Press "Enter" to skip to content

Ermənilərin özünüifşası Vikipediyada

Xəyalə Məmmədli

Son yeniləmə: 31 Mart 2023 19:35

Ermənilərin öz dilləri ilə etiraf etdikləri vəhşətlərin dünyaya tanıdılmasında rol oynayan sənəd: “Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur” məruzəsi

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada “Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur” hesabat xarakterli məruzəsi haqqında məqalə yaradıb.

Ermənilərin tarixdən silmək istədikləri, onların öz dilindən məkrli işğalçı siyasətini ortaya qoyan yeganə tarixi sənəd haqqında Xəyalə Məmmədli BAYRAQDAR MEDİA-ya müsahibə verib.

-Xəyalə xanım, bu sənədi necə əldə etdiniz və sənəddə adı çəkilən Hovannes Kaçaznuni kim idi?

-Sənədə Türkiyənin tanınmış tarixçisi Mehmet Perinçekin yazılarında rast gəldim və araşdırıb türk dilindəki PDF formatını əldə etdim. Sənədlə tanış olub, oxuduqca məndə o haqda məqalə yaratmaq zərurəti formalaşdı və Vikipediyada “Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur (hesabat)” adlı məqalə yaratdım. Qeyd edim ki, Hovannes Kaçaznuni 1918-ci ildə qurulan Ermənistan hökumətinin ilk baş naziri və 1923-cü ildə “Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur” hesabatını nəşr etdirən sözügedən partiyanın liderlərindən biri idi.

-Məruzənin mahiyyəti və tarixi əhəmiyyəti nə idi?

-Bu, Ermənistan Demokratik Respublikasının ilk baş naziri olmuş Hovannes Kaçaznuninin 1923-cü ildə Buxarestdə, Daşnaksütyun partiyasının qurultayında SSRİ və Avropa nümayəndələrinin qarşısında, Paris Konfransına təqdim etdiyi 128 səhifəlik, partiyanın keçmişi ilə kəskin hesablaşma və özünütənqid səciyyəsi daşıyan hesabat idi. Bu özünütənqid hesabatı, əslində, bir etiraf idi. H.Kaçaznuni çəkilən əziyyətlərdən Daşnaksütyun partiyasının məsul olduğunu vicdanla və səmimiyyətlə etiraf edirdi. Məruzənin sonunda Daşnaksütyunun dağıdılması və siyasi arenadan çəkilməsini israrla müdafiə edən baş nazirin son cümləsi məhz bu notlara kökləndi: “Bəli, intihar etməyi təklif edirəm, partiya özünü ləğv etməlidir”.

-Məruzənin nəşrləri haqqında bizə nə məlumdur və bu hesabat kim tərəfindən üzə çıxarılaraq ermənilərin öz dilləri ilə etiraf etdikləri vəhşətlərin dünyaya tanıdılmasında rol oynayıb?

-1923-cü ildə erməni dilində nəşr olunmuş məruzə dörd il sonra – 1927-ci ildə rus dilinə tərcümə edilərək “ibrəti aləm” olması məqsədi ilə Tiflisdə 2 min nüsxə ilə çap edilib. Məruzənin ingilis dilində nəşri 1955-ci ildə “The Armenian Revolutionary Federation (Dashnaksoution) Has Nothing To Do Any More” başlığı ilə “Armenian Information Service” (Erməni İnformasiya Xidməti) tərəfindən Nyu-Yorkda nəşr olunub. Ancaq dərc olunmuş bu nəşrdə xeyli təhriflərə yol verilib. Məruzə bu gün kitab halında Nyu York Mərkəzi Kitabxanasında hələ də saxlanılır. Onu da deyim ki, kitabın içində də “Ermənistanda ilk erməni baş nazirinin bu tarixi məruzəsi qadağan edilmişdir” ifadəsi qeyd olunub. Həm də nəşrin Avropanın bir çox tanınmış kitabxanalarından ermənilər tərəfindən yığışdırıldığı da məlumdur. Mənim Vikipediyada “Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur (hesabat)” adlı yaratdığım məqalədə daha ətraflı şəkildə bu haqda məlumat yer alır.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində İstanbul Universitetitnin əməkdaşı Mehmet Perinçek kitabı Moskvadakı Lenin kitabxanasından əldə edib və 2006-cı ildə türk dilinə tərcümə edərək nəşr etdirib. Kitab cəmiyyətdə böyük əks-səda doğurub.

Mission News Theme by Compete Themes.