Press "Enter" to skip to content

MEK-də beynəlxalq elmi konfrans keçirilir

Prof. Məmməd Əliyev çıxış edərkən

Son yeniləmə: 29 Noyabr 2023 11:11

BAYRAQDAR MEDİA – Noyabrın 28-29-da AMEA Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilir.

Konfransı noyabrın 28-də MEK-in baş direktoru, Prof. Məmməd Əliyev açaraq “Heydər Əliyev ili” çərçivəsində rəhbəri olduğu kitabxanada görülmüş işlərdən danışıb. O çıxışında MEK-in təşkilatçılığı ilə keçirilən konfransa Azərbaycanın 13 universitetindən, 5 kitabxanasından, 11 elmi tədqiqat institutlarından ümumilikdə 122 məqalə daxil olduğunu deyərək konfrans iştirakçılarına uğurlar arzulayıb.

Ardınca akademik Teymur Kərimli çıxış edərək Azərbaycanda hər zaman kitaba verilən dəyərdən danışıb. Bildirib ki, Azərbaycan indiyədək iki silaha – qılınc və qələmə möhtac olub. O, bu silahların Azərbaycanın bu günə gəlib çatmasına kömək olduğunu qeyd edib. Akademik həmçinin Ulu öndərin kitaba verdiyi önəm haqda da fikirlərini bölüşüb, konfrans iştirakçılarına AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təbrikləri çatdırıb.

Konfransda BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət kitabın cəmiyyətdə önəmindən danışıb, hər evə bir kitabxana təşəbbüsü ilə çıxış edib, konfransa uğurlar diləyib.

Konfransdan görüntü
Konfransdan görüntü

Həmçinin akademik Vaqif Abbasov, AMEA Azad Həmkarlar İttifaqının sədri, Prof. Habil Qurbanov, qardaş Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) rəhbəri, Prof. Mustafa Latif Emek, Türkiyə Böyük Millət Məclisi (TBMM) kitabxanasının rəhbəri Arif Şayık, Rusiya Elmlər Akademiyası Sibir bölməsi Dövlət Elmi-Texniki Kitabxanasının direktoru, tarix elmləri doktoru İrina Lizunova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, Dos. Ələmdar Cabbarlı və digərləri konfransın əhəmiyyətindən danışıblar.

Bildirək ki, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Moldova və digər ölkələrdən qonaqların qatıldığı elmi konfrans bölmə iclasları ilə davam edib.

Qeyd edək ki, konfransın son günü noyabrın 29-dur.

Mission News Theme by Compete Themes.