BAYRAQDAR MEDİA – 1986-88-ci illərdə əsgərlikdə olmuşam. Sovet Ordusunda, Almaniya Demokratik Respublikasında xidmət etmişəm. O iki il haqqında olduqca xoş xatirələrim var. Bunu “Bir əsgərin yaşantıları” adlı romanımda geniş təsvir də eləmişəm. Amma sözüm onda deyil.
Əsgərlikdə olanda Nurkamal Mırzakanov adlı bir qırğız dostum vardı. Eyni çağırışdan idik. Yaxşı sənətkar idi. Rəssamlıq, dəmir döymə, əl işləri bacarırdı. Bir taqımda idik deyə daim birlikdə olurduq. Həm də o türk, mən türk, qan çəkirdi. Hələ əlavə olaraq Qazaxıstandan Otkirxon Kamalov adlı bir özbək dostumuz da vardı. Lakin sözüm heç bunda da deyil.
Nurkamalın əl sənətləri məni çox cəlb edirdi. Ona görə də yanında oturub müşahidə edir, ondan öyrənməyə çalışırdım. Hə, onu da deyim ki, məktəbdə oxuyanda az-çox mənim də rəssamlığım olduğuna görə özümü sınamaqdan çəkinmirdim. Alınırdı məndə də. Bax, elə sözüm də bundadır.
Nurkamaldan dəmir döymə – basma sənətini öyrənmişdim əsgərlikdə. Nazik mis lövhələr üzərində müxtəlif şəkilləri qabardaraq maraqlı əsərlər hazırlayırdım. Bunu da özüm üçün edirdim. O qədər asan gəlirdi ki, bu mənə. İmkanım olsaydı (istəsəydim olardı yəqin) davam da etdirərdim o sənəti. Amma nəsə həyat məni başqa tərəfə çəkdi, sənətlə məşğul olmadım…
İndi isə tale elə gətirdi ki, Azərbaycanda, lap elə Xaçmazda bu sənətin peşəkarı ilə tanış oldum. Bəli, belə bir təsadüf yaşandı.
Xaçmazın dəyərli gənclərindən olan mədəniyyət işçisi Elvin Ağayev adlı dostumuz doğma Mürşüdoba kəndində əmisi Zeydulla Ağayevin belə bir sənətlə məşğul olduğunu, bizi onun emalatxanasına dəvət etmək istədiyini deyəndə bunu həvəslə qəbul etdim…

Bir neçə dəyərli insan – Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova, “Xaçmaz” qəzetinin müxbiri Gülxar Rəhimli, müəllim, ictimai fəal İradə Musayeva və Qarabağ qazısı, mayor Tariyel Didarovla birlikdə sözügedən kəndə, Zeydulla ustanın evinə yollandıq və peşman olmadıq…

…Zeydulla usta deyir ki, bu sənətlə lap uşaqlıqdan məşğul olur. Emalatxanasında ötən əsrin 70-80-ci illərində öz əli ilə hazırladığı əsərlər də nümayiş etdirilir. Ümumiyyətlə içəridə divarlar belə əsərlərlə doludur. Hərəsi bir ildə hazırlanıb. Maraqlısı da odur ki, Zeydulla ustanın əsərlərinin bəzilərini satmağa əli də gəlmir. Lap köhnə əsərləri haqqında danışanda deyir ki, “bunları əsla satmaram”.
Təbii ki, əsərlərlə tanış olmaqla bərabər söhbət də elədik. Sənətin sirlərini az da olsa öyrənməyə çalışdıq. Şəxsən özümün marağımı da ifadə etdim və dedim ki, kaş imkanım olaydı, bu sənətlə məşğul ola biləydim…

Onu da öyrəndik ki, Zeydulla usta əsərlərini ASAN ABAD vasitəsi ilə satmağa çalışır. Amma iş ondadır ki, maliyyəti baha başa gələn əsərləri satmaq elə də asan deyil. Bu əsərləri daha çox turistlər alır, onlar da arada bir…
…Möhtəşəm bir ziyarət oldu bu. Şəxsən mən zövq aldım, sevindim və içimdəki yaradıcılıq eşqi yenidən baş qaldırdı.
Sonra da birlikdə bağa getdik, təbiət qoynunda bir az dincəldik, dedik-güldük, təzə-təzə yetişməkdə olan tutdan, gilasdan daddıq. Bütün bunlar bir yana, gözəl təbiətdən zövq aldıq.

Sonda: Əsgər yoldaşlarım Nurkamal və Otkirxonla indi də əlaqə saxlayıram, ara-sıra zəngləşirik.
İlk şərhi yaza bilərsiniz