Haluk Selvi: Türk dili və ortaq tarix Türk dünyasının birliyini gücləndirəcək
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi 9–12 sentyabr tarixlərində Bakıda Birinci Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Toplulukları Simpoziumu keçirilir. “Altay çalışmalarının dünəni, bu günü və sabahı” mövzusuna həsr olunan beynəlxalq elmi tədbir türkoloji elminin mühüm beynəlxalq platformalarından biri kimi diqqət çəkir. Proqramda Türk dünyasının tarixi, dili, ədəbiyyatı, folkloru, mədəniyyəti, arxeologiyası, etnoqrafiyası və Altay araşdırmalarının müxtəlif istiqamətləri üzrə geniş elmi müzakirələrin aparılması nəzərdə tutulub. Tədbir iştirkaçıları arasında cəmi bir ay öncə vəzifəyə təyin edilən Türk Tarih Kurumunun başqanı Prof. Dr. Haluk Selvi də var. Qeyd edək ki, Prof. Dr. Haluk Selvi BAYRAQDAR MEDİA-ya özəl müsahibə verib. Müsahibəni təqdim edirik:
Bu tarixi bina yüz il sonra yenidən tarixi bir gün yaşayır
-Cənab sədr, ilk növbədə, istərdik ki, bu suala cavab verərsinizn. Birinci Bakı Türkoloji Qurultayı yüz il əvvəl Türk dünyası üçün nəyi ortaya qoydu?
-1926-cı ildə Bakıda, hazırda içərisində olduğumuz bu binada keçirilən Birinci Türkoloji Qurultayda Türkiyədən, Azərbaycandan, Kazandan, Türkmənistandan və Türk dünyasının müxtəlif ölkə və coğrafiyalarından onlarla elm adamı və akademik iştirak edib. Türkiyədən qatılan Mehmet Fuat Köprülü və Əli bəy Hüseynzadə kimi mühüm isimlər burada dil məsələsi ilə bağlı fikirlərini bölüşüblər. Yazı məsələsi ilə bağlı müzakirələr aparıblar və Türk dünyasının ortaq bir yazı ətrafında öz mədəniyyətlərini birləşdirməli olduğunu bildiriblər. Buradakı qurultaydan sonra Türkiyədə 1928-ci ildə həqiqətən də Əlifba İnqilabı həyata keçirildi. Rusiya isə həmin dövrdə bunun türkləri islamdan uzaqlaşdıracağını düşünərək, buna müəyyən mənada sərbəstlik verdi. Lakin 1929-cu ildə Leninin ölümündən və Stalinin hakimiyyətə gəlməsindən sonra Stalin bunun türkləri birləşdirəcək bir cəhd olduğunu gördü. Türklərin eyni dil və yazı ətrafında birləşdiyini anladı. Bu səbəbdən 1930-cu illərdə Türkoloji Qurultayı keçirənlər böyük təqiblərə məruz qaldılar. Türküstan coğrafiyasındakı elm adamları həbs edildi, sürgünə göndərildi və onların bir qismi, təəssüf ki, öldürüldü, şəhid edildi.Onlar Türk dünyasının akademikləri, elm adamları idilər. Türkoloji Qurultay məhz bu baxımdan çox əhəmiyyətli idi.

Biz indi 2026-cı ildə Türküstandan Balkanlara, Afrikadan Hindistana qədər uzanan geniş coğrafiyada yaşayan türklər və Altay topluluqları olaraq həmin toplantının 100-cü ildönümündə bir araya gəlirik. Dil haqqında danışacağıq, türk dilindən danışacağıq. Tarix haqqında danışacağıq, türk tarixindən danışacağıq. Folklordan danışacağıq, türk folklorunu müzakirə edəcəyik. Yüz il əvvəl yaşayanların ruhunu burada yaşatmaq üçün toplaşmışıq.
Onu da deyim ki, Türk Tarix Kurumu sədri kimi mənim də ilk xarici səfərim və ilk xarici proqramım məhz bu oldu. Bizdə bir ənənədir: Türkiyədə hakimiyyətə gələn türk böyükləri ilk səfərlərini Azərbaycana həyata keçirirlər. Mənim üçün də bu tədbir çox gözəl bir fürsət və imkan oldu ki, bu vəzifədə ilk səfərimi məhz qardaş Azərbaycana etdim. Yəni Bakı Türkologiya Qurultayınln 100-cü ildönümndə Altay topluluqları və bu topluluqlarla bağlı araşdırmalarla bir araya gəlmək, bu simpoziumda iştirak etmək mənim üçün böyük məna daşıyır.
Hazırda bu toplantıda dünyanın müxtəlif yerlərindən yüzlərlə akademik iştirak edir. Bu gün burada çox möhtəşəm bir topluluq yaranıb. Beləliklə, bu tarixi bina yüz il sonra yenidən tarixi bir gün yaşayır. Çünki bu gün keçirdiyimiz simpoziumun mövzusu eyni zamanda Altay araşdırmalarının dünəni, bu günü və sabahıdır. Bu baxımdan son dərəcə mənalıdır.
Altay topluluqları eyni zamanda dil birliyi deməkdir
-Cənab sədr, sözlərinizi dinləyərkən mən də məhz buna diqqət çəkmək istəyirdim. Mövzunun Altay olması da ayrıca əhəmiyyət daşıyır…
-Əlbəttə. Altay topluluqları eyni zamanda dil birliyi deməkdir. Biz öz dilimizi müəyyənləşdirərkən nə deyirik? Ural-Altay dil topluluqlarına mənsubuq. Göründüyü kimi, burada dil birliyi yenə də bizim fəaliyyət istiqamətlərimizdən biridir.

Biz dildə əsas birliyin formalaşması baxımından Qazi Mustafa Kamal Atatürkün açdığı yolla getməyə iddialıyıq. Türk Tarih Kurumu da bunun üçün çalışır. Qazi Mustafa Kamal Atatürkün 1931-ci ildə göstərişləri və yardımları ilə yaradılan Türk Tarih Kurumu bütün imkanlarını və resurslarını bu cür çalışmalara yönəldir.
Fateh də bizim atamız və əcdadımızdır, türk oğludur. Yavuz da atamız və əcdadımızdır, türk oğludur. Şah İsmayıl da atamız və əcdadımızdır, türk oğludur
-Bütün bunları qeyd etməklə yanaşı, bu gün Türk dünyasının tarix qurumlarının qarşısında duran əsas hədəf nədir, nə etməliyik?
-İnsanları və topluluqları bir araya gətirən dildir. Millətləri millət edən də dildir. Dildə birlik olmadan tarixdə birlik qura bilmirsiniz. İlk növbədə dil birliyini təmin etməliyik. Təbii ki, hər topluluğun, hər qrupun fərqli şivələri ola bilər. Lakin ortaq dil qurmaq millətlərin özlərinin danışdığı dili aradan qaldırmır. Şivələrini də aradan qaldırmır. Biz bunları qoruyacağıq. Əksinə, Bakı və Şamaxıda danışılan dili qoruyacağıq, amma Bakıda və İstanbulda eyni dildə danışacağıq. Bir-birimizi anlayacağıq. Bu qarşılıqlı anlaşma ortaq tarix ortaya çıxaracaq.
Biz Türkiyə tarixini yazarkən Yavuz Sultan Səlim ilə Şah İsmayılın mübarizəsini də yazırıq. Burada fərqli yanaşmalar ola bilər və onlar bir-biri ilə müharibə etmiş ola bilərlər. Bunlar tarixdə qalıb. Həmin tarix bizim gücümüzü təşkil edəcək. Biz buradan ayrılığa, parçalanmaya getməyəcəyik. Əksinə, buradan birlik quracağıq. Fateh də bizim atamız və əcdadımızdır, türk oğludur. Yavuz da atamız və əcdadımızdır, türk oğludur. Şah İsmayıl da atamız və əcdadımızdır, türk oğludur.
Biz “Nə edə bilərik?” sualı üzərində düşünəcəyik. Tarix kitablarını yazarkən bir-birimizi incitmədən və qırmadan necə bir tarix qura bilərik? Qarşılıqlı şəkildə oturub müzakirə edəcəyik və ortaq tarixi məqamları müəyyənləşdirəcəyik.

Beynəlxalq Türk Akademiyası bunu edir. Hazırda Mustafa sədrin rəhbərliyi ilə çox gözəl işlər görülür. Türkiyə Tarih Kurumu olaraq biz də bir qrup yaratmışıq. Türk dünyasının müxtəlif bölgələrindən gələn tarixçilərimizlə nələr edə biləcəyimizi müzakirə edirik. Nə üçün? Çünki bu gün Avropa Birliyində bir rəsədxana var – Tarix Rəsədxanası. Avropa Birliyi Tarix Rəsədxanası yaradıb və hər il hesabatlar dərc edir. Almaniyadakı tarix kitablarında nədən bəhs olunur? Fransadakı tarix kitablarında nədən bəhs olunur? Dünya tarixində bəlkə də almanlarla fransızlar qədər bir-biri ilə müharibə etmiş, bir-birini bu qədər öldürmüş iki millət yoxdur. Amma onların tarix kitablarına baxırsınız və görürsünüz ki, ortaq maraqlarda, ortaq məqamlarda birləşiblər.
Bizim tariximizdə qardaşlıqdan, dostluqdan başqa nə var ki? Ona görə də oradakı kimi bir rəsədxana, yəni Tarix Rəsədxanası yaratmaq lazımdır. Bu qurum tərəfsiz olmalı, müxtəlif ölkələrdə aparılan bütün tarix araşdırmalarını toplamalıdır. Sonra bunların nələr edə biləcəyini bir heyət müzakirə etməli və dəyərləndirməlidir. Bütün bunlar resurs, enerji tələb edir. Hər şeydən əvvəl işləyəcək akademiklər lazımdır. Bu gün burada toplantıda iştirak edən akademiklər məhz bu ali məqsədə xidmət edir. Biz onları dəstəkləməliyik. Akademik araşdırmaları dəstəkləməliyik. Bizim gələcəyimiz bu araşdırmalardadır, bu kitablardadır, ortaya çıxacaq məruzələrdədir və arxiv sənədlərinin yenidən akademik dövriyyəyə qazandırılmasındadır.
Çalışmaq varsa, uğur var
-Sonda türk gəncliyinə tariximiz və gələcəyimizlə bağlı nə arzulayardınız?
-Qazi Mustafa Kamal Atatürkün belə bir sözü var: Türk gəncliyi tarixdə nə qədər böyük işlər gördüyünü öyrəndikcə, gələcəkdə də böyük işlər görmək əzmi və həvəsi içərisində olacaq. Bizim Türk tariximiz o qədər böyükdür, o qədər böyük uğurlarla doludur ki… Osmanlı tarixində, əlhəmdülillah, 350 il boyunca Osmanlı sülh nizamı (pax ottoman) qurulub. Osmanlı dövləti 622 il ərzində dünya səhnəsində geniş bir coğrafiyada mövcud olub.
Səlcuqlular da belədir, Səfəvilər də belədir. Buxara, Xivə və Hokand xanlıqları… Onların yaratdığı sivilizasiyaya və mədəniyyətə baxdıqda, biz bu gün gələcəkdə də çox böyük işlər görə biləcəyimizi anlayacağıq.
İnşallah, həmin tarixdən bəhrələnərək bugünkü elmi və texnologiyanı kəşf edəcəyik. Çünki onlar gecə-gündüz çalışıblar. Çalışmaq varsa, uğur var. Əks halda, həmin tarixi quru-quruya tərifləmək insanları bir arada saxlaya bilməz.Oturub çalışmaq lazımdır.Gənclərə tövsiyəm intizamlı iş rejimidir.










İlk şərhi yaza bilərsiniz