Sona Polat Bilgin: Yazdıqca sevincim artır, artan sevincimi dostlarımla bölüşürəm
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə, Bursada yaşayan, uşaq ədəbiyyatının sevilən nümayəndələrindən biri və təhsil könüllüsü olan yazıçı Sona Polat Bilginlə tanışlığımız ortaq dostumuz vasitəsilə oldu. Yenə də Bursadan olan dəyərli dostumuz Tennur Türk xanım mənə zəng edərək, “bir dəyərli dostumuz Bakıya gəlir, imkan olsa tanış olsanız çox gözəl olar” dedi. Və beləliklə, bütün varlığı il Atatürk Cümhuriyyətinə bağlı olan Sona xanlmla Bakıda görüşdük. Söhbətimiz o qədər axıcı keçdi ki, bu söhbəti həm də müsahibəyə çevirməyin zərurətini hiss etdik. Beləliklə, onunla müsahibəni oxucularımza təqdim edirik. Suallara keçməzdən öncə isə bildirmk yerinə düşər ki, Ardahanda dünyaya gələn və uşaqlıq illərini yaylaqlarda keçirən Sona Polat Bilgin həyatı boyu topladığı rəngləri və sözləri uşaq ədəbiyyatına çevirib. O, yaratdığı “Yaramaz Çocuk” nəşriyyatı və qələmə aldığı 30-a yaxın uşaq kitabı vasitəsilə yüzlərlə uşağın həyatına toxunub. Ötən müddətdə həyat mübarizəsi və təhsilə verdiyi töhfələrə görə UNESCO-nun Dünya İrs Siyahısının “Alqışlanacaq qadınlar” səhifəsində yer alıb. müxtəlif müsabiqələrdə qazandığı mükafatları və kitablarından əldə etdiyi gəlirləri təhsili yarımçıq qalmış gənclərə və kənd uşaqlarına bağışlayaraq nümunəvi mövqe nümayiş etdirib. Ədəbiyyata və uşaqlara verdiyi töhfələrə görə 2025-ci ildə “Bursa Uşaq Ədəbiyyatına Töhfə” mükafatına layiq görülüb.
Xəyallarını bir-bir hədəfə çevirən və “Çiçekçi Kız” (Gülçü qız) kimi də tanınan, üç uşaq anası yazıçı Sona Polat Bilgin paylaşmağın onu ən çox xoşbəxt edən duyğu olduğunu vurğulayaraq bunları deyib:“Uşaqlar mənim günəşimdir, onlar olmasa, üşüyərəm. Bir uşağın qəlbinə toxunduqca sevincim artır. Qələmə aldığım hekayənin kino vasitəsilə daha çox uşağa və ailəyə çatacaq olmasının həyəcanını və qürurunu yaşayıram”:
Günəşi görə bilmək üçün ölümü belə gözə aldım
-İlk növbədə, oxucularımıza özünüz haqqında məlumat verməyinizi istərdik. Hazırda hansı fəaliyyətlə məşğulsunuz və özünüzü daha çox yazıçı, təhsil könüllüsü, yoxsa uşaq ədəbiyyatının təbliğatçısı kimi təqdim edirsiniz?
-İlk növbədə, Sizə və redaksiyanıza göstərdiyiniz diqqətə və səmimiyyətə görə dərin hörmət və ehtiramımı bildirir, Türkiyədən Azərbaycandakı dostlarıma ən səmimi salamlarımı və ehtiramımı çatdırıram. Mən Ardahan doğumluyam. Kitab oxumağı çox sevməyimə baxmayaraq, orta məktəbin son sinfində təhsili yarımçıq qalmış bir “Kardelen”əm. Buna görə də özümü Kardelen çiçəyinin hekayəsi ilə eyniləşdirirəm. Mən bir Kardelenəm: “Günəşi görə bilmək üçün ölümü belə gözə aldım”.

Formal şəkildə universitet təhsili ala bilmədim. Lakin həyatın qarşıma çıxardığı çətinliklər qarşısında heç vaxt baş əymədim. Arzularımın arxasınca getdim, qələmi əlimdən yerə qoymadım. Bu günə qədər otuza yaxın kitab yazmışam. “Yaramaz Çocuk Yayınları” nəşriyyatını təsis etdim. İbtidai məktəbin üçüncü sinfindən yazmağa başlamışam. Yazdıqca sevincim artır, artan sevincimi qucaqlayıb dostlarımla bölüşürəm. Paylaşmaq hissi qəlbimdəki gözəllikləri daha da çoxaldır. Daxilimdə gözəlliklər artdıqca həyata olan hörmətim də güclənir.
Qəlbim hər zaman sevgidən yana olub. Bütün çətinliklərə baxmayaraq, özümü sevməkdən heç vaxt vaz keçməmişəm. Çünki bilirdim ki, özü ilə barışıq olmayan bir qəlbin heç kimə faydası ola bilməz. Mənə təbəssümünü əsirgəyənlərə isə öz gülüşlərimi bəxş etmişəm.
Sona Polat Bilgin: Onların bir-birinə sarılaraq ağlamalarını heç vaxt unuda bilmirəm
Ənənələrin gözəlliyi ilə böyümüş bir insan kimi “Keçmişinə sahib çıxmayanın gələcəyi olmaz” atalar sözünü özümə həyat prinsipi seçmiş, əcdadlarımın nəsihətlərini rəhbər tutmuşam. İnsan münasibətlərinə, dostluğa hər zaman böyük dəyər vermişəm. Dostluğun böyük sərvət olduğunu unutmamışam. Ailə dəyərlərini bütün gözəlliklərdən üstün tutmuş, ana və həyat yoldaşı olmağın gözəlliyini dərindən mənimsəmişəm. Evimə gələn qonaqları ilk növbədə təbəssümlə qarşılamış, əziz dostlarımla çörəyimi bölüşmüşəm. Həyatım boyu daxilimdəki işıqla yaşadığım anları aydınlatmağa çalışmışam.
Uşaq dedikdə ilk ağlıma gələn “çiçək” olur- Hər biri ayrı rəngdə, hər biri özünəməxsus gözəllikdə və ətirdə
-Uşaqlara və onların dünyasına bu qədər böyük sevginin səbəbi nədir? Uşaqların dünyagörüşünün formalaşmasında ədəbiyyatın rolunu necə qiymətləndirirsiniz və yaradıcılığınız vasitəsilə onlara hansı mənəvi dəyərləri aşılamağa çalışırsınız?
-Təhsilim yarımçıq qalsa da, oxumağa hər zaman böyük əhəmiyyət vermişəm. Maddi imkanlarım daxilində kitablarımı bu imkana malik olmayan uşaqlara hədiyyə etmişəm. Uşaqlar mənim günəşimə çevriliblər. Onları qucaqlaya bilmədiyim zaman özümü üşümüş hiss etmişəm. Uşaq dedikdə ilk ağlıma gələn “çiçək” olur- Hər biri ayrı rəngdə, hər biri özünəməxsus gözəllikdə və ətirdə.
Sona Polat Bilgin: Bakıdakı nəşriyyatlar bizi çox mehriban qarşıladılar
Hər bir insanın qəlbində arzuladığı bir zənginlik var. Mənim isə ömrüm boyu ən böyük arzum uşaqlarla bir araya gəlmək, onlarla oynamaq, onların isti təbəssümləri ilə isinmək olub. Həyatım boyunca yarımçıq qalmış arzularımın arxasınca qaçmışam. Həyat mübarizəm və uşaqların dünyasına toxunmaq istəyim nəzərə alınaraq, 2014-cü ildə Eskişehir Valiliyi və Türk Dünyası qurumlarının birgə təşəbbüsü ilə həyat hekayəm əsasında tamaşa hazırlanıb.

UNESCO-nun “Alqışlanacaq qadınlar” səhifəsində yer almışam. 2025-ci ildə Uşaq Ədəbiyyatına Töhfə mükafatına layiq görülmüşəm. 2026-cı ilin oktyabr ayında Türkiyə miqyasında keçirilən müsabiqədə dil və ifadə xüsusiyyətlərinə görə münsiflər heyətinin mükafatını qazanan “Baharım Ol Gel Baba” kitabım Mədəniyyət Nazirliyinə təqdim edilmiş 150 ssenari arasından ilk onluğa daxil olub. Əsər tammetrajlı Türkiyə filmi kimi ekranlaşdırılmağa layiq görülüb.

Hazırda uşaqların dünyasına fərqli duyğularla toxuna bilmək üçün mütaliə edir, öz üzərimdə çalışıram. Yazı prosesinə hazır olduğumu hiss etdikdə uşaqlar üçün qələmə aldığım hekayələri əvvəlcə gündəliyimə yazır, daha sonra kompüterə köçürürəm. Yazmaq çətin prosesdir. Lakin söhbət uşaqların dünyasına toxunmaqdan gedəndə bu proses zövqlü bir yaradıcılıq fəaliyyətinə çevrilir. Uşaqlar bizim gələcəyimizdir. Buna görə də qələmə aldığımız hər bir cümləni diqqətlə seçməliyik. Çünki uşaqlar süni şəkildə, mexaniki yazılmış duyğuları hiss edirlər. Əsas məsələ çoxlu kitab yazmaq deyil, uşaqların mənəvi dünyasını zənginləşdirən, ona rəng qatan, təxəyyülünü inkişaf etdirən əsərlər ortaya qoymaqdır. Uşaqlara çatdırmaq istədiyim əsas mövzulardan bəziləri ənənələrin gözəlliyini mənimsəmək və onlara dəyər vermək, ailə birliyi, dostluq sevgisi, paylaşmaq duyğusu, ətraf mühitə qarşı həssaslıq və qənaətcillik kimi bir çox müsbət keyfiyyətlərdir. Yazdığım hekayə və şeirlər vasitəsilə bütün bu gözəllikləri uşaqların dünyasına çatdırmaq üçün göstərdiyim səylər sağlamlığım imkan verdiyi müddətdə davam edəcək.
Əcdadlarımız 1800-cü illərdə Qafqazdan Türkiyəyə köçüblər
-Bildiyimizə görə, sizin Qafqaz kökləriniz var. İstərdik ki, bu barədə ətraflı danışasınız. Əcdadlarınız, babalarınız və nəsil şəcərəniz haqqında hansı məlumatlara sahibsiniz?
-Əcdadlarımız 1800-cü illərdə Qafqazdan Türkiyəyə köçüblər. 1991-ci ildə sərhəd qapıları açıldıqdan sonra atamın bibisi Türkiyəyə gəldi. Onların bir-birinə sarılaraq ağlamalarını heç vaxt unuda bilmirəm. İnsanların sevdiklərindən ayrı düşməsinin necə ağrılı bir hiss olduğunu yalnız bunu yaşayanlar anlaya bilər. İstərdim ki, dünyanı sevgi qurşağı bürüsün. Yeganə arzum budur ki, heç kimin qəlbi oddan köynəyə çevrilib yanmasın. Qoy insanların qulağında daim sevginin səsi cingildəsin.
Biz “İki dövlət, bir millət” olaraq sevginin çiçəkli körpüsünü qəlbində yaşadan insanlarıq
-Azərbaycan və Türkiyə arasındakı münasibətlər, xüsusilə də xalqlarımızın qardaşlığı tarixi köklərə və ortaq milli-mənəvi dəyərlərə əsaslanır. Bir ziyalı, yazıçı kimi bu qardaşlığı necə dəyərləndirirsiniz? Sizcə, bu münasibətlərin daha da möhkəmlənməsində mədəniyyət, ədəbiyyat və sənət adamlarının üzərinə hansı vəzifələr düşür?
-Əcdadlarımız necə də gözəl deyiblər: “Qələm qılıncdan itidir”. Biz “İki dövlət, bir millət” olaraq sevginin çiçəkli körpüsünü qəlbində yaşadan insanlarıq. Ədəbiyyat sahəsində də digər istiqamətlərdə olduğu kimi, ortaq dəyərlərimiz kifayət qədər çoxdur. Hər şeydən əvvəl, biz əcdadlarına hörmət edən, duyğularına sahib çıxan, dəyərlərinə qiymət verməyi özünə prinsip seçən, sözü ilə əməli bir olan iki qardaş ölkənin bir-birini sevən və sayan insanlarıyıq. Acımızı bölüşən, sevincimizi artıran qəlblərik. Azərbaycan-Türkiyə qardaşlığı və birliyi dünya var olduqca əbədi davam edəcək.
Azərbaycan ədəbiyyatı kökləri torpağa möhkəm bağlanmış, budaqları ilə günəşi qucaqlayan əzəmətli çinar ağacını xatırladır
-Bir müddət əvvəl Bakıda səfərdə olmusunuz və kitab festivalında iştirak etmisiniz. Bu səfər və festival sizdə hansı təəssüratları yaratdı? Azərbaycan oxucusunun kitaba və ədəbiyyata marağını necə qiymətləndirirsiniz? Bakı səfəri sizin Azərbaycanla bağlı düşüncələrinizdə və gələcək yaradıcılıq planlarınızda hansı yeniliklərə yol açdı?
-“Omes Yayıncılık2 nəşriyyatının dəvəti ilə Bakıya gəldim. Məni əcdadlarımın torpaqlarındakı uşaqlarla görüşdürən Səma müəllimə və onun dəyərli komandasına sonsuz hörmət və ehtiramımı bildirirəm. Ədəbiyyatın isti və doğma çətiri altında qəlbimizi anlayan dostlarla bir arada olmaq böyük zənginlikdir. Azərbaycan ədəbiyyatı kökləri torpağa möhkəm bağlanmış, budaqları ilə günəşi qucaqlayan əzəmətli çinar ağacını xatırladır. Peşəm etibarilə yaxşı müşahidəçi olduğuma inanıram. Bakıdakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı təəssüratlarım və yaşadığım ədəbiyyatla görüşün yaratdığı duyğular uşaqlıq günlərim kimi rəngarəng və isti idi.

Bakıda keçirdiyim hər an xüsusi məna daşıyırdı. Məktəblilərini kitab sərgisinə gətirən müəllimlərin vəzifə məsuliyyəti, şagirdlərinə qarşı diqqəti və bizə göstərdikləri hörmət qəlbimdə xüsusi yer tutdu. Özünü peşəsinə həsr etmiş müəllimləri gördükcə onlara olan hörmətim daha da artdı. Bakıda bir həftə qaldım. Kaş zamanı dayandıra biləydim və ömrümün sonunadək burada qala biləydim. Gecəsi ayrı, gündüzü ayrı gözəl olan bu qədim şəhərdən doymadan ayrılmaq məcburiyyətində qaldım.
Bələdçimiz Samir bəyə də xüsusi təşəkkürümü bildirirəm. Doğulduğu torpaqlara ürəkdən bağlı olan, şüurlu vətəndaşlıq mövqeyi ilə seçilən, həm peşəsinə, həm də əcdadlarının irsinə hörmətlə yanaşan belə dəyərli bir insanı tanımaq Bakı səfərimə xüsusi məna qatdı. Bəzi insanların peşə əxlaqı maddi maraqlardan daha üstündür. Bakıda bələdçilik edən Samir bəy də məhz belə insanlardan biridir.
Həmçinin Hədəf Şirkətlər Qrupunun qurucusu Şəmil Sadiq bəyə də diqqətinə, bizə gösətərdiyi qonaqpərvərliyə görə təşəkkür edirəm.
Azərbaycanlı əziz dostlarımın qəlbimdəki yeri uşaqlığım qədər qiymətlidir. Yeganə arzum qəlbimi qoyub gəldiyim Bakıya yenidən qayıtmaq, isti baxışlarını qəlbimdə qoruduğum günəşim olan uşaqlarla görüşmək və onları bir daha qucaqlamaqdır.
Ən böyük arzularımdan biri…
-Məlum olduğu qədər, Azərbaycanı özünüz üçün ikinci vətən hesab edir və burada da yaradıcılıq fəaliyyətinizi genişləndirmək, kitablarınızı tanıtmaq, nəşr etdirmək və Azərbaycan oxucularına çatdırmaq arzusundasınız. Bu istiqamətdə konkret planlarınız varmı? Azərbaycan nəşriyyatları, ədəbi qurumlar və mədəniyyət təşkilatları ilə əməkdaşlıq imkanlarını necə görürsünüz? Sonda Azərbaycanlı bacı-qardaşlarınıza, oxucularınıza hansı mesajı çatdırmaq istərdiniz?
– Azərbaycan ana qucağı kimi isti və güvənlidir. Bakıdakı nəşriyyatlar bizi çox mehriban qarşıladılar. Onların hər biri müəllifləri səmimiyyətlə dinləyərək kitablarımızın Azərbaycan dilinə tərcümə olunması ilə bağlı fikir və istəklərimizi ən qısa zamanda dəyərləndirəcəklərini bildirdilər. Bizə əlaqə məlumatlarını da təqdim etdilər. Ən böyük arzularımdan biri uşaq kitablarımdan bir neçəsinin kimliyimizin və mənəvi varlığımızın ifadəsi olan Azərbaycan dilinə tərcümə edilməsi, əcdadlarımdan yadigar qalan bu torpaqlarda imza günlərinin təşkili və gülərüzlü uşaqlarla görüşməkdir.

Bundan başqa, Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoymuş, gələcəyimiz olan uşaqlar üçün məktəblər açaraq təhsil və təlim prosesinə təmənnasız töhfələr verən yazıçı Şəmil bəylə tanış olmaq da mənim üçün xüsusi əhəmiyyət daşıdı. Onun nəzakətli dəvəti ilə qonaq olmaq, xoş münasibət və təbəssümlə yola salınmaq Bakı səfərimdə yaşadığım ən mənalı anlardan biri oldu.
Ədəbiyyatı duyğuları ilə qucaqlayan, keçmişi ilə fəxr edən və gələcəyini qoruyan qardaş Azərbaycanımıza Türkiyədən ən səmimi sevgilərimi və sonsuz hörmətimi göndərirəm. Ən qısa zamanda gözəl Bakıda imza günlərində görüşmək arzusu ilə!










İlk şərhi yaza bilərsiniz