Kaşif Kozinoğlu dosyesi yenidən açıldı
BAYRAQDAR MEDİA – Türkiyədə MİT Xarici Əməliyyatlar üzrə Başqan müavini Kaşif Kozinoğlunun Silivri həbsxanasında baş verən müəmmalı ölümü ilə bağlı Baş Prokurorluq tərəfindən başladılan araşdırma dərinləşir.
Bu barədə manisahaber.com saytı məlumat yayıb.
Bildirilib ki, Kaşif Kozinoğlunun həbsxanada ölümünə dair istintaq dosyesinə onun həbsxanada yazdığı qeydlər də daxil edilib. Aparılacaq araşdırmanın hadisənin üzərindəki sirr pərdəsini aralayacağı gözlənilir. Ədliyyə naziri Akın Gürlekin “Heç bir faili məlum olmayan dosye qaranlıqda qalmayacaq” göstərişindən sonra Silivri Respublika Baş Prokurorluğunun araşdırmaya başlaması ilə ən azı 15 şübhəlinin ifadəyə çağırılacağı genişmiqyaslı istintaqda mühüm məlumatlar dosyedə ətraflı şəkildə araşdırılmağa başlayıb. Kozinoğlunun saxlanıldığı B-1 korpusunun 4 nömrəli otağında vəfat etməsindən az əvvəl yazdığı və məhkəməyə təqdim etməyi planlaşdırdığı əlyazma qeydlər onun ölümünün arxasındakı sirr pərdəsini aralaya biləcək ən konkret sənədlər kimi iş dosyesinə daxil edilib.
K.Kozinoğlunun öz əl yazısından köçürülən qeydlərdə onun FETÖ-nün qurama məhkəmə işlərindən biri olan OdaTV işi üzrə qəsdən qurban seçildiyini vurğuladığı görünür. O, təqsirləndirilən şəxslərin heç birini tanımadığını və 37 illik peşə fəaliyyəti boyunca bircə jurnalistlə belə əlaqə saxlamadığını bildirərək dəftərinə bu sətirləri yazıb:“Mən MİT-dən seçilmiş günah keçisi kimi bu işdə yer alıram, ciddiyəm. İttihamnaməyə görə, mənim bu cinayəti törətdiyimi göstərən yeganə sübut ‘Kozinoğlu 3’ adlı qovluqdur. Məlum olduğu kimi, rəqəmsal məlumatın üzərinə onu yaradan şəxs tərəfindən istənilən ad verilə bilər. Nəticə etibarilə, sübut xarakteri daşımayan kompüter məlumatında soyadımın keçməsi ilə bağlı iddialar birbaşa mənə qarşı hazırlanmış komplodur.”
Kaşif Kozinoğlu həbsxanadakı qeydlərində Özbəkistandakı FETÖ məktəbləri və ya Sabancı sui-qəsdi ilə hər hansı əlaqəsinin olduğunu qəti şəkildə rədd edib. O, həbsindən əvvəl dövlətin ən yüksək səviyyələrinin məlumatı və göstərişi əsasında Əfqanıstanda vəzifədə olduğunu bildirərək dezinformasiyaya məruz qalmasının əsas səbəblərini açıqlayıb. Xüsusilə MİT ilə əlaqəsi kəsilmiş Mehmet Eymür tərəfindən mediada hədəfə gətirildiyini və fotoşəkillərinin mətbuata sızdırıldığını qeyd edən Kozinoğlunun qeydlərindəki bəzi məqamlar diqqət çəkir: “Bir çox ölkədə kəşfiyyatçıların kimliyini ifşa edənlərə ağır cəzalar verilir. Bizdə isə ifşa etmək, hətta onun fotoşəkillərini çəkmək! Cəza alırlarmı? Xeyr. Heç çəkinmədən Əl-Qaidə təşkilatı ilə bağlı vəzifədə olduğumu açıq şəkildə yazdılar. Məni və bütün ailəmi hədəfə aldılar. Həbs olunduğum tarixdən düz üç gün sonra mediada dərc olunan bəzi yazılardakı məlumatların hamısı həbs olunduğum gün mənə verilən suallar və təxminən 10 ildir Mehmet Eymürün internet saytında yazdıqlarıdır. Mehmet Eymürün dilindən qurularaq təqdim edilib və hamısı uydurmadır.”
Məlumatda deyilir ki, K.Kozinoğlu həbsxanada vəfat etməzdən əvvəl ədalətə vurğu edərək məhkəməyə müraciət edib və məruz qaldığı haqsızlığı bu sözlərlə ifadə edib:“Mən dövlət sevgisi ilə çox sınaqdan keçdim. Ancaq bu işdə mənə qarşı komplo qurmağa çalışanlar hələ sınaqdan keçməyiblər. Həbsxanada yatmaq dövlət vəzifəsidirsə, bunu qəbul edirəm. Lakin komplo sahiblərinin iddiaları ilə məhkəməsiz şəkildə məhv ediləcəksəmsə və ya başqasının cinayətini üzərimə götürməyə məcbur ediləcəmsə, bunu qəbul etməyim mümkün deyil.”
Baş Prokurorluq mənbələri K.Kozinoğlunun qeydlərində irəli sürdüyü “hədəfə gətirilmə” və “komplo” iddiaları ilə həbsxanada baş verdiyi bildirilən səhlənkarlıqlar zəncirinin və zəhərlənmə şübhələrinin bütöv şəkildə qiymətləndiriləcəyini bildirir. Hadisənin arxasında ola biləcək təhrikçilər və vəzifəsini səhlənkarlıqla yerinə yetirən əməkdaşlar da diqqətlə sorğu-suala tutulur.






İlk şərhi yaza bilərsiniz