Press "Enter" to skip to content

Türk filmləri həftəliyi Azərbaycana gəlir

Açılış törənindən görüntü

Son yeniləmə: 18 İyun 2022 12:54

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, qardaş Qırğızıstanda iyunun 16-da türk filmləri həftəliyi başlayıb.

Bişkekdə türk filmləri həftəliyi başlayıb

Bayraqdar.info-nun Orta Asiya üzrə media tərəfdaşı Golden Bridge News-un verdiyi xəbərə görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin töhfəsi, bu ölkənin Bişkekdəki səfirliyi və Yerli Düşüncə Dərnəyinin dəstəyi ilə təşkil olunan “6-cı Türk Filmləri Həftəliyi”nin açılış mərasimi olub.

Tədbirin açılışında Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Camankulov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Türkiyənin Bişkekdəki səfiri Ahmet Sadık Doğan, Türkiyə Böyük Millət Məclisinin AK Partiyadan millət vəkili, Yerli Düşüncə Dərnəyinin başqanı Metin Gündoğdu iştirak edib.

Kinosevərlərin iştirakı ilə keçirilən tədbirdə “İddia” filminin aktyorları Serdar DenizDilek Özgür, Diriliş ErtuğrulKuruluş Osman filmlərinin aktyoru Celal Al (Abdurahman Alp və Abdurahman Gazi), Qoz ağacı filminin rejissoru Faysal Soysal və başqaları iştirak edib.

Açılış nitqi ilə çıxış edən A.Camankulov Türkiyənin kino və serial sənayesində “dünyanın aparıcı ölkələrindən birinə çevrildiyini” vurğulayıb. Həftəliyin Qırğızıstan və Türkiyə arasında mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətli bir hadisə olduğunu bildirən nazir, “qırğız və türk eyni millət, eyni xalqdır. Dinimiz, dilimiz birdir. Biz belə bir tədbirin olmasını daim istəyirik” deyib.

A.M.Demircan isə çıxışında bildirib ki, türk filmləri və serialları dünyanın 152 ölkəsində nümayiş etdirilir və sevilir.

M.Gündoğdu da bu il Bişkekdə keçirdikləri “6-cı Türk Filmləri Həftəliyi” tədbirinə göstərdikləri dəstəyə görə iki ölkə hökumətinə təşəkkür edib.

Açılış çıxışlarından sonra A.Camankulov A.M.Demircana iki ölkə xalqları arasında mədəni əlaqələrdə xidmətlərinə görə Nazirliyin “Ən yaxşı mədəniyyət adamı” mükafatını təqdim edib.

Açılış törənindən görüntü
Açılış törənindən görüntü

Bundan əlavə, A.Camankulov M.Gündoğdunu Nazirliyin təşəkkür diplomu ilə təltif edib.

Tədbirin koordinatoru, tanınmış kino-rejissor Öner Kılıçın verdiyi məlumata görə, türk filmləri həftəsində sıra Özbəkistanındır.

Öner Kılıç
Öner Kılıç

“Bu ilin payızında isə Azərbaycan türk filmləri həftəsinə ev sahibliyi edəcək. Məşhur aktyorlarla, serialların qəhrəmanları ilə can Azərbaycanda olacağıq. Noyabr ayında Azərbaycan rejissor və aktyorlarının da yer alacağı 2-ci Qorqud Ata kinofestivalını Bursa şəhərində gerçəkləşdirəcəyik”, – deyə Ö.Kılıç bildirib.

Qeyd edək ki, Qırğızıstandakı həftəlik iyunun 20-də başa çatacaq.

Mission News Theme by Compete Themes.