Press "Enter" to skip to content

Tələbələr üçün elm düşərgəsi olacaq

Elm düşərgəsi

BAYRAQDAR MEDİA – 11-14 sentyabr tarixlərində “Zuğulba” tədris-idman bazasında “Bir Könüllü” Tələbə Təşkilatının “Elm və innovasiya” proqramının təşkilatçılığı ilə tələbələr üçün elm düşərgəsi təşkil ediləcək.

Bu haqda Elm və Təhsil Nazirliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “düşərgədə ali təhsil müəssisələrinin biologiya, kimya və fizika ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan II-III kurs tələbələri iştirak edə bilərlər. Düşərgə ərzində beynəlxalq, həmçinin yerli elmi-tədqiqat institutlarında çalışan tədqiqatçılar təcrübələrini bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə praktik tapşırıqlar həll edəcəklər”.

Sonra xəbərdə deyilir ki, “sessiyalar müddətində tələbələrə tədqiqat işinin necə aparılması, elmi məqalələrin yazılmasında diqqət edilməli məqamlar, həmçinin elmin etik qaydaları barədə seminarlar təşkil olunacaq. Layihənin yekununda iştirakçılara sertifikat təqdim ediləcək. İştirak etmək istəyənlər 4 sentyabr tarixinədək qeydiyyatdan keçə bilərlər”.

Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd tələbələr arasında elmi inkişafı dəstəkləmək, tədqiqatçılarla əlaqələrin qurulmasına şərait yaratmaq, həmçinin müasir dövrdə elm sahəsindəki problemləri və həll yollarını tələbələrin diqqətinə çatdırmaqdır.

Mission News Theme by Compete Themes.