BAYRAQDAR MEDİA – Pamukkale Universitetində keçirilən “Günorta seminarları” çərçivəsində professor Reşat Ceylan gəlir artımı, ekoloji iz və bərpaolunan enerji arasındakı əlaqəni Hindistan nümunəsində təhlil edib. Seminarda iqtisadiyyat üzrə mütəxəssis tədqiqatın nəticələrini təqdim edib.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, “Gəlir artımı ilk növbədə ekoloji izə, yoxsa bərpaolunan enerjiyə təsir edir? Hindistandan yeni sübutlar” adlı məruzədə gəlir, fosil yanacaq istehlakı, ticarət açıqlığı və şəhərləşmənin uzunmüddətli təsirləri araşdırılıb. Nəticələrə görə, fosil enerji istehlakı ətraf mühitə təzyiqi artırdığı halda, ticarət açıqlığı texnologiyaların yayılması vasitəsilə ekoloji çirklənmənin məhdudlaşdırılmasına və bərpaolunan enerjidən istifadənin genişlənməsinə kömək edir.
Reşat Ceylan Hindistanda bərpaolunan enerji istifadəsində dönüş nöqtəsinə ekoloji deqradasiyanın pik həddinə çatmasından əvvəl nail olunduğunu bildirib. Onun fikrincə, bu nəticə çirklənmə nəzarətdən çıxmazdan əvvəl yaşıl transformasiyaya başlamağın mümkünlüyünü göstərir.
Seminarın sonunda yaşıl maliyyələşmə mexanizmlərinin inkişafı, yaşıl investisiyaların xərclərinin azaldılması və şəhərləşmə prosesində enerji səmərəliliyinə üstünlük verilməsi ilə bağlı təkliflər müzakirə olunub.






İlk şərhi yaza bilərsiniz