Press "Enter" to skip to content

Xalq artistinə həsr olunmuş kitabın təqdimatı

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – Oktyabrın 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın aktyoru, Xalq artisti Yasin Qarayevin 75 illiyinə həsr olunmuş “Alın yazısına inam” adlı kitabın təqdimat mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “tədbiri teatrın aktyoru, Əməkdar artist Elnur Bəhramxan açaraq 95 illik teatr ocağına yığışan tamaşaçıları salamlayıb, kitabın yazılma tarixi və mahiyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra danışmaq üçün söz teatrın direktoru Naidə İsmayılzadəyə verilib. Direktor Y.Qarayevi yeni kitab münasibətilə təbrik edərək, ürək sözlərini qonaqlarla bölüşüb. O, öz uşaqlığının bu teatrda keçdiyini, ilk gördüyü aktyorların məhz Firəngiz Şərifova, Tariyel Qasımov, Y.Qarayev olduğunu bildirib. Bu insanların teatrın tarixini yaradan insanlar olduğunu vurğulayan direktor deyib ki, onları yada salmaq, tamaşalar, rollar haqqında yazılar, kitablar yazmaq gözəl haldır. N.İsmayılzadə çıxışının sonunda Y.Qarayevi təbrik edib, həmişə sağlam, gümrah və səhnədə olmasını diləyib.

Daha sonra kitabın müəllifi, teatrşünas Prof. İlham Rəhimli danışıb. O, Gənc Tamaşaçılar Teatrının tarixindən, teatrda vaxtilə çalışan sənətkarlardan bəhs edib. Kitabın yazılma səbəbindən danışaraq Y.Qarayevin sənətini hər zaman yüksək qiymətləndirdiyini bildirib.

Təqdimat boyu Y.Qarayevlə uzun illər eyni teatrda çalışan, onunla müxtəlif tamaşalarda tərəf müqabili olan Xalq artisti Tariyel Qasımov, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək sənətkara ürək sözlərini, xoş arzularını bildiriblər.

Sonda təqdimatın səbəbkarı Y.Qarayev çıxış edərək qonaqlara gəldikləri üçün minnətdarlığını bildirib, xoş arzularını çatdırıb, onlara imzalı kitabını hədiyyə edərək, yadigar şəkil çəkdirib.

Mission News Theme by Compete Themes.