BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində “Kiçikhəcmli su nəqliyyatı vasitələrində yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə FHN-in müvafiq qurumlarının, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Bələdiyyəsinin, Daxili İşlər Nazirliyinin yerli struktur bölməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri, kiçikhəcmli gəmi istifadəçiləri və Kür çayının sahilində yerləşən yanalma körpüsü və dayanacaq bazasının məsul şəxsləri iştirak ediblər. Mingəçevir Gənclər Evində keçirilən tədbirdə kiçikhəcmli gəmilərdə və onların dayanacağı üçün nəzərdə tutulmuş bazalarda, yanalma körpülərində yanğın təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışılıb”.
Daha sonra xəbərdə, “tədbirdə kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı ilə bağlı müzakirələr aparılıb, bu tipli su nəqliyyatı vasitələrində baş verə biləcək yanğın hadisələrinin insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda, qeyd edilən sahədə kiçikhəcmli gəmi istifadəçiləri, həmçinin yanalma körpü və dayanacaq bazalarının cavabdeh şəxsləri tərəfindən profilaktik tədbirlərin gücləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb” deyə qeyd olunur.






İlk şərhi yaza bilərsiniz