Press "Enter" to skip to content

İlkin danışıqlar ümidvericidir

Cavid Aydın

Son yeniləmə: 5 Sentyabr 2023 15:37

Cavid Aydın: Yeni tədris ilində də ehtiyacı olan və bəlli meyarlara cavab verən azərbaycanlı tələbələrə təqaüdün verilməsi üçün çalışırıq

BAYRAQDAR MEDİA – “Hər il olduğu kimi, bu dəfə də Eskişehirdəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin bir qisminə təqaüd verilməsi ilə bağlı addımlar atırıq. Artıq müvafiq qurum və şəxslərlə görüşlərimiz olub. Deyə bilərəm ki, ilkin danışıqlarımız ümidvericidir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin (EsAzDer) sədri Cavid Aydın deyib.

Cavid Aydın: Bizim üçün yay tətili yoxdur

O, qeyd edib ki, əslində, bu məsələ yay ayları ərzində də qurum rəhbərliyinin diqqətində olub: “Bu ilin iyununda BAYRAQDAR MEDİA-ya verdiyim açıqlamada qeyd etdiyim kimi, bu məsələ Dərnək rəhbərliyinin yay tətilindən öncə keçirilən ümumi toplantısında da geniş müzakirə edildi. O iclasda yeni, 2023-2024-cü tədris ili üçün təqaüd veriləcək tələbələrin sayı, mövcud meyarlar, həmçinin, əlavə və dəyişikliklərlə bağlı təkilflər dinlənildi, müvafiq qərarlar qəbul edildi. Eyni zamanda, yenə də BAYRAQDAR MEDİA-ya son açıqlamamızda vurğuladığımız kimi, əslində, bizdə yay tətili olmadı. Yeni tədris ilində ehtiyacı olan və bəlli meyarlara cavab verən azərbaycanlı tələbələrə təqaüdün verilməsi üçün yay boyu fəaliyyətimiz davam etdi. Yuxarıda da qeyd etdiyim kimi, bu çabalarımız nəticəsiz tamamlanmadı. Əminliklə deyə bilərəm ki, EsAzDer bu tədris ilində də ehtiyacı olan, o cümlədən Dərnəyin işində, keçirdiyi tədbirlərdə yaxından iştirak edən, xüsusi fəallığı və təhsildə bacarığı ilə seçilən gəncləri diqqətdən kənarda qoymayacaq”.

C.Aydın həm təqaüdün məbləğinin, həm də təqaüd veriləcək tələbələrin sayının artırılması üçün çalışdıqlarını deyib.

Dərnək sədri onu da əlavə edib ki, sentyabrın axırlarından etibarən yeni tələbə adını qazanmış gənclərin Eskişehirə gəlməsi gözlənilir: “Bildiyiniz kimi, Türkiyə üniversitetlərində dərslər oktyabrın 2-də başlayacaq. Böyük ehtimalla sentyabrın sonlarına doğru, son həftəsindən artıq həmin tələbələr gələcəklər. Təbii ki, onların böyük əksəriyyətinin ilk üz tutacağı ünvan da EsAzDer olacaq. Çünki ənənəvi olaraq kirayə, yaxud yataqxanalar üçün bizə müraciət edirlər. Bu il də böyük ehtimalla belə olacaq. Biz də öncədən tədbirlərimizi görürük. Çalışırıq ki, mümkün qədər müraciətlərə müsbət cavab verək”.

Dərnək sədri sonda bir yenilik barədə də məlumat verib: “Bu il Eskişehirdəki azərbaycanlılar üçün bir yeniliklə də yaddaq qalacaq. Buradakı soydaşlarımız Eskişehirdə azərbaycanlı iş adamının açacağı bir restoranla tanış olacaq, orada milli yeməklərimiz onlara təqdim ediləcək. Yəni, artıq Eskişehirdə Azərbaycan məhsullarının satılacağı və Azərbaycan yeməklərinin təqdim ediləcəyi restoran və Ticarət evi fəaliyyət göstərəcək”.

Bu dəfə də maraqlı müzakirələr oldu

Mission News Theme by Compete Themes.