəlkə köz qalıb.

Gəl, halallıq ver mənə,
Adım bağlansın sənə.
Söz qoşum, şeir yazım,
Bənzəsin çəməninə.

Sonralar elə bil mənə ruhən kimsə dedi ki, yazılarını atanın adı ilə imzala. Atam Allaha yaxın adam olub. Müharibə illərində, aclıq dövründə — 1941-1945-ci illərdə vəzifəsi və nüfuzu ilə çox ailəni aclıqdan, həbsdən, hətta bir nəfəri güllələnməkdən qurtarıb. Bir neçəsinin toyunu edib. Bütün kənd bunu bilir, kitabımda da yazmışam. Atam həyatdan köçəcəyini üç gün əvvəl bilirdi. Bizə demişdi. Üç gündən sonra dedi ki, vaxtıma bir saat qalıb, mollanı çağırın. Molla ilə birlikdə Quran oxuya-oxuya gözlərini əbədi yumdu.

Bunları xatırladım və Qürbətoğlu imzası ilə yazılarımı yazdım. Kitabımı çap etdirmək və Azərbaycan Yazıçılar Birliyinə növbədənkənar, iki ay ərzində üzv qəbul olunmağı atamın ruhu xatirinə Allah mənə nəsib etdi.

Türk dünyasının böyük alimlərindən biri deyib: “Mən səni ağlımla sevmirəm, ağlım başımdan çıxar, sənə olan sevgim yoxa çıxar. Mən səni qəlbimlə də sevmirəm, qəlbim durar, sənə olan sevgim də ölər. Mən səni ruhumla sevirəm, ruh isə əbədidir…”

Ata-ana övladını ruhu ilə sevir. Onların ruhu övladlarının başı üzərində dolanır, balalarına duaçıdır. Ata və ananın ruhunu yaxşı əməllərlə sevindirməliyik. Onların ruhunu incitmək olmaz…

-Uşaqlığınızdan, gəncliyinizdən danışarkən kövrəlirsiniz. Səbəb hamının səbəbi ilə eynidir?

-Uşaqlığı, gəncliyi xatırlayarkən, o illərdən söz açarkən duyğulanmaq, kövrəlmək hər bir insana — insanlığa xasdır. Yazarlarda, elm və sənət adamlarında duyğu hissi güclü olduğu üçün onların, məncə, uşaqlığı dəcəl, şirin, gəncliyi çılğın, dadlı, kövrəkliyi də ürəkdən, yanğılı olur.

Səbəblər isə qismən eyni deyil. Hər insan fərqli ömür yaşayır, insanların xasiyyətləri də fərqlidir. Ona görə səbəblər müxtəlifdir.

Allah heç bir balaya göstərməsin, bu həyatda uşaqlığını atasız, anasız keçirənlər var. Gənclik özü də hər adam üçün, ən əsas da sevgi baxımından fərqlidir.

Ömürlər fərqli, xatirələr də, səbəblər də fərqlidir…

-Bütün “İbrahim”ləri tanıyırlar, yoxsa hər kəs sizin başqa bir tərəfinizlə tanışdır?

-Bütün İbrahimləri, təbii ki, kimlərsə tanıyır. Mən İbrahimi tanıyanları iki qrupa bölə bilərəm. Birincilər mənim həyatımda olanlardır — doğmalarım, qohum-əqrəbam, gənclik dostlarım. Bu insanlar məni birinci sualınıza cavabda qeyd etdiyim xüsusiyyətlərimlə tanıyırlar. İkincilər isə məni şeirlərimdən, yazılarımdan, görüşlərdən, bu görüşlərdə olan söhbətlərdən tanıyırlar. Belə bir söz var: “Danış, səni görüm”. Bu tanımalar fərqli olsa da təvazökarlıqdan yayınaraq deyim ki, qazandığım hörmət eynidir…

-Əgər ömrünüz bir kitab olsaydı, hansı fəslini yenidən oxumaq istərdiniz, hansı səhifəsini cırardınız?

-Atam məni ağlım kəsəndən həmişə yanında gəzdirərdi. Deyərdi ki, atı qoş faytona. Mən faytonu qoşardım, məni də faytona mindirib özü ilə aparardı. Dostlarına qonaq gedərdik. Atamın yaxşı dostları vardı: kolxoz sədri, kənd soveti, dəmirçi, nalbənd… Onların bir neçəsinin övladları ilə indinin özündə də yaxşı münasibətim var. Deyirlər, qurd balasını yanında gəzdirər.

Atam sovet dövründə Qayakəndə (Dağıstana) İstisuya gedəndə də məni özü ilə aparardı. O vaxt mənim doqquz yaşım vardı…

Mən anamı çox istəyirdim, çox. Hətta anam dünyasını dəyişəndə yoldaşımdan soruşmuşdular ki, İbrahim anasının ölümünə necə dözdü…

Bir vaxt anamla mən bir-birimizdən bir il üç ay uzaqda qaldıq. Məktub yazırdım, 1980-ci illər idi… Mən qayıdıb gələndə o, xəstəxanada idi. Qardaşım məni onun yatdığı müalicə otağının qapısı yanında saxlayıb, mənim gəldiyimi ona xəbər verdi. Mən içəri girəndə o, çarpayıda oturub mənə necə baxırdı… Məni qucaqlayıb, əllərimi öpə-öpə, əllərimi üzünə toxunduraraq için-için necə ağlayırdı, Allah… O an o görüntü ilahidən idi. Hər dəfə yadıma düşəndə içim yanır…

Ömür kitabımın atam və anamla bağlı fəslini hönkür-hönkür ağlaya-ağlaya oxuyardım, oxuya-oxuya ağlayardım, indiki kimi…

Gümüşü saçlarım başımdan baxır,
Dönüb uşaqlığım yaşımdan baxır.
Analı bir dünyam gözümdən axır,
Asıb kirpiyimdən qara, ağlayır…

-Siz niyə yazırsınız?

-Mən də bütün qələm əhli kimi düşünürəm, fikirləşirəm, gördüklərimi, eşitdiklərimi, təxəyyülümü saatlarla ürəyimin, ağlımın süzgəcindən keçirib yazıram.

Qələm susub mənə baxır,
Vərəq üzümə ağarır.
Arzuların çoxluğundan boğuluram,
Fikirlərin yoxluğundan doğuluram.
Xəyalların, xülyaların içindəyəm,
Yığılmışam, bükülmüşəm.
Çox gülməli biçimdəyəm…
Arana dağ daşıyıram,
Dağa Aran daşıyıram.
İndi bildim,
Düşünəndə, mən yazanda yaşayıram. (“Yaşayıram” şeirimdən)

-Yaşlandıqca verdiyiniz dərslər çoxalıb, yoxsa aldığınız?

–Şeyx Nizami deyib:
“Bilənlər padişahı olsa cavanlar,
Yenə qoca fikrinə ehtiyacı var…”

Təəssüf ki, indiki zəmanədə yaşlı insanın dərsinə qulaq asan çox azdır. Xüsusilə gənclərin əksəriyyəti heç dərsə gəlirlər ki, dərs verək?!

Amma mənim həyatdan aldığım dərslər də çoxdur. Səhvlərim daha çoxdur, xüsusilə də gəncliyimdə ürəyimin diktəsi ilə etdiyim səhvlər.

Ömər Xəyyam deyib:
“Ürəyim mənə bəladır,
Gözlər günah etmiş,
Qəlb mübtəladır.
Gözlər görməsəydi o gözəlləri,
Ürək heç duymazdı,
Bu nə cəfadır.”

Ürəyimin dediklərini etdiyim üçün, yaxşı mənada olsa da, başım çox bəlalar çəkib.

Ağlımla qəlbimi düşmən etmisən,
Ayrılıb özümdən uzaqlaşıram.
Bu sirr nədir, bilmirəm, nədən
Mən səni görəndə uşaqlaşıram…

Bəzən uşaq səhvləri buraxmışam… Bəzən indi də kiçikli-böyüklü səhvlərim olur. Məsələn, bunu etməyəydim gərək, belə deməyəydim gərək, filan yerə getməyəydim gərək…

Elə bu gün səhv etdim: ağlımın sözünə baxmadım, ürəyimin sözünə baxdım. Bir nəfərin xətrinə yetmiş kilometr yol avtomobil idarə etdim, nəticə olmadı, iki saat vaxtım getdi. Halbuki ağlım deyirdi: getmə. Həqiqət budur ki, səhvlərdən dərs alırıq.

Fransız yazıçı Jül Renar deyib: “Ey həyat, getdikcə səni çox sevirəm, getdikcə az başa düşürəm”.

-İllər insanın qələmini dəyişir, yoxsa qələm illər keçdikcə daha dürüst yazmağa başlayır?

-Yaşanan ömür, ixtiyarlıq, zaman, mühit və cəmiyyət qələmin yazdığı məntiqi, mənanı dəyişə bilər. Lakin insanın içindəki əqidə — əgər o varsa — dəyişməzdir. Əqidə insanı insan kimi saxlayan meyardır. Pisliklərdən qoruyan bir əyləcdir. Dağ rəngini dəyişər, yönünü dəyişməz, deyiblər. Əqidə insanın içindəki zirvədir, ora əl çatmır. Həqiqət isə… Doğrudur, bəzən həyatın özündə elə vəziyyət yaranır ki, həqiqəti deyə bilmirsən, yaza da bilmirsən. O zaman susmaq yalan danışmaqdan, ikiüzlülükdən yaxşıdır, vacibdir.

Məhəmməd peyğəmbər (s.ə.s.) bir gün bir kəndə gəlir. Görür ki, bir nəfəri başıaşağı asıblar. Onu qarşılayan kənd camaatından həmin şəxsi niyə belə asdıqlarını soruşur. Deyirlər ki, o, kəndimizin mal-qara oğrusu idi. Nə qədər dedik, eləmə, eşitmədi. Başıaşağı asdıq ki, ağlı başına gəlsin. Allah canını aldı. Bizim nə günahımız var?! Peyğəmbər deyir ki, onu açın, qüsl edin, cənazə namazını qılacağam. Əshabələri deyirlər: “Sən peyğəmbərsən, oğrunun cənazə namazınımı qılacaqsan?!” Peyğəmbər deyir ki, mən əqidəsinə sadiq qalan insanın cənazə namazını qılacağam.

-Sizin nəvənizin də qələmə sarıldığını bilirik. Nəvənizin yazdıqlarında özünüzdən nəsə görürsünüzmü?

-Nəvəm Nihad iki-üç il əvvəl roka, popa aludə olmuşdu. Nihad sözlər yazırdı, uşaqlarla birgə oxuyurdular, hərdən mənə də “qulaq as” deyirdi. Amma yaxşı mənalı sözlər yazırdı. Hətta sosial şəbəkələrdən pul da qazanırdı.

İndi yazdığı şeirlər bəzən qüsurlu olsa da ifadələri baxımından xoşuma gəlir. Anası da çox istedadlıdır, ali təhsillidir, yaxşı səsi də var, yaxşı şeirlər də yazırdı bir vaxtlar… Nihadda anasının və özümün ruhunu görürəm. Allah gözəl, sağlam, mənalı, uzun ömür versin, arzularına çatdırsın. Nihadın Ocaq Düşüncə Mərkəzinin üzvü kimi sizin yanınızda olmağına sevinirəm.

İnsan dahi olar insan yanında,
Dahi adiləşər nadan yanında…

-Bir vaxtlar qəzet səhifəsində oxucuya çatan söz bu gün saniyələr içində minlərlə insana çata bilir. Sizcə, bu sürət sözün dəyərini artırıb, yoxsa məsuliyyətini?

-İnternet və sosial şəbəkələr dünyada baş verən hadisələrdən, yeniliklərdən, xəbərlərdən tez zamanda xəbər tutmaq, oxucu ilə, insanlarla ünsiyyət qurmaq baxımından əvəzsiz vasitədir. Ancaq internet oda, atəşə bənzəyir. Oddan ağılla istifadə ediləndə evləri, yuvaları isidir, yaşayışda, sənayedə, müəssisələrdə ölkənin inkişafına xidmət edir. Lakin oddan düzgün istifadə edilməyəndə hər şeyi yandırır, məhv edir. Bu gün internetdən, sosial şəbəkələrdən sağlam düşüncəliləri kölgədə qoyan, özünü, sözünü bilməyən, milli düşüncədən, əxlaqdan uzaq olanlar da istifadə edirlərsə, nəinki söz, mənəviyyat, elə internetin özü də dəyərini itirir. Azərbaycanda bu gün boşanmaların sayı nikah bağlayanların sayını üstələyib. Bu, bir millət üçün, bir dövlət üçün fəlakətdir. İnsanlar özləri belə hiss etmədən bir-birindən uzaqlaşırlar. Dünyanı sevgi xilas edəcək, o da yoxa çıxır.

Mütəfəkkir, alim, şair Nizami deyib:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?

İnternetin bir əlindən şərbət içirik, bir əlindən zəhər.

-Jurnalistika sizə nə öyrədib ki, ədəbiyyat öyrədə bilməzdi?

İnsanlarla ünsiyyətdə olmaqla, onlarla söhbət etməklə, dinləməklə həyatı, insanları öyrənmək özü bir yazılmamış kitabdır.

Jurnalistika mənə insanları yaxından tanımağı öyrədib. Lakin Quran və insan Allahın sirridir…

Ədəbiyyat mənim düşüncələrimin, fikirlərimin zənginləşməsinə yol açıb.

-Əliniz qələmə, sazın, tarın siminə toxunur. Bəs bunlardan hansı sizə özünüzü daha yaxşı ifadə etməyə imkan verir?

-Qələm və tar. Qəlbim hər ikisinə möhtacdır. Qələm mənim həyatıma daha əvvəl gəlib. Məncə, hamı üçün belədir. Çünki yazmağı biz qələmlə öyrənmişik. Məhəmməd peyğəmbər buyurub ki, biliyinizi yazı ilə möhkəmləndirin. Qələm mənim düşüncələrimi bəyan etmək, onları vərəqlərə, kitablara köçürməklə yaddaşlara hopdurmaq üçün əvəzolunmazdır. Ancaq elə şeylər var ki, onları qələmə almaq olmaz. Qəbirə qədər özünlə aparırsan.

Tar mənim ürək dostumdur

Qələmlə ifadə edə bilmədiklərimi, ən ülvi hisslərimi tara deyirəm. Mən ağlayanda o gülmür.

Atam da, dayım da saz ifaçısı olublar. Azərbaycanın Xalq artisti olmuş Baba Mahmudoğlu — o, filosof idi — deyib: “Allah yer üzünə çoxlu möcüzələr bəxş edib: Qüdsə yüz iyirmi dörd min peyğəmbəri, Misirə piramidaları, türk dünyasına sazı”.

Saz ifaçılığını dayımın dördtelli sazı ilə öyrənmişəm. Sonra necə oldusa, həmin saz sındı. Dayım heç nə deməsə də çox pis olmuşdum. Sonradan tarı öyrənməyə başladım. Müəllimim olmayıb çox təəssüf ki… Dayım aşıq idi. O vaxtlar iki gecə, üç gün keçirilən toylarda camaatın istəyi və təkidi ilə aşıqlarla söz deyişdirərdi. Bəzən digər aşıqlar acıq edib toydan getmək istəyərdilər.

Hindistanlılar deyirlər ki, bu dünyada iki gözəl varlıq var: biri qadın, o biri musiqi. Ana da, bacı da, həyat yoldaşı da qadındır… Allah onları bizim həyatımızda var eləsin.

-“Kişilər ölər, kişilik ölməz”… Sizcə, kişilik ölmür, yoxsa onu yaşadan kişilər olduğu müddətcə yaşayır?

-Buna siz qismən cavab vermisiniz. Kişilər var olduqca həyatda kişilik də ölməyəcək. Böyük yazıçı Əfqan Əskərov “Katib” romanında yazıb: “Bu dünya ağbirçək anaların çiyni üstündə dayanıb. Anam dünyadan köçsə, dünyanın bir tərəfi əyilər”.

Bu gün ağbirçək analar bu dünyadan köçdükcə dünya da bir tərəfə əyilə-əyilə gedir. Yaxşı ki, bu atom dövründə, istər dünyanın o başında, istər bu başında kişilər var. Yoxsa dünya nəinki əyilərdi, məhv olardı. Kişilik də ölərdi.

-İbrahim bəy, illərlə sözün, ədəbiyyatın və mətbuatın içində olmusunuz. Bu gün Ocaq Düşüncə Mərkəzinin üzvü olmaq sizin üçün nə deməkdir?

-Suala cavab verməklə yanaşı, Xaçmazın ədəbi aləmi haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bir neçə il bundan əvvələ qədər Xaçmaz rayonunda sadəcə bir — rəhmətlik şair Murad Qudyalçaylı tərəfindən 65 il öncə yaradılmış “Ulduzlar” Ədəbi Məclisi fəaliyyət göstərirdi. Bu Məclisə son 22 ildə şair Fərzalı Ziyanur sədrlik edirdi. “Ulduzlar” Məclisi müxtəlif səbəblərə, sıxıntılara və narazılıqlara görə daha iki məclisə bölündü. Xudat şəhərində Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Sərrafın sədrliyi ilə “Söz işığında”, Xaçmazda isə şair Böyükağa Ağanın sədrliyi ilə “İlham Çeşməsi” Ədəbi-Elmi məclisləri yaradıldı. Deyirlər ki, hər şey bölünəndə azalır, elm və bilik isə bölünəndə çoxalır. Həqiqətən, bu belədir. Yaradılan hər iki məclis çox qısa müddətdə yazarların toplu kitablarını çap edir, sıralarını artırır, Xaçmazın ədəbi mühitinə töhfələrini verirlər.

“Ulduzlar” Ədəbi Məclisi Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aqşin Dadaşoğlunun baş katibliyi ilə bir ilə qədər fəaliyyət göstərdi. Bir il ərzində Məclis çoxşaxəli tədbirləri ilə tanınmağa başladı. Məclisə Bakıdan qonaqlar dəvət olunurdu. Rayonun mötəbər idarələrinin nümayəndələri, eyni zamanda, peşəsindən asılı olmayaraq istedadlı insanlar, gənc yazarlar bu məclisə üzv oldular. Başqa məclislərin üzvləri də bu məclisdə iştirak edirdilər.

Aqşin Dadaşoğlunun rəhbərlik etdiyi Ocaq Düşüncə Mərkəzinin üzvü olmaq mənə cəmiyyəti sadəcə ədəbi istiqamətdən deyil, yaradıcılığın bütün bucaqlarından görmək şansı verir.

-Ocaqda sizi ən çox cəlb edən nədir: söz, insanlar, söhbətlər, yoxsa birlik hissi?

-Ədəbiyyatın da, mətbuatın da həyatımda öz yeri var.

Ocaq Düşüncə Mərkəzinin üzvü olmaq, toplantılarımızda iştirak etmək, xüsusilə süfrə arxasında, təbiət qoynunda həmkarlarımla — yaşından asılı olmayaraq — üz-üzə xəlqi söhbətlər etmək, şeirlər, fikirlər dinləmək, müzakirələr aparmaq, mərkəzin Ağsaqqallar Şurasının sədri kimi hamıya diqqət və qayğı göstərməklə özümə qarşı hörmət görmək mənim üçün mənəvi aləmdir.

-Və sonuncu sual: öz doğum gününüzdə özünüzü necə təbrik edərdiniz?

-Təbriklər dualarla ifadə edilir. Allahıma hər gün şükür etdiyim kimi, bu gün də mənə verdiyi ömrə, günə, övladlara, nəvələrə, ruzimə görə şükür edirəm. Allahdan təmənna edirəm ki, verdiyi ömrü sağlam yaşamağı mənə nəsib etsin. Nə yaxşı ki, mən Qürbət kişinin oğluyam. Allah atamın ruhu xatirinə məni naümid qoymasın, özündən başqa kimsəyə möhtac etməsin. Amin!

Bu dualarımın həm mənim, həm də bu müsahibəmi oxuyan hər kəs üçün qəbul olunmasını diləyirəm.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.