Bakıda “Türk dünyası və Piri Türküstan: Yasəvi yolu və irsi” adlı beynəlxalq konfrans keçirilib
BAYRAQDAR MEDİA – Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türk dünyası və Piri Türküstan: Yasəvi yolu və irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
ADPU-dan bildirilib ki, konfransın əsas məqsədi böyük türk sufi alimi Xoca Əhməd Yasəvinin mənəvi və mədəni irsinin türk dünyasında rolu və əhəmiyyətini elmi aspektdən araşdırmaq, bu irsin müasir dövrdəki təsirlərini işıqlandırmaq və ortaq mədəni yaddaşı möhkəmləndirməkdir.
Məlumata görə, konfrans çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlqələr üzrə prorektor professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ilə iştirakçılar arasında görüş keçirilib, elm və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Daha sonra konfrans öz işinə başlayıb. ADPU-nun rektoru professor Cəfər Cəfərov konfransı açaraq, Xoca Əhməd Yasəvinin türk dünyasında mənəvi və mədəni rolu haqqında çıxış edib.
Tədbirdə həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz Aslanlı, Ankara Hacı Bayram Vəli Universitetinin prorektoru professor Metin Orbay, konfransın Təşkilat Komitəsinin üzvü professor Sadullah Gülten salamlama çıxışı ediblər.
Sonra ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyevin moderatorluğu ilə keçirilən konfransın açılış panelində Türkiyənin Milli Müdafiə Universitetinin dekanı professor İbrahim Ethem Atnur “Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bu günü və sabahı”, Ankara Universitetinin professoru Abdullah Gündoğdu isə “Şah İsmayıl və Türk dünyası” mövzularında çıxış edərək türk dünyası və Azərbaycan–Türkiyə münasibətlərinin tarixi, mədəni və siyasi aspektlərini müzakirə ediblər.
Məlumata əsasən, konfransın birinci panelində “Əhməd Yasəvinin qəbilə mənsubiyyəti haqqında görüşlər”, “Xoca Əhməd Yasəvinin mənəvi irsinin təhlili: mənqəbələrin ruhani yolçuluğu”, “Osmanlı paytaxtında Yəsəvi irsi: XIX əsrdə özbək təkkələri”, “Yasəvilik qaynaqları ilə bağlı mübahisələr və yeni yanaşmalar”, “Əhməd Yasəvi irsi: türk xalqlarının ortaq mədəniyyət nümunəsi kimi” mövzularında məruzələr dinlənilib.
İkinci paneldə isə “Anadolunun fəthində Xoy mənşəli mütəsəvviflər”, “Türkiyədə milli kimliyin formalaşmasında din anlayışı: Yasəvilik nümunəsi”, “Əhməd Yasəvi türbəsinin dünyaşöhrəti və turizm potensialı”, “Türk dünyasında müqəddəs məkanlar və onların sosial funksiyaları”, “Övliya Çələbiyə görə Azərbaycanda yəsəvilik izləri” və “Bakı və onun tarixi kimliyi” mövzularında çıxışlar olub.
Konfransda, həmçinin Özbəkistanın Fərqanə Universitetinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Əhməd Yasəvinin tarixi şəxsiyyəti, mənəvi irsi, yəsəvilik düşüncəsinin Osmanlı və Azərbaycan ərazilərində yayılması, müqəddəs məkanların sosial funksiyaları, Yasəvi türbəsinin turizm potensialı və digər aktual mövzular geniş şəkildə müzakirə olunub.
Qeyd edək ki, konfranslar silsiləsi Ankara Hacı Bayram Vəli Universiteti tərəfindən irəli sürülən layihə əsasında türkdilli dövlətlərdə mənəvi birliyi möhkəmlətmək məqsədilə icra olunur.
İlk şərhi yaza bilərsiniz