Türk Dünyası Ağıllı Kənd Təsərrüfatı Əməkdaşlıq Platforması yaradılmalıdır
BAYRAQDAR MEDİA – İqlim dəyişiklikləri, təbii ehtiyatların azalması, su qıtlığı, biomüxtəlifliyin itirilməsi və artan ərzaq tələbatı bu gün kənd təsərrüfatı sektorunun gələcəyini müəyyənləşdirən əsas qlobal çağırışlar sırasında yer alır. Bu problemlər yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə dünyanın, o cümlədən Türk dünyasının qarşısında duran mühüm məsələlərdəndir.
Bu baxımdan Türk dünyası ölkələri mövcud çağırışlara qarşı birgə tədbirlərin görülməsi, ortaq platformalarda məsələlərin müzakirə edilməsi və innovativ həll yollarının hazırlanması istiqamətində əməkdaşlığı daha da gücləndirməlidir.
Avropa Birliyinin Yaşıl Razılaşması, “Tarladan süfrəyə” strategiyası və “Rəqəmsal Avropa” vizyonu çərçivəsində kənd təsərrüfatında rəqəmsal transformasiya və dayanıqlı istehsal modelləri strateji prioritetə çevrilib. Bu proses göstərir ki, kənd təsərrüfatının gələcəyi ənənəvi istehsal üsullarından daha çox texnologiya, məlumat və innovasiya üzərində qurulacaq.
Məhz bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Avropa Birliyinin dəstəyi ilə Türkiyədə Kozan Ticarət Palatasının koordinatorluğu ilə reallaşdırılan “Ətraf mühitin davamlılığı üçün ağıllı kənd təsərrüfatı və sərhədlərarası biznes dialoqu” layihəsidir.
Türkiyə-Yunanıstan sərhədyanı əməkdaşlığı çərçivəsində həyata keçirilən layihə müasir kənd təsərrüfatı texnologiyalarının region fermerlərinə çatdırılmasını, dayanıqlı kənd təsərrüfatı təcrübələrinin inkişaf etdirilməsini və ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
Layihənin rəhbəri, dosent doktor Fatih Çağatay Baz BAYRAQDAR MEDİA-ya bildirib ki, təşəbbüs çərçivəsində Kozan Ticarət Palatası və Larissa Ticarət Palatası ekoloji dayanıqlılığı təşviq etmək, yerli iqtisadi artımı dəstəkləmək və davamlı kənd təsərrüfatı üçün uzunmüddətli tərəfdaşlıqlar yaratmaq məqsədilə texnologiyaya əsaslanan kənd təsərrüfatı həllərindən yararlanırlar.
Onun sözlərinə görə, bu və bu kimi layihələrin müasir texnologiyalardan istifadə edilməklə Türk dünyasını da əhatə edəcək şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Kozan Ticarət Palatasının sədri Mustafa Kandemir isə Türkiyə ilə yanaşı, beynəlxalq müstəvidə də ekoloji dayanıqlılığı əsas götürən, rəqəmsal texnologiyalarla dəstəklənən, innovativ, rəqabətqabiliyyətli və dayanıqlı sərhədyanı ağıllı kənd təsərrüfatı ekosisteminin yaradılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, xüsusilə Türk dünyasını əhatə edən ölkələrin ticarət palataları, universitetləri, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə daim fəaliyyət göstərəcək ortaq platformanın yaradılması zəruridir.
Mustafa Kandemir Türk dünyasında “Ağıllı kənd təsərrüfatının gələcəyi necə formalaşacaq?” sualına cavabında bir sıra mühüm siyasət təklifləri irəli sürüb. Qeyd edilib ki, Türk dünyası ölkələri arasında ortaq layihələrin hazırlanması, texnologiya transferinin asanlaşdırılması, investisiya imkanlarının paylaşılması və uğurlu təcrübələrin digər ölkələrdə tətbiqi üçün vahid əməkdaşlıq platformasının yaradılması məqsədəuyğundur. Belə bir platforma dövlət qurumları, ticarət palataları, universitetlər, fermer təşkilatları, texnologiya şirkətləri və investorlar arasında əlaqələrin daha sistemli şəkildə qurulmasına imkan verə bilər.
Kənd təsərrüfatı müəssisələrində IoT əsaslı sensor sistemləri, dron texnologiyaları, süni intellektlə dəstəklənən qərar qəbuletmə sistemləri, uzaqdan zondlama texnologiyaları və böyük məlumatların analitikası kimi rəqəmsal həllərin tətbiqini təşviq edən ortaq dəstək mexanizmləri yaradılmalıdır. Bu texnologiyalar məhsuldarlığın artırılması ilə yanaşı, su və digər resurslardan daha səmərəli istifadəyə, xəstəliklərin vaxtında müəyyənləşdirilməsinə və istehsal risklərinin azaldılmasına şərait yarada bilər.
Türk dünyasının müxtəlif bölgələrində pilot ərazilərdə fəaliyyət göstərəcək innovasiya mərkəzlərinin yaradılması mühüm nəticələr verə bilər. Bu mərkəzlərdə praktiki təlimlərin keçirilməsi, yeni texnologiyaların nümayiş etdirilməsi, startaplara və sahibkarlara dəstək göstərilməsi, elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi, həmçinin yeni texnologiyaların sınaqdan keçirilməsi üçün xüsusi sahələrin yaradılması nəzərdə tutula bilər.
Kənd təsərrüfatında düzgün qərarların qəbul edilməsi üçün məlumat xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən meteoroloji göstəricilər, su ehtiyatları, torpaq analizləri, xəstəlik və zərərvericilərin monitorinqi, eləcə də iqlim riskləri ilə bağlı məlumatların Türk dünyası ölkələri arasında təhlükəsiz rəqəmsal infrastruktur vasitəsilə paylaşılması təmin edilməlidir.
Belə bir sistem fermerlərə və qərar qəbul edən qurumlara daha dəqiq proqnozlar hazırlamağa və potensial risklərə əvvəlcədən hazırlaşmağa imkan verə bilər.
Su qıtlığının getdikcə daha ciddi problemə çevrildiyi bir dövrdə Türk dünyası ölkələri üçün su ehtiyatlarından səmərəli istifadə xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə sensor əsaslı suvarma sistemləri, avtomatlaşdırılmış suvarma texnologiyaları, yağış sularının idarə olunması və su səmərəliliyi standartlarının tətbiqi genişləndirilməlidir.
Bildirilib ki, Ağıllı kənd təsərrüfatına keçid yalnız texnologiya ilə deyil, maliyyə imkanları ilə də bağlıdır. Bu baxımdan aşağı faizli kreditlər, yaşıl investisiya fondları, karbon maliyyələşməsi, investisiya təşviqləri və beynəlxalq, o cümlədən Avropa İttifaqı fondlarına çıxış imkanları genişləndirilməlidir. Türk dünyası ölkələrinin ortaq maliyyə və investisiya mexanizmləri yaratması bu sahədə böyük layihələrin reallaşdırılmasına əlavə imkanlar aça bilər.
Fermerlər, kiçik və orta sahibkarlıq subyektləri, eləcə də gənc sahibkarlar üçün Türk dünyası ölkələrinin birgə hazırladığı təlim proqramlarının həyata keçirilməsi vacibdir. Bu proqramlar rəqəmsal kənd təsərrüfatı, süni intellekt, dəqiq kənd təsərrüfatı, Kənd Təsərrüfatı 4.0, iqlimə davamlı kənd təsərrüfatı, dayanıqlı istehsal və Yaşıl Razılaşma kimi istiqamətləri əhatə etməlidir.
Qeyd edilib ki, Türk dünyasında kənd təsərrüfatının gələcək inkişafında gənclərin və qadın sahibkarların daha fəal iştirakının təmin edilməsi də mühüm məsələlərdəndir. Bu məqsədlə sürətləndirici proqramların, mentorluq layihələrinin, texnologiya təlimlərinin və startap kapitalı dəstəyinin yaradılması təklif olunur. Həmçinin Türk dünyasında hər il növbəli şəkildə keçiriləcək ağıllı kənd təsərrüfatı və biznes forumları əməkdaşlığın institusional əsaslarını daha da gücləndirə bilər. Belə forumlarda investorlarla sahibkarların görüşləri, B2B danışıqlar, yeni kənd təsərrüfatı texnologiyalarının sərgiləri, startap təqdimatları və biznes əməkdaşlığı imkanları bir araya gətirilə bilər.
Bütün bunlar göstərir ki, Türk dünyası üçün ağıllı kənd təsərrüfatı yalnız kənd təsərrüfatında texnoloji yenilənmə məsələsi deyil. Bu istiqamət eyni zamanda ərzaq təhlükəsizliyi, su ehtiyatlarının qorunması, iqlim dəyişikliklərinə uyğunlaşma, rəqəmsal transformasiya və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər Türk dünyası coğrafiyalarının bu sahədə mövcud imkanlarını bir araya gətirməsi həm regional ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, həm də yeni texnologiyaların daha geniş tətbiqinə mühüm töhfə verə bilər. Əslində, Türk dünyasında ağıllı kənd təsərrüfatının inkişafı ortaq texnologiya, ortaq bilik, ortaq investisiya və ortaq bazar modelinin formalaşdırılması üçün yeni imkanlar yaradır. Bu baxımdan kənd təsərrüfatı gələcəkdə Türk dünyasının inteqrasiyasının mühüm istiqamətlərindən birinə çevrilə bilər.






İlk şərhi yaza bilərsiniz