BAYRAQDAR MEDİA – Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkil etdiyi avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının ikinci yarış günü başa çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən reqatanın ikinci yarış gününü avarçəkənlər üç gümüş, iki bürünc medalla başa vurublar. Birnəfərlik kayak qayığında 500 metr məsafədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə gümüş, 2011-2012-ci il təvəllüdlü idmançılar arasında Mustafa Vəlizadə bürünc medal qazanıb”.
Ardınca xəbərdə “ikinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2011-2012-ci il təvəllüdlü idmançıların mübarizəsində Mustafa Vəlizadə – Elmir Tarverdiyev cütlüyü gümüş, Sənan Cəfərzadə – Tahir Mövsümov cütlüyü isə bürünc medala layiq görülüb. Birnəfərlik akademik avarçəkmə qayığında 1 min 500 metr məsafəyə 2006-2007-ci il təvəllüdlü idmançıların yarışında isə Nurlan Paşayev fəxri kürsünün ikinci pilləsinə qalxıb” deyə qeyd olunur.
Xatırladaq ki, reqatanın son final yürüşləri və bağıanış mərasimi mayın 2-də keçiriləcək. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da başlayacaq bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək.
Bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. “Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.
İlk şərhi yaza bilərsiniz