Press "Enter" to skip to content

Laçın da erməni vandalizminin qurbanı olub

Vüqar İskəndərov

Son yeniləmə: 23 Sentyabr 2022 17:29

Vüqar İskəndərov: Azərbaycan dövləti qısa zaman ərzində digər işğaldan azad edilmiş rayon və şəhərlərdə olduğu kimi, Laçında da genişmiqyaslı quruculuq-abadlıq işləri aparacaq

BAYRAQDAR MEDİA – “Ermənilər işğal dövründə Laçında da misilsiz vəhşiliklər törədiblər. Ötən əsrin 90-cı illərində azərbaycanlı məcburi köçkünlər o torpaqlardan zorla çıxarılarkən onlar heç bir obyektə, evlərinə zərrə qədər də ziyan vurmamışdılar. Amma erməni işğalçıları bilirdilər ki, burada onlar müvəqqətidir. Ona görə işğal etdikləri Azərbaycan rayonlarının heç birində, o cümlədən Laçında normal bir tikinti quraşdırma işləri aparmamışdılar”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputatın sözlərinə görə, Laçında törədilən vəhşiliklər ermənilərin nəyə qadir olduğunu bir daha bütün dünyaya nümayiş etdirib: “Prezident İlham Əliyevin sentyabrın 21-də Laçına səfəri zamanı bəyan etdiyi kimi Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Lakin bu da son deyil. Dövlət başçısının da vurğuladığı kimi, bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər”.

V.İskəndərov bildirib ki, artıq Laçın azaddır və Azərbaycan dövləti qısa zaman ərzində digər işğaldan azad edilmiş rayon və şəhərlərdə olduğu kimi, Laçında da genişmiqyaslı quruculuq-abadlıq işləri aparacaq: “Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, ilk növbədə, yenidən qurulacaq. Dövlət başçısının əminliklə bəyan etdiyi kimi biz buna tez bir zamanda nail olacağıq. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində görülən işlər – genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, Azərbaycan bu doğma yerləri öz hesabına bərpa edir və bunu eyni qətiyyətlə davam etdirmək əzmindədir”.

Deputat onu da əlavə edib ki, Laçın şəhəri kimi strateji şəhərin bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin böyük xidməti və siyasi-diplomatik qələbəsidir: “Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Cənab Prezidentin Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə qaldırdığı Azərbaycan Bayrağı orada əbədi dalğalanacaqdır. Bir sözlə, bizim bütün şanlı Vətən müharibəmiz şanlı tariximizdir”.

Mission News Theme by Compete Themes.