BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında pedaqogika üzrə elmlər doktoru Zəhra Muradovanın “Şuşadan Qoriyə gedən yol” kitabı da var.
Kitabda Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının fəaliyyəti barədə, orada Azərbaycan maarifinin, təhsilinin inkişafında xidmətləri olan şuşalı məzunlar haqqında ətraflı məlumat verilib.
Nəşrdə qeyd edilib ki, aparılan tədqiqatlar əsasında məlum olub ki, Seminariyanı təxminən 250 nəfər azərbaycanlı bitirib. Bunlardan 100 nəfərdən çoxu Azərbaycanın möhtəşəm şəhəri Şuşadan olub.
Kitabda elm, təhsil, mədəniyyət sahəsində uğur qazanan, Seminariyanı bitirən həmin ziyalılardan 47 nəfərinin həyat və yaradıcılığı haqqında məlumat verilib. Seminariyanın yetirmələri mükəmməl bilik və bacarıqlara yiyələnib və Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, təhsil sahəsinin inkişafında mühüm rol oynayıblar. Kitabda məlumat verilən həmin şəxslər Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, İsmayıl bəy Şəfibəyov, Qasım Qasımov, Bədəl bəy Bədəlbəyli, Həsən Həsənov və başqalarıdır.
Qeyd edək ki, kitabın elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, Prof. Vidadi Xəlilov, məsləhətçisi Azərbaycan yazıçılar və Jurnalistlər birliklərinin üzvü Vasif Quliyev, rəyçiləri pedaqogika üzrə elmlər doktoru, Dos. Ofelya Piriyeva, pedaqogika üzrə fəlsəfə doktoru, Dos. Mahirə İbadova, texniki redaktoru isə Azərbaycan Respublikası Təhsil İnstitutu, böyük elmi işçi Tavat Muradlıdır.