Press "Enter" to skip to content

Cavid Aydın: Bizim üçün yay tətili yoxdur

Cavid Aydın (sağda) və Nadir Azəri

Son yeniləmə: 25 İyun 2023 14:50

BAYRAQDAR MEDİA – “Sizin də bu ayın əvvəlində xəbər verdiyiniz kimi Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbərliyi və fəal üzvləri yay tətili başlamamış növbəti dəfə bir araya gəldi. Həmin toplantıda görülən işlər müzakirə edildi və gələcək planlar barədə təkliflər dinlənildi. Bundan sonra toplu tədbirlərimizə ara verdik. Lakin bu heç də Dərnəyimizin yay mövsümündə çalışmadığı anlamına gəlmir. Rəhbər heyət, mütəmadi olaraq ofisdə görüşür, lazım olam məsələlərə adekvat reaksiya verir.Bir sözlə, bizim üçün yay tətili yoxdur”.

Bunu Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın dedi.

Qeyd edək ki, Eskişehirdə olduğumuz üç gün ərzində Cavid bəy demək olar, hər saat bizimlə maraqlandı, keçirməyi planlaşdırdığımız görüşlərlə bağlı lazım olan dəstəyi göstərdi.

Söhbət zamanı, C.Aydın bildirdi ki, rəhbərlik etdiyi qurum Eskişehirdəki digər xalqların yaratdıqları dərnəklərlə, həmçinin, yerli qurumlarla sıx təmaslardadır: “Yay tətili olmasına baxmayaraq həmin dərnəklərlə qarşılıqlı səfərlər reallaşdırır, gələcək üçün birgə əməkdaşlıq planlarını müzakirə edirik. Çünki biz diaspor təmsilçiləriyik. Diaspor təmsilçiləri də işlərin yolunda getməsi üçün daim çalışmalı, əlaqələri genişləndirməlidir”.

Dərnək rəhbəri onu da dedi ki, hazırda diqqətdə olan məsələlərdən biri də Türkiyə ali məktəblərinə yeni qəbul olacaq azərbaycanlı gənclərlə bağlıdır: “Bizə Azərbaycandan çoxlu zənglər olur. Eskişehirdə universitet seçimi, ixtisas seçimi, qalmaq şərtləri və s. bu kimi məsələlərdə məsləhət alırlar. Biz də soydaşlarımıza əlimizdən gələn qədər yardım etməyə çalışırıq. Yayın sonuna doğru isə işimiz daha da artacaq. Çünki Eskişehirdəki universitetlərə qəbul olacaq azərbaycanlı gənclərin burada yerləşməsi üçün hər il olduğu kimi, bu il də çoxsayı müraciətlər alacağımız kimsədə şübhə doğurmur. Ümumilikdə, hər dəfə dediyim sözü, bir daha təkrarlamaq istəyirəm. Bu şəhərə gələn azərbaycanlılar bilməlidirlər ki, Eskişehir Azərbaycanlılar Dərnəyi buradakı bütün azərbaycanlıların evidir. Nəsə bir problem olanda təbii ki, ilk baş vuracaqları ünvan bizim dərnəyimizdir”.

Mission News Theme by Compete Themes.