Press "Enter" to skip to content

Bu aksiya bir çox məsələlərə işıq saldı

Vüqar İskəndərov

Son yeniləmə: 21 Dekabr 2022 12:26

Vüqar İskəndərov: Artıq hər kəsə bəlli oldu ki, bu ərazilərə terrorçular və Ruben Vardanyan total nəzarət tətbiq edir

BAYRAQDAR MEDİA – “Vətəndaş cəmiyyəti nümayəndələri və media təmsilçiləri artıq onuncu gündür ki, Laçın-Xankəndi yolunda dinc aksiya keçirir. Onlar ölkəmizin ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarında erməni cinayətkarlar tərəfindən ekoloji terrorun törədilməsinə, həmçinin təbii sərvətlərimizin qanunsuz istismarına etiraz edirlər”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bir sıra məqamlarla fərqlənən bu aksiya eyni zamanda bəzi mətləblərə də aydınlıq gətirdi: “Məqamlardan birincisi odur ki, Azərbaycanın qeyri-hökumət təşkilatları dövlətin və xalqın yanında olduqlarını nümayiş etdirir. Bu aksiya zamanı, həmçinin, QHT-lər milli məsələlərdə təşəbbüsü ələ alaraq, flaqman rolunu öz üzərilərinə götürmək qabiliyyətini də sərgiləyir. Yəni bu aksiya Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdiyini və yüksək fəallığını göstərdi. Dövlət və xalq üçün lazım olan anda vətəndaş cəmiyyəti bir yumruq kimi birləşə, milli maraqlarımızın müdafiəsinə qalxmağı bacara bildiyini ortaya qoydu. Digər tərəfdən bu dinc aksiya Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının sülhsevər, insanlığa xidmət edən qurumlar olması gerçəkliyini üzə çıxardı”.

Deputat qeyd edib ki, sadalanan iki məqam ilk növbədə Azərbaycanda QHT sektorunda aparılan islahatların nəticəsidir: “Aparılan bu islahatlar, vətəndaş cəmiyyətinin inkişafı üçün ardıcıl dövlət dəstəyinin olması, o cümlədən son illərdə QHT sektorunda qrant siyasətində şəffaflığın təmin edilməsinin nəticəsidir ki, bu gün qeyri-hökumət təşkilatları ölkəmizdə milli əhəmiyyətli məsələlərdə vacib rol oynamaqdadır”.

V.İskəndərov bildirib ki, aksiya ermənilərin yaşadığı və sülhməramlıların nəzarətində olan ərazidə mövcud duruma da işıq saldı: “Artıq hər kəsə bəlli oldu ki, bu ərazilərə terrorçular və Ruben Vardanyan total nəzarət tətbiq edir. Onun məqsədi beynəlxalq ictimaiyyətə vəziyyəti maksimum fəlakət həddində nümayiş etdirmək və bununla da Azərbaycana təzyiqə nail olmaqdır. Məqsədlərini reallaşdırmaq üçün R.Vardanyan mülki əhalinin hərəkətinə imkan vermir, hətta xəstələrin belə ərazini tərk etməsini əngəlləyir. Bu, orada yaşayan sadə ermənilərin R.Vardanyanın və terrorçuların girovuna çevrildiyinin əyani sübutudur. Elə Qarabağdan gələn son məlumatlar da göstərir ki, orada yaşayan erməni əhali R.Vardanyanın tətbiq etdiyi sərt nəzarətdən narazıdır. Artıq insanlar onun idarəçiliyini qəbul etmədiyini dilə gətirir və vəziyyətin sabitləşməsi üçün çıxış yolunu onun getməsində görürlər”.

Deputatın sözlərinə görə, bu da təsadüfi deyil: “Çünki orada hamı başa düşür ki, iş adamı və çirkli biznesdə adı keçən R.Vardanyanın əsas məqsədi varlanmaq, öz imkanlarını genişləndirməkdir. O, Qarabağda yaşayan ermənilərin əsas gəlir sahələrini də öz nəzarətinə keçirir”.

Mission News Theme by Compete Themes.