Press "Enter" to skip to content

Damdan yıxılanın nələr çəkdiyini damdan yıxılan bilər

Nazim Muradov

Nazim Muradov: İstəyirəm ki, Kıbrısdakı həkimlər Azərbaycana gəlib Parkinson xəstələrini müalicə etsinlər

BAYRAQDAR MEDİA – Uzun illərdir Kuzey Kıbrısda yaşayan və fəaliyyət göstərən Nazim Muradov Parkinson xəstəliyi ilə mübarizə aparıb. Xəstəliyin gündəlik həyatına ciddi təsir göstərməsindən sonra KKTC-dəki mütəxəssislərə müraciət edən Nazim Muradov beyin əməliyyatı keçirib və müalicədən sonra səhhətində əhəmiyyətli yaxşılaşma müşahidə olunub. Onun sözlərinə görə, müalicəni həyata keçirən həkimlərin peşəkarlığı və xəstəyə göstərdikləri diqqət onda böyük təəssürat yaradıb. Məhz buna görə Nazim Muradov həmin mütəxəssislərin Azərbaycana dəvət olunmasını və burada Parkinson xəstələrinin müalicəsinə dəstək vermələrini istəyir. O, hesab edir ki, bu cür əməkdaşlıq xəstələrin müalicə üçün xarici ölkələrə getmək zərurətini müəyyən qədər azalda bilər.

Prof. Dr.Tanju Uçar və Nazim Muradov
Prof. Dr.Tanju Uçar və Nazim Muradov

Nazim Muradov BAYRAQDAR MEDİA-ya müsahibəsində həmçinin uzun illər yaşadığı KKTC-dəki ictimai mühit, Kıbrıs türklərinin azərbaycanlılara münasibəti və iki toplum arasında əlaqələr barədə fikirlərini bölüşüb.

-Nazim bəy, əvvəlcə özünüz haqqında qısa məlumat verərdinizmi?

-Mən 1968-ci ildə Ordubadda anadan olmuşam. Orada orta məktəbi bitirdim, hərbi xidmətimi başa vurduqdan sonra isə 1989-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum. Sonra təhsilimi Türkiyədə davam etdirdim. 1999-2003-cü illərdə İzmir şəhərində Ege Universitetində filologiya üzrə doktorantura təhsili aldım və 2003-cü ildə doktoranturanı başa vurdum.

Doç. Dr Ferda Selçuk və Nazim Muradov
Doç. Dr Ferda Selçuk və Nazim Muradov

Daha sonra həmin universitetdə müəllim kimi çalışdım. 2006-cı ildə isə KKTC-yə getdim. Məni Lefkoşa Universitetinə işləməyə dəvət etmişdilər. Əvvəlcə bir aylıq yay məktəbində iştirak etmək üçün getmişdim. Oradakı tələbələr məni bəyəndilər və qalmağımı istədilər. Beləliklə, Kiprdə fəaliyyətimi davam etdirdim.

-Artıq uzun illərdir KKTC-də yaşayırsınız. Bu müddətdə Kıbrıs türklərinin azərbaycanlılara münasibətini necə müşahidə etmisiniz?

-Ümumiyyətlə, Kıbrıs türklərinin azərbaycanlılara münasibəti çox müsbətdir. Azərbaycanla bağlı proseslərə böyük maraq göstərirlər.

-Nazim bəy, Allah sizə can sağlığı versin. Xəstəliyiniz nə zaman müəyyən olundu? Müalicə prosesiniz necə keçdi?

-Çox sağ olun. 2016-cı ildə bizim bir qızımız dünyaya gəldi. Təəssüf ki, doğuş zamanı həkim səhvi nəticəsində qızımızda ağır beyin iflici yarandı. O, yeriyə bilmir və uzun müddət müalicə almasına baxmayaraq, hələ də danışa bilmir. Bundan sonra mənim öz səhhətimlə bağlı da problemlər yarandı. Əvvəlcə həkimlər səbəbi dəqiq müəyyən edə bilmirdilər. Sonradan Parkinson xəstəliyi ola biləcəyi deyildi və hərəkətlərimdə də xəstəliyin əlamətləri özünü göstərməyə başladı. Nəhayət, Parkinsonla bağlı müalicəyə başladıq. 2025-ci il fevralın 21-də bu xəstəliyin müalicəsi məqsədilə beyin əməliyyatı keçirdim.

-Əməliyyat necə keçdi?

-Əməliyyat zamanı beynin müəyyən nahiyələrinə müdaxilə edilir və dopaminin tənzimlənməsinə kömək olunur. Əməliyyat çox uğurlu keçdi. Əvvəllər bir neçə dəfə Ankaraya həkimə təcili getməli olurdum. Əməliyyatdan sonra isə rahat şəkildə avtobusa minib gedə bildim. Bu, mənim üçün çox böyük dəyişiklik idi. Əməliyyat komandamın rəhbəri Akdeniz Universiteti (Antalya) Beyin Cərrahiyyəsi bölümü müəllimi, 30 illik beyin cərrahı Prof. Dr.Tanju Uçar idi. Komandada Lefkoşa Dr. Burhan Nalbantoğlu Devlet Hastanesi Başhekim yardımcısı, beyin cərrahı Doç. Dr. Çağın Ozankaya, Lefkoşa Dr. Burhan Nalbantoğlu Hastanesi Nevrologiya şöbəsi doktoru dəyərli Doç. Dr. Ferda Selçuk və digər mütəxəssislər də vardı. Ümumilikdə 12-13 nəfərlik komanda təxminən 6 saat ərzində əməliyyatı həyata keçirdi.

Həkimlərlə xatirə fotosu
Həkimlərlə xatirə fotosu

Əməliyyat Lefkoşa Dövlət Xəstəxanasında keçirildi. Hər şey çox rahat oldu, demək olar ki, heç bir ağrı hiss etmədim. Həkimlər əməliyyatdan əvvəl də, sonra da mənimlə çox yaxından maraqlandılar. Əməliyyatdan sonra bizi yeməyə dəvət etdilər. Birlikdə yemək yedik, şəkillər çəkdirdik. Çox səmimi və xoş münasibət göstərdilər. Mən onlara minnətdaram.

-KKTC-dəki həkimləri Azərbaycandakı Parkinson xəstələrinə də tövsiyə edirsinizmi?

-Bəli, əlbəttə. Hətta istəyərdim ki, həmin həkimlər Azərbaycana gəlib burada da əməliyyatlar həyata keçirsinlər. Belə olarsa, azərbaycanlı soydaşlarımız və vətəndaşlarımız müalicə üçün başqa ölkələrə getmək məcburiyyətində qalmazlar. Mən onları Azərbaycana dəvət etmək istəyirəm. Çünki “damdan yıxılanın halını damdan yıxılan bilər”. Mən bu xəstəlikdən əziyyət çəkən insanların nələr yaşadığını çox yaxşı bilirəm və onlara özüm də yardımçı olmaq istəyirəm. Parkinson xəstəliyindən əziyyət çəkən bütün dəyərli bacı və qardaşlarımıza müraciət etmək istəyirəm. Xüsusilə 60 yaşa qədər olan xəstələr belə müalicə imkanlarından yararlana bilərlər. Mən özüm əməliyyatdan sonra çox böyük dəyişiklik gördüm. İndi özümü əvvəlkindən qat-qat yaxşı hiss edirəm.

Əməliyyat heyəti
Əməliyyat heyəti

İnşallah, Parkinson xəstəliyindən əziyyət çəkən bütün insanlar da sağlamlıqlarına qovuşar və rahat həyat sürərlər. Allah hamıya can sağlığı versin.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.