Press "Enter" to skip to content

Ortaq dil, ortaq mədəniyyət, ortaq sənət və ortaq gələcək

Ömer Yıldız

Ömər Yıldız: Yunus Emre İnstitutu Türk dünyasının nümayəndələrini dünyanın müxtəlif yerlərində bir araya gətirir

BAYRAQDAR MEDİA – Ötən həftə Bakıda səfərdə olan Yunus Emre İnstitutunun başqan yardımçısı Ömer Yıldız BAYRAQDAR MEDİA-ya özəl müsahibə verib. Bir çox maraqlı məqamların əks olunduğu müsahibən i oxuculara təqdim edirik:

-Ömer bey, bəlli olduğu kimi Yunus Emre İnstitutu “Gəlin tanış olalım” şüarı ilə genişmiqyaslı bir fəaliyyətə başladı. Xüsusilə türk coğrafiyasında gözəl işlər həyata keçirirsiniz. Dünyanın hər yerində olduğu kimi, bu baxımdan Azərbaycanla bağlı yaxın gələcəkdə hansı yeniliklər var?

-Təbii ki, Yunus Emre İnstitutu olaraq biz Yunus Emrenin “ “Gəlin tanış olalım” ifadəsini özümüzə şüar seçərək dünyanın dörd bir tərəfinə bir yolçuluğa çıxdıq. Biz bu yolçuluqda Türkiyənin və Türk dünyasının mədəniyyətini, incəsənətini, tarixini, ortaq keçmişini və ortaq gələcəyini insanlara anlatmağı, tanıtmağı özümüzə hədəf seçmişik. Yəni, Yunus Emre İnstitutu fəaliyyətə başladığı gündən etibarən Türk dilinin keşiyində durmaqla yanaşı, müxtəlif coğrafiyalar arasında könül körpüləri qurub, mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın ən etibarlı ünvanlarından birinə çevrilib. Türk dilini öyrətmək, Türk mədəniyyətimini və incəsənətini doğru və keyfiyyətli mənbələrlə dünyaya çatdırmaq bu gün qlobal miqyasda qarşılıqlı anlaşmaya və sülhə xidmət edən müqəddəs bir vəzifə mahiyyəti daşıyır. Yunus Emre İnstitutu Türk dilini, mədəniyyətini və incəsənətini beynəlxalq səviyyədə tanıtmaq istiqamətindəki fəaliyyətlərini daha da inkişaf etdirir. Təbii ki, Türk dünyası bizim üçün xüsusi bir yerə sahibdir. Coğrafiyamızın hər bir nöqtəsində bir ümid, bir gələcək və bir həyat qurmağı özümüzə vəzifə hesab edirik. Azərbaycan da bunlar üçün mühüm yerlərdən biridir. Biz burada, Yunus Emre İnstitutu olaraq, Bakıdakı Yunus Emre Türk Mədəniyyət Mərkəzi adı altında fəaliyyətimizi davam etdiririk. 2026-cı il ərzində bir çox tədbir və fəaliyyət həyata keçirmişik.

-Bu tədbirlərdən bir neçəsini oxucularımız üçün xatırlada bilərsinizmi?

-Əlbəttə. Bakı Türkologiya Qurultayının 100 illiyi münasibətilə dünyanın müxtəlif yerlərindən türkoloqları buraya gətirdik. 100 il əvvəl burada bizə miras qalan türkologiya irsini yenidən canlandırdıq, gələcək nəsillərə anlatdıq və buradakı gənclərlə birlikdə türkologiya ilə bağlı bütün məsələləri müzakirə etdik. Onu da deyim ki, bu tarixlə bağlı başqa bir mühüm addım da atdıq. Məsələ burasındadır ki, həmin vaxt Bakı Türkologiya Qurultayının təşəbbüskarları həmin dövrdə vəsiyyət olaraq Səmərqənddə də bir Türkologiya Qurultayın keçirilməsini planlaşdırmışdılar. Lakin dövrün şərtləri səbəbindən bu, reallaşa bilməmişdi. Biz isə Səmərqənddə də həmin Türkologiya Qurultayını keçirdik və o arzunu, o vəsiyyəti yerinə yetirmiş olduq. Bununla, biz həm də Azərbaycanın, Bakının Türk dünyasına böyük töhfələr verdiyini diqqətə çatdırmış oluruq.

-Yunus Emre İnstitutu həm də Qərbdə də öz müsbət fəaliyyəti ilə fərqlənir…

– Tamamilə doğru buyurursunuz. Əvvəla onu deyim ki, Yunus Emre İnstitutu artıq uzun illərdir dünyanın müxtəlif bölgələrində Amerikadan Asiyaya, Afrikadan Türk dünyasına qədər olan ərazidə, ümumilikdə 80 ölkədəki təmsilçiliklər vasitəsilə məhz bu ülvi dəyərləri aşılayır. İnstitutun fəaliyyəti türkün mənəvi irsində yer alan birlik, səmimiyyət, dostluq, paylaşmaq və birgə yaşamaq fəlsəfəsinə əsaslanır. Beləliklə, dünyanın dörd bir yanında Azərbaycandan, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan dünyanın müxtəlif yerlərinə, o cümələdən Qərb ölkələrinə getmiş soydaşlarımızı da Yunus Emre İnstitutunun çətiri altında birləşdiririk. Bu gün Almaniyada, yaxud Avstriyada və ya Meksikada yaşayan azərbaycanlı soydaşımız da Yunus Emre İnstitutunun sayəsində orada çalışarkən özünə, öz kimliyinə dair nələrsə tapa bilir.

-Bəs, Azərbaycandakı növbəti fəaliyyətlərlə bağlı nələri qeyd edə bilərsiniz?

-Öncə onu deyim ki, biz burada Türk mədəniyyətini, Türk incəsənətini və Türkiyəyə dair hər şeyi Azərbaycanın mədəniyyəti və incəsənəti ilə birləşdirərək, yəni ortaq mədəniyyət və incəsənətimizi birləşdirərək əks etdirmək və yaşatmaq istəyirik. Biz, təbii ki, Azərbaycan xüsusi olaraq bu gün burada daha bir tədbirimizi keçirdik. Tədbirlər silsiləmiz davam edəcək. Bir çox sənətçimizlə burada tədbirlər, fəaliyyətlər həyata keçirəcəyik, konsertlər təşkil edəcəyik. Türk sənətləri ilə bağlı kurslarımız burada davam edir. Oradakı kurslarımıza buradakı vətəndaşlarımız qatılaraq Türk dili ilə bağlı yeni biliklər əldə etməyə davam edə biləcəklər.

Yenə, təbii ki, burada akademik Türk dili təhsili ilə yanaşı, Türk dili üzrə digər təlimlərimiz də davam edir. Universitetlərə müəllimlərimizi göndəririk. Onlar oradakı gənclərə Türk dili təhsili verirlər, akademik Türk dilini öyrədirlər. Təbii ki, Türk dili üzrə yetərlilik imtahanını da Azərbaycanda keçiririk. Buradakı soydaşlarımız həmin imtahana girərək təsdiqlənmiş Türk dili sertifikatlarını əldə edə bilirlər.

Ümumiyyətlə, biz, Yunus Emre İnstitutu olaraq burada belə deyirik: Yunus Emre İnstitutu burada Türkiyənin bir mədəniyyət mərkəzi ola bilər, amma eyni zamanda Azərbaycan üçün, Azərbaycan daxilində yetişmiş və Azərbaycanla bağlı mühüm bir mərkəzdir. Azərbaycandakı bütün soydaşlarımızı Yunus Emre İnstitutunun çətiri altında gözləyirik. Təkcə Türkiyədə deyil, dünyanın dörd bir tərəfinə getdikləri zaman Yunus Emrənin loqosunu gördükləri hər yer onların evidir.

-Bu bir həqiqətdir ki, biz bir-birimizi nə qədər çox tanısaq da, hələ də bir-birimizi tam tanımırıq. Bu baxımdan gələcəkdə gənclər üçün ortaq mədəniyyət düşərgələrinin yaradılması mümkün ola bilərmi?

-Təbii ki, xüsusilə gənclər üçün ortaq mədəniyyət düşərgələri məsələsinə belə yanaşmaq olar. Biz Yunus Emre İnstitutu olaraq yay məktəbləri çərçivəsində dünyanın müxtəlif yerlərində Türk dili təhsili almış gəncləri Türkiyədə bir araya gətirir, onları qonaq edirik. Bununla da beynəlxalq səviyyədə onların qardaşlığını və birliyini təmin etməyə, qarşılıqlı tanışlıqlarını artırmağa çalışırıq. Mədəniyyət düşərgələri ilə bağlı, əlbəttə, işlər həyata keçirilə bilər. Bununla əlaqədar yalnız Yunus Emre İnstitutu olaraq deyil, bir çox tərəfdaşla birlikdə hərəkət etməyimiz lazımdır. Gənclərin bir-birini tanıması, ortaq gələcək haqqında fikir mübadiləsi aparması, ortaq mədəniyyət elementlərini üzə çıxarması və ortaq sənət anlayışını ortaya qoyması bizim üçün çox vacibdir.

Biz, Yunus Emre İnstitutu olaraq, bunları mədəniyyət akademiyaları vasitəsilə həyata keçiririk. Həmin dövrdə müxtəlif ölkələrdən sənətçiləri Türkiyədə qonaq edirik. Azərbaycandan da sənətçilərimiz gəlir.
Musiqi Akademiyası, Türk Dünyası Musiqi Akademiyası çərçivəsində Azərbaycandan sənətçiləri Türkiyəyə dəvət etdik və bir çox tədbirdə onlarla birlikdə fəaliyyət göstərdik. Təbii ki, həmin akademiyada yalnız Azərbaycandan deyil, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan da sənətçilərimiz iştirak edirdilər. Türkiyədən də sənətçilərimiz var idi.

Ortaq mədəniyyət və sənət anlayışını ortaya qoymaq, Türk Dünyası Musiqi Akademiyası çərçivəsində ortaq musiqi albomu hazırlamaq üçün çox çalışdıq. Bu çalışmaların nəticəsində bir əsər ortaya çıxdı və onun videoklipini də YouTube kanalımızda yayımladıq.

Son olaraq onu deyim ki, biz, Yunus Emre İnstitutu olaraq, ortaq dil, ortaq mədəniyyət, ortaq sənət və ortaq gələcək naminə bir çox layihələrimizi davam etdiririk. Azərbaycan da bu fəaliyyətlərimizdə bizim üçün ən dəyərli tərəfdaşlardan biridir. Azərbaycanla birlikdə nələrsə həyata keçirmək bizi hər zaman xoşbəxt edir, hər zaman qürurlandırır. Buradan Azərbaycan xalqına salamlarımı çatdırıram. Təbii ki, Azərbaycanda bizə dəstəyini əsirgəməyən, başda Prezidentimiz İlham Əliyev cənabları olmaqla, bütün Azərbaycan xalqına çox təşəkkür edirəm. Sağ olsunlar, var olsunlar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.