Press "Enter" to skip to content

Xaçmazda böyük ədəbi hadisə: “Ulduzlar” – 65

Tədbir sonrası xatirə şəkli

BAYRAQDAR MEDİA – Mayın 6-da Xaçmazda Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin 65 illik yubileyinə həsr edilmiş geniş tədbir keçirilib. Sözügedən qurumun təşkil etdiyi tədbirə Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi də dəstək verib.

Ulu Öndər Heydər Əliyevin heykəli önünə çiçək qoyulmaqla başlayan tədbir Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində təşkil edilmiş “Ulduzlar”ın üzvlərinin və rayon yazarlarının əsərlərindən ibarət sərgiyə baxışla davam edib.

Ulu Öndərin heykəli önündə
Ulu Öndərin heykəli önündə

Muzeyin geniş konfrans zalındakı tədbirdə rəsmilərlə yanaşı Azərbaycan Yazıçılar Birliyinin təmsilçiləri də iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin ifası və şəhidlərin, həmçinin doğum günü ərəfəsində olduğumuz Ulu Öndər Heydər Əliyevin ruhunun yad edilməsi ilə başlayan tədbirin ilk çıxışında Məclisin sədri, şair Fərzalı Ziyanur “Ulduzlar”ın tarixçəsi və keçdiyi yol haqqında məruzə edib.

Daha sonra çıxış edən Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini Günel Nürəddinova Ümummilli Lider Heydər Əliyevin ədəbiyyata və ədəbiyyat adamlarına diqqətindən danışıb, eyni zamanda Prezident İlham Əliyevin də bu yaxşı ənənəni layiqincə davam etdirdiyini deyib. O, həmçinin Xaçmazın icra başçısı Elnur Rzayevin məhz dövlətin rəhbərindən örnək alaraq həm də belə məsələlərdə çox diqqətli olduğunu deyib.

Günel Nürəddinova Elnur Rzayevin “Ulduzlar”ın 65 illik yubileyi münasibət ilə imzaladığı “Fəxri Fərman”ı Məclisin sədri Fərzalı Ziyanura təqdim edib.

Sərgiyə baxış
Sərgiyə baxış

Növbəti çıxış edən Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Musayev də təbriklərini çatdırıb, dövlət qurumu olaraq həmişə belə tədbirləri təqdir etdiklərini bildirib.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid çıxış edərək AYB sədri Anarın yazılı təbrikini “Ulduzlar”a təqdim eləyib. O, eyni zamanda “Ulduzlar”ın timsalında bölgədə ədəbiyyatın inkişafından, bu işə dövlətin verdiyi dəstəkdən danışıb. Çıxışçı qeyd edib ki, Xaçmaz rayonu da özünün qaynar ədəbi həyatı ilə ciddi fərqlənir.

Rəşad Məcid eyni zamanda “Ulduzlar”ın adını daşıdığı mərhum xaçmazlı şair Murad Qudyalçaylının yaradıcılığı haqqında fikirlərini dilə gətirib.

Daha sonra AYB təmsilçisi “Ulduzlar”ın sədri Fərzalı Ziyanurun Yazıçılar Birliyinə üzv qəbul edildiyini bildirib və vəsiqəsini təntənəli şəkildə ona təqdim edib.

Özünün milli-vətənpərvər ruhda şeirləri ilə könülləri fəth etmiş bayraqdar şair, AYB Quba bölməsinin rəhbəri Ramiz Qusarçaylı da maraqlı çıxışı ilə iştirakçıların könlünü oxşayıb. O, həm Murad Qudyalçaylı, həm də “Ulduzlar”la bağlı fikirlərini, müşahidələrini bölüşüb. Ramiz Qusarçaylı qeyd edib ki, “Ulduzlar” nəinki Xaçmazda, ümumiyyətlə Quzey bölgəsində ən fəal ədəbi məclis kimi diqqət çəkir, ədəbiyyata həvəsi gücləndirir.

Himnin ifası və sayğı duruşu
Himnin ifası və sayğı duruşu

Daha sonra digər qonaqların və iştirakçıların çıxışları dinlənilib.

Bakıdan gəlmiş şair, həkim və “Ulduzlar”ın yaxın dostu Nazilə Gültac təbriklərini çatdıraraq bir parça şeirlə məclisin sevincinə rəng qatıb.

Şabranda fəaliyyət göstərən Xaqani adına Poeziya Evinin rəhbəri, şair Aybəniz Əliyar da öz növbəsində maraqlı çıxış edərək təbriklərini dilə gətirib, bir şeiri ilə “Ulduzlar”a xoş arzularını bildirib.

Qubadan gəlmiş şairlər Səbuhi Hacıxanlı, Güləli BağbanAyaz Səlimxanoğlu da təbriklərini ifadə edib.

Bədii qiraətçi Dilarə Rüstəmovanın səsləndirdiyi Murad Qudyalçaylı poeziyasından nümunələr iştirakçıların ürəyincə olub.

“Ulduzlar”ın ən fəal üzvlərindən olan şair, yazıçı, alim, ictimai xadim Gülümbala Nəsirlinin şəxsi vəsaiti hesabına dərc etdirdiyi Məclis üzvlərinin şeirlərindən ibarət yeni almanax iştirakçılarda böyük maraq oyadıb, təqdirlə qarşılanıb.

Növbəti çıxışı Qubada fəaliyyət göstərən “Gülüstan” Ədəbi Məclisinin sədri, şair, yazar, pedaqoq Şixəmməd Seyidməmmədov edib. O, tarixi şəxsiyyət Abbasqulu Ağa Bakıxanovun mirası olan, 190 yaşına çatmış “Gülüstan”la bağlı danışmaqla bərabər “Ulduzlar”ın fəaliyyətinə də toxunub, ona yubileyində uğurlar diləyib.

Xaçmazda fəaliyyət göstərən “İlham Çeşməsi” Ədəbi Məclisinin sədri, şair Böyükağa Ağa həm başçılıq etdiyi qurum haqqında qısa bilgi verib, həm də “Ulduzlar”a xoş arzularını dilə gətirib.

Xudat mərkəzli “Söz İşığında” Ədəbi Məclisinin sədri, şair Səyyad Sərraf qısa təbrik çıxışı edərək yubilyara təbriklərini çatdırıb.

Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov təbrik çıxışı edib, “Ulduzlar”a bundan sonra da yeni uğurlar diləyib.

Sonda tədbirin keçirildiyi məkan – Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva çıxış edərək həm təbriklərini ifadə edib, həm də belə tədbirlərə dövlətin verdiyi dəstəkdən danışıb.

Qeyd edək ki, tədbirin aparıcısı “Ulduzlar”ın fəxri üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.