Press "Enter" to skip to content

Yarımçıq qalan arzunun xoş sonluğu

Ötən illərdən xatirə - rəhmətlik Qənirə xanım parlamentdə bizimlə görüşmüşdü

Yaxud bir atanın yarımçıq qalan arzusu illər sonra övladlarının uğuru ilə tamamlandı 

BAYRAQDAR MEDİA – Dəyərli oxucular, təqdim etdiyim bu yazı həm illər öncə yarımçıq qalmış arzumun övladlarımın timsalında necə reallaşmasından, həm də Azərbaycan–Türkiyə qardaşlığının, Türk dünyasına sevginin, müəllim əməyinin, dost sədaqətinin və mənəvi dəyərlərin bir ömür yoluna çevrilməsindən bəhs edir.

Hər şey bir arzudan başladı

Bəzən insan ömrünün ən böyük sevinci heç də bir diplomun alınması, bir uğurun əldə edilməsi ilə tamamlanmır. Həyatımıza rəng qatan, bizə daha böyük xoşbəxtlik bəxş edən başqa sevinclər də var. Mənim üçün ən böyük sevinc isə illər əvvəl ürəyimdə yarımçıq qalmış bir arzunun illər sonra övladlarımın taleyində gerçəyə çevrildiyini görməkdir.

Artıq qızım Şəmsiyə və oğlum Nihat qardaş Türkiyədə ali təhsillərini uğurla başa vuraraq Vətənə qayıdıblar. Onlar həyatlarının yeni mərhələsinə qədəm qoymağa hazırlaşırlar. Bir ata üçün bundan böyük sevinc təsəvvür etmək çətindir. Amma bu gün mən təkcə övladlarımın qazandığı uğurlardan danışmaq istəmirəm. İstəyirəm bir qədər geriyə – illər öncəyə boylanım, bu günə qədər uzanan yolun haradan başladığını xatırlayım.

Turan Yazgan və qızım Şəmsiyə
Turan Yazgan və qızım Şəmsiyə

Əslində, hər şey Şəmsiyənin orta məktəbə ilk qədəm qoyduğu gündən başladı. Həmin gün ona dediyim bir cümlə bu gün də qulağımda səslənir:“Qızım, yaxşı oxu. İnşallah, bir gün Türkiyədə ali təhsil alacaqsan”

O zaman bu, sadəcə bir atanın arzusu idi. Ancaq inanırdım ki, illər keçəcək və həmin arzu gerçəyə çevriləcək. Özü də bir deyil, iki dəfə – əvvəl Şəmsiyənin, sonra isə Nihatın timsalında.

Bir məktəbin övladlarımın taleyindəki izi

Bu arada xüsusi olaraq qeyd etmək istəyirəm ki, Şəmsiyə də, Nihat da orta təhsillərini Türk dünyasının böyük maarifçi ocaqlarından biri olan Bakı Atatürk Liseyində alıblar. Mən bu gün də hesab edirəm ki, həmin məktəb onlara yalnız dərs keçmədi. Bakı Atatürk Liseyi onlara Vətəni sevməyi, bayrağa hörmət etməyi, Türk dünyasına bağlı olmağı, məsuliyyət hissini və milli-mənəvi dəyərləri öyrətdi.

Yəni Şəmsiyənin və Nihatın şəxsiyyət kimi formalaşmasında, Türk dünyasına sevgi ilə böyüməsində Bakı Atatürk Liseyinin xüsusi yeri var. Bu gün böyük ehtiramla Türk dünyasının görkəmli maarifçisi, mərhum Turan Yazganı yad edirəm. Onun əsasını qoyduğu təhsil ocaqları minlərlə gəncin taleyini dəyişdirdiyi kimi, mənim qızımın və oğlumun həyatında da silinməz iz buraxdı.

Bu yazı vasitəsilə Bakı Atatürk Liseyinin bütün müəllimlərinə bir daha dərin minnətdarlığımı bildirirəm. Onlar Şəmsiyəyə və Nihata yalnız bilik vermədilər. Onlara Vətən sevgisini, Türk dünyası düşüncəsini, məsuliyyəti, əxlaqı və milli kimliyə bağlılığı aşıladılar. Bu gün aramızda olmayan müəllimlərin hər birinə Allahdan rəhmət diləyir, yaşayan müəllimlərimizə isə möhkəm can sağlığı arzulayıram.

Beləliklə, məktəb illərində onlar yalnız dərslərində fərqlənmirdilər. Azərbaycana və ümumilikdə Türk dünyasına həsr olunmuş tədbirlərdə, ictimai layihələrdə, müxtəlif müsabiqələrdə həmişə ön sıralarda yer alırdılar. Mən bunlara baxdıqca anlayırdım ki, övladlarım sadəcə bilik qazanmır, həm də bir amal ətrafında formalaşırlar.

Valideyn üçün bundan böyük xoşbəxtlik ola bilməz. Çünki mən həmişə belə düşünmüşəm: valideyn övladına yalnız çörək verməməlidir. Ona yol göstərməlidir. Həyatda gedəcəyi cığırı açmalıdır. O yolu necə davam etdirmək isə artıq övladın öz zəhmətindən, əxlaqından, iradəsindən və həyat qarşısındakı mövqeyindən asılıdır.

Atanın yarımçıq qalan arzusu

İllər keçdi. Orta məktəb illəri geridə qaldı. Qarşıda isə yeni bir həyat dayanırdı. Nəhayət, gözlədiyimiz gün gəldi. Öncə Şəmsiyə YTB təqaüdünü qazanaraq Türkiyədə ali təhsil almaq imkanı əldə etdi. Bu, sadəcə qızımın uğuru deyildi. Bu, illərlə ürəyimdə yaşatdığım, lakin həyata keçirə bilmədiyim bir arzunun yenidən doğulması idi. Çünki mənim də bir vaxtlar Türkiyədə ali təhsil almaqla bağlı böyük bir arzum olmuşdu… Və həmin arzu uzun illər yarımçıq qalmışdı…

Qızımız Şəmsiyə ilə Denizli Pamukkale Universitetinin önündə
Qızımız Şəmsiyə ilə Denizli Pamukkale Universitetinin önündə

Amma illər sonra Şəmsiyənin YTB təqaüdünü qazandığını eşidəndə bir anlıq xəyala daldım. Mənim yarımçıq qalan arzum artıq qızımın həyatında yeni bir başlanğıca çevrilirdi. Və mən ilk dəfə anladım ki, bəzi arzular insanın öz ömründə deyil, övladlarının taleyində həyata keçir.

Beləliklə, illər əvvəl gedə bilmədiyim yola bu dəfə qızım çıxmışdı. Sonra isə oğlum Nihat da həmin yolu seçdi. Beləcə, bir vaxtlar ürəyimdə qalan arzu övladlarımın taleyində iki dəfə gerçəkləşdi. Bu gün geriyə baxanda anlayıram ki, Allah bəzən insanın dualarını dərhal qəbul etmir. Onları zamanın o tayında, övladlarının taleyində gerçəkləşdirir.

Dostluğun və qardaşlığın izi

Onu da deyim ki, bu yol boyunca bizimlə birgə addımlayan dostlarımız da oldu. Fürsətdən istifadə edib övladlarımın ali təhsil həyatı boyunca ilk gündən yanımızda olan bütün dostlara, o cümlədən Azərbaycanda  dəyərli türkçü qardaşlarım Telman Nüsrətoğlu, Azər Həsrət və Əkbər Qoşalıya, gözəl ürəkli ailə dostumuz Fikrət Əliyevə, xeyirxah iş adamı Seymur Bünyatova, qardaş Türkiyənin dəyərli ziyalıları – TRT-nin Azərbaycandakı nümayəndəliyinin keçmiş rəhbəri Murat Akkoça, Mahmut Ağırmana, Mehmet Yüceyə, Hulusi Kılıça, Cemal Yanğına, Yücel Karauza, Hüseyin Büyükfırata, Eskişehirdəki dostlarımız – Cavid Aydına, Ömər Koşara, Oral Büyüksarıya, Salih Altuna, İbrahim Yıldırıma, Denizlidəki dostlarımız – İslam Güneşə, Sedat Serdaroğluna, Hudaverdi Otaklıya və onların timsalında bizə səmimi qəlbdən dəstək verən bütün şəxslərə ailəmiz adından sonsuz təşəkkür edirəm.

Şəmsiyənin və daha sonra Nihatın Türkiyədə ali təhsil almasına göstərilən dəstəyə görə Türkiyə Cümhuriyyətinə və YTB ailəsinə xüsusi minnətdarlığımızı bildiririk.

Bu gün Şəmsiyənin və Nihatın əlindəki diplomda onların qətiyyəti ilə yanaşı müəllimlərin əməyi, dostların qayğısı, Azərbaycan və Türkiyə dövlətlərinin dəstəyi, ailənin duası və illərlə yaşadılan bir amalın izi var. Məhz buna görə bu uğur Türk dünyasının bir-birinə sahib çıxmasının, “bir millət, iki dövlət” anlayışının həyatda necə yaşadığının ən gözəl nümunələrindən biridir.

Qənirə xanımın əmanəti

Ancaq bu yolda bizə dəstək verən bir şəxs vardı ki, onun haqqında xüsusi olaraq bəhs etmək istəyirəm. Bu uzun yolun sonunda xüsusi ehtiramla xatırlamaq istədiyim şəxs Türk dünyasının fədakar qızı, unudulmaz ziyalısı Qənirə Paşayevadır. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun.

Oğlum Nihatla Eskişehir Osmangazi Universitetinin Turizm fakultəsinin önündə
Oğlum Nihatla Eskişehir Osmangazi Universitetinin Turizm fakultəsinin önündə

Həmin illərdə həm Şəmsiyəni, həm də Nihatı parlamentdə öz otağında qəbul edən Qənirə xanım üzünü onlara tutaraq elə sözlər dedi ki, o sözlər illər keçsə də yaddaşımdan silinmir:“Atanızın zəhmətini yerdə qoymayın. Atanız bu ölkədə öz zəhməti, alın təri və əməyi ilə yolunu açmış insanlardandır. Onun zəhmətini doğruldun”.

Bu sözlər övladlarım üçün sadəcə bir nəsihət deyildi. Bu, onların ömür yoluna işıq tutacaq mənəvi çağırış idi. Amma Qənirə xanım bununla kifayətlənmədi. Əvvəl Denizlidə (Şəmsiyə üçün), sonra isə Eskişehirdə (Nihat üçün) yaşayan dostlarına da xüsusi tapşırıq verdi: “Mənim qardaşımın balası sizin şəhərdə təhsil alacaq, ona lazım olan dəstəyi göstərin. O övlad sizə əmanətdir”.

Qənirə xanım məhz belə bir insan idi. O, insanlar arasında körpülər qururdu. O, dostluğu və qardaşlığı sadəcə sözlə deyil, əməlləri ilə yaşadırdı. Bəlkə də buna görə onun sözləri yaddaşımızda sadəcə xatirə kimi deyil, əmanət kimi yaşayır.

Vətənə dönüş və həyatın yeni xəritəsi

Bu gün Şəmsiyə və Nihat artıq Azərbaycandadır. Türkiyədə keçirdikləri tələbəlik illəri artıq onların həyatında xoş və unudulmaz bir xatirəyə çevrilib. İndi isə qarşılarında daha böyük, daha məsuliyyətli bir yol açılır.

Şəmsiyə akademik təhsil istiqamətində addımlarını davam etdirmək niyyətindədir. Qarşıdakı mərhələdə doktorantura sahəsində özünü sınayacaq. Onun qarşısında yeni bir elm yolu, yeni axtarışlar, yeni üfüqlər açılır.

Nihat isə hərbi xidmətə gedərək Vətən qarşısındakı borcunu yerinə yetirəcək. Daha sonra isə özü üçün həyatın yeni xəritəsini cızacaq, öz yolunu müəyyənləşdirəcək və müstəqil şəkildə addımlayacaq.

Bir valideyn kimi bizim üçün bundan gözəl mənzərə təsəvvür etmək çətindir. Çünki övlad böyütmək yalnız onun ilk addımlarını görmək deyil. Əslində, valideynliyin ən böyük sınağı övladın artıq öz addımlarını atmağa başladığı andır.

Bir vaxtlar əlindən tutduğun övladın indi öz yolunu özü seçir. Sən isə arxasınca baxıb yalnız dua edə bilirsən.
Biz valideynlər olaraq bu gün övladlarımızın arxasınca baxaraq yalnız bir şey arzulayırıq: hansı yolda olurlarsa olsunlar, hansı şəhərdə, hansı ölkədə yaşayırlarsa yaşasınlar, Vətənlərini, torpaqlarını və bayraqlarını heç vaxt unutmasınlar.

Şəmsiyənin məzuniyyət törənindən foto
Şəmsiyənin məzuniyyət törənindən foto

Mən əminəm ki, onlar hər zaman Vətənə, torpağa, bayrağa, o cümlədən Türk dünyasına sadiq olacaqlar. Çünki biz övladlarımızı körpəlikdən bu günə qədər bayraq və Vətən sevgisi ilə böyütmüşük. Onlar Türk dünyası sevdalısı olaraq böyüyüblər. Onların yaddaşında Vətən yalnız doğulduqları torpaq deyil, həm də daşıdıqları bir məsuliyyət, qoruduqları bir dəyər, sevdikləri bir müqəddəslikdir. Ona görə də dünyanın hansı guşəsində olurlarsa olsunlar, onların ürəklərinin bir tərəfi həmişə Azərbaycanda olacaq. Və harada olurlarsa olsunlar, uşaqlıqdan evdə, başlarının üzərində gördükləri, sevgisini qəlblərində daşıdıqları üç bayraq həmişə onlarla olacaq: Azərbaycan, Türkiyə və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin bayraqları.

Mən inanıram ki, ömürlərinin hansı mərhələsində, dünyanın hansı guşəsində olurlarsa olsunlar, bu bayraqlar onların yaddaşında, Vətən sevgisi isə ürəklərində daim yaşayacaq.

Allah Türk dünyasının birliyini daha da gücləndirsin.

Allah bütün övladlarımızı Vətəninə, millətinə və dövlətinə layiqli övlad etsin.

Amin!

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.