Press "Enter" to skip to content

AMEA-nın “Elektron Akademiya” şöbəsinin hesabatı dinlənilib

Sözügedən tədbirdən görüntü

BAYRAQDAR MEDİA – AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi tərəfindən görülmüş işlərin hesabatı təqdim edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AMEA Rəyasət Heyətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə giriş sözü ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkə başçısının Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək və müasir dünya elminin çağırışlarını əsas götürərək Akademiyada köklü struktur islahatlarının aparıldığını, informasiya texnologiyalarının geniş tətbiq olunduğu dövrün tələblərinə cavab verən yeni şöbələrin yaradıldığını, mövcud şöbələrin fəaliyyət istiqamətlərinin təkmilləşdirildiyini, həmçinin bir sıra kadr islahatlarının aparıldığını diqqətə çatdırıb, bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. AMEA rəhbəri, həmçinin Akademiyada aparılan elmi-tədqiqat istiqamətlərinin başlıca olaraq ölkə Prezidentinin sərəncamları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğunlaşdırıldığını deyib. Bundan irəli gələrək keçmiş postsovet ölkələrinin Elmlər Akademiyaları arasında ilk dəfə olaraq AMEA-da “Elektron Akademiya” şöbəsinin yaradıldığını bildiyən akademik ötən müddət ərzində Akademiyada elektron informasiya mühitində fəaliyyətin daha da genişləndiyini, rəqəmsal tranformasiyaların sürətləndiyini, artıq elektron hərəkatın başlanıldığını, yeni-yeni istiqamətlərdə bir sıra zəruri addımların atıldığını söyləyib. Akademiya rəhbəri AMEA-nın elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsinin yaradılmasına həsr olunmuş müşavirənin keçirildiyini, elmi müəssisələrin və alimlərin beynəlxalq akademik şəbəkələrdə profillərinin yaradıldığını, elmi nəşrlərin veb saytlarının hazırlandığını, gənc alimlərin, magistrant və doktorantların yaxından iştirakı ilə “Vikipediya” Ensiklopediyasının Azərbaycan dili bölməsində və bir sıra xarici dillər üzrə də fəaliyyətin genişləndirildiyini, AMEA-nın dövri elmi jurnallarında dərc olunan məqalələrə mərkəzləşdirilmiş qaydada DOİ identifikatorunun verilməyə başlandığını vurğulayıb”.

Sonra xəbərdə deyilir ki, “AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov çıxış edərək şöbə tərəfindən görülmüş işlərin hesabatını təqdim edib. İ.Həbibbəylinin tapşırıqları əsasında ötən müddət ərzində şöbənin əməkdaşları tərəfindən 5 veb saytın yaradıldığını, 268 məqaləyə DOİ identifikatorunun verildiyini söyləyib. Həmçinin bildirib ki, “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə keçirilən “Vikipediya” təlimlərinə Akademiyanın elmi müəssisələrinin əməkdaşları cəlb olunub və qısa müddətdə bu virtual məkanda azərbaycanca, eləcə də xarici dillərdə 1300-dən çox məqalə yaradılıb, yaxud redaktə olunub və ya tərcümə edilib. AMEA əməkdaşları tərəfindən “Google scholar”da 625 yeni profilin yaradıldığını, son aylar ərzində əməkdaşların əksəriyyətinin ORCİD və s. İD-yə malik olduğunu, sosial şəbəkələrdə də yeni profillərin yaradıldığını diqqətə çatdıran F.İmranov hazırda AMEA-da elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi ilə bağlı fəaliyyət proqramının həyata keçirildiyini diqqətə çatdırıb, qarşıda duran vəzifələrindən danışıb. Şöbənin baş mütəxəssisi Elnur Eltürk isə çıxışında “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən “Vikipediya” təlimlərinin səmərəliliyindən danışıb. Akademiyanın ölkədə “Vikipediya” fəaliyyətinə mühüm töhfələr verdiyini qeyd edən E.Eltürk sözügedən təlimlərə böyük marağın olduğunu və məşğələlərin bundan sonra da davam etdiriləcəyini diqqətdə çatdırıb”.

İclasda, həmçinin AMEA prezidentinin müşaviri Elşən Quliyev, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Sənədlərlə iş və protokol şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli və “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Aida Tağıyeva çıxış edərək müzakirə olunan sahə üzrə təmsil etdikləri strukturlarda görülən işlər barədə məlumat verib, müəyyən olunmuş indikatorlar üzrə elektron xidmətlər şəbəkəsinin səmərəliliyinin artırılması ilə bağlı təklif və mülahizələrini səsləndiriblər.

Sonda “Elektron Akademiya” şöbəsinin yarandığı bir neçə ay ərzində gördüyü əhəmiyyətli işləri müsbət qiymətləndirərək hesabatı qənaətbəxş hesab edən AMEA-nın prezidenti tərəfindən elektron xidmətlər sahəsində Akademiyanın elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi barədə tapşırıqlar verilib və bu istiqamətdə qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Mission News Theme by Compete Themes.