BAYRAQDAR MEDİA – Dənizçi, şair Səxavət Ənvəroğlu bu dəfə oxucuların görüşünə nəsr əsəri ilə gəlib. Martın 17-də Xaçmazdakı Heydər Əliyev Mərkəzində şairin sayca səkkizinci kitabı – “Gecikmiş məhəbbət” hekayələr toplusu oxuculara təqdim edilib.
Təqdimata ev sahibliyi edən sözügedən Mərkəzin direktoru Könül Əskərova açılış çıxışında özəlliklə də Ulu Öndər Heydər Əliyevin ədəbiyyata və ədəbiyyat adamlarına yüksək dəyər verməsini xatırladıb. O, eyni zamanda Prezident İlham Əliyevin də bu yöndə ənənəni layiqincə davam etdirdiyini deyib.
“Biz də Heydər Əliyev Mərkəzi olaraq Ulu Öndərin ədəbiyyata münasibətinə layiq olmağa, ənənələri davam etdirməyə çalışırıq. Elə bu təqdimatın burada təşkil edilməsi o yanaşmanın daha bir bariz örnəyidir”, – deyə Könül Əskərova bildirib.
Daha sonra tədbirin aparıcısı, Əməkdar jurnalist Azər Həsrət Səxavət Ənvəroğlu ilə bağlı qısa giriş edib, çıxışlar dinlənilib.
Şairin də üzvü olduğu, təqdimatın təşkilatçısı olan Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin sədri Fərzalı Ziyanur Səxavət Ənvəroğlunun yaradıcılığı haqqında maraqlı təqdimatla çıxış edib. O, şairi fəal vətəndaş, istedadlı qələm sahibi kimi təsvir edib.
Qubada artıq 190 ildir fəaliyyət göstərən və əsası Abasqulu Ağa Bakıxanov tərəfindən qoyulmuş “Gülüstan” Ədəbi Məclisinin sədri Şixəmməd Seyidməmmədov də öz növbəsində Səxavət Ənvəroğlunun yaradıcılığını təhlil edib, sözügedən kitabla bağlı fikirlərini deyib.
Eyni zamanda Xudatda fəaliyyət göstərən “Söz İşığında” Ədəbi Məclisinin sədri Səyyad Sərraf, həmçinin Xaçmazdakı “İlham Çeşməsi” Ədəbi-Elmi Məclisinin sədri Böyükağa Ağa şairlə bağlı çıxışlar edib, yeni əsəri münasibəti ilə təbrik ediblər.
Qeyd edək ki, Səxavət Ənvəroğlu bölgənin bütün ədəbi məclislərinin ən fəal üzvlərindəndir.
Xaçmaz Rayon Ağsaqqallar Şurasının təmsilçisi Abdulla Didarov, təcrübəli kitabxanaçı Azad Əlifxanov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsinin sədri Qərib Umudov və başqaları da çıxışlarında Səxavət Ənvəroğlunun yaradıcılığı ilə bağlı yüksək fikirlər səsləndiriblər.
Çıxışlarda, eyni zamanda Xaçmaz rayonu və bütövlükdə Quzey bölgəsində ədəbiyyatla bağlı irəliləyişlər qeyd edilib, daha yüksək zirvələrin fəth edilməsi üçün imkanların artdığı bildirilib. Özəlliklə də qeyd edilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin ədəbiyyat adamlarına xüsusi diqqəti bu yöndə inkişafa əlavə töhfələr verir.
Təqdimatın sonunda müəllif çıxış edərək yaradıcılığına verilən dəyərə görə iştirakçılara təşəkkür edib. O, belə bir etimadı gördüyünə görə məmnun olduğunu, bundan sonra da yaradıcılığa eyni şövqlə davam edəcəyini deyib.

İlk şərhi yaza bilərsiniz