Press "Enter" to skip to content

“Ortaq irs: Türk xalçası” beynəlxalq simpoziumu olacaq

“Ortaq irs: Türk xalçası” beynəlxalq simpoziumu olacaq

BAYRAQDAR MEDİA – 2026-cı il noyabrın 23–24-də Azərbaycan Milli Xalça Muzeyində (AMXM) görkəmli xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Ortaq irs: Türk xalçası” adlı beynəlxalq simpozium keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, AMXM və Türkiyənin Mərmərə Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq simpozium türk xalqlarının zəngin xalçaçılıq irsinin araşdırılması, ortaq mədəni dəyərlərin təbliği və bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanı təmsil edən 20-dən çox alim, tədqiqatçı və muzey mütəxəssisinin iştirakı nəzərdə tutulur. İki gün davam edəcək simpozium çərçivəsində beş elmi sessiya təşkil olunacaq. Sessiyalarda türk xalça sənətinin konseptual və simvolik dünyası, L.Kərimovun elmi və bədii irsi, muzey kolleksiyaları, Mərkəzi Asiya və Anadolu toxuculuq ənənələri, eləcə də xalçaçılıqda dizayn və rəqəmsal texnologiyaların tətbiqi kimi aktual mövzular müzakirə ediləcək”.

Daha sonra xəbərdə, “elmi müzakirələrlə yanaşı, simpoziumun proqramında “Xalq rəssamı Lətif Kərimov – 120” adlı sərginin açılışı, iştirakçıların AMXM-in ekspozisiyası ilə tanışlığı və mədəni proqram da yer alır. Mədəni proqram çərçivəsində Qaziantep gənclər qrupunun ifasında konsert təqdim olunacaq. Beynəlxalq simpozium “Türk xalçasının gələcək perspektivləri” mövzusunda dəyirmi masa və tədbirin rəsmi bağlanış mərasimi ilə yekunlaşacaq. Simpozium türk xalqlarının ortaq toxuculuq ənənələrinin elmi müstəvidə araşdırılmasına, xalça sənətinin zəngin irsinin beynəlxalq səviyyədə tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verməyi hədəfləyir” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.