BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında tarix elmləri doktoru Fəzail Vəliyev və tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın müəllifi olduğu “Qarabağ geyimləri” kitab-kataloqu da var.
Nəşr Prezident yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində çap olunub.
Kitab-kataloqda ilk dəfə olaraq çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan foto-şəkillər əsasında XIX-XX əsrin əvvəllərində Qarabağın tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri əksini tapıb. Burada xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan və geyimləri tamamlayan bəzək elementləri (zərgərlik nümunələri, geyimə band edilən tikmə-hörmə bəzəklər və s.) də kataloqlaşdırılmış, onların elmi dəyəri müəyyən olunub.
Nəşr “Qarabağ bölgəsi əhalisinin geyim mədəniyyətinin tarixinə bir nəzər”, “Qarabağın qadın geyimləri”, “Qarabağın kişi geyimləri”, “Qarabağın uşaq geyimləri”, “Qarabağ geyimlərinin bəzəkləri” və s. kimi bölmələrdən ibarətdir.
Bildirək ki, kitab-kataloqun elmi redaktoru sənətşünaslıq doktoru Sabirə Dünyamalıyeva, rəyçiləri isə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Hacı Qadir Qədirzadə, sənətşünaslıq doktoru Sevil Sadıxova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə İbadovadır.
Qeyd edək ki, kitab-kataloq etnoqrafiya və sənətşünaslıq elmi ilə məşğul olan alim və mütəxəssislər, tarixçilər, bu sahədə ixtisaslaşan magistr, dissertant və doktorantlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.