Press "Enter" to skip to content

Azərbaycanlı şair yüksək beynəlxalq etimada layiq görüldü

Medal təqdim edilərkən

BAYRAQDAR MEDİA – Azərbaycanın tanınmış şairi, filologiya elmləri doktoru, Dos. Təranə Turan Rəhimli qardaş Türkiyənin İstanbul şəhərində nüfuzlu beynəlxalq ədəbi qurum olan Türk Ədəbiyyatı Vəqfinin medalı ilə təltif olunub. Görkəmli türk yazıçısı və jurnalisti, Şeyxülmühərririn Ahmet Kabaklının anadan olmasının 100-cü ildönümü münasibətilə təsis edilən medalı Azərbaycanlı şairə böyük türk ziyalısı, tanınmış şair, Fondun başqanı Serhat Kabaklı təqdim edib.

BAYRAQDAR MEDİA-ya danışan Təranə Turan Rəhimli bu dəyərli təltifə layiq görüldüyü üçün böyük şərəf duyduğunu bildirib, medalın təqdim edildiyi tədbirdə Türkiyə və Azərbaycanın dəyərli yazıçılarının, alimlərinin iştirak etdiyini vurğulayıb. O, qeyd edib ki, bu medalın məhz 28 May – Azərbaycanın Müstəqillik Günündə İstanbulda, Türk Ədəbiyyatı Vəqfində təqdim olunması xüsusilə anlamlı və əlamətdardır.

Təranə Turan Rəhimli deyib: “Görkəmli ictimai xadim, yazıçı, jurnalist Ahmet Kabaklı Türkiyə milli-mədəni tarixində böyük xidmətləri olmuş ziyalıdır. Onun 1978-ci ildə Meşkure Kabaklı, Rıfat İzzet Çokum, Sevinç Çokum, İskender Öksüz, Emine Işınsu, Tahir Kutsi Makal, İrfan Atagün, Cahit Dodanlı və İsmail Gerçeksözlə birlikdə qurduğu Türk Ədəbiyyatı Vəqfi bu günədək böyük ədəbi layihələr həyata keçirmişdir. 14 dekabr 1996-cı ildə Aydınlar Ocağı və 55 könüllü təşkilatın dəstəyi ilə keçirilən mərasimdə Atatürk Mədəniyyət Mərkəzində “Şeyhülmühərririn” adını alan Ahmet Kabaklının mənalı ömründən qalan izlər böyük bir ziyalı ordusunu ardınca aparmışdır. 5 cildlik “Türk ədəbiyyatı” kimi möhtəşəm bir nəşrin, Mevlana, Yunus Emre, Mehmet Akif Ersoy, Necip Fazıl Kısakürek haqqında mötəbər tədqiqatların, “Mədəniyyət imperializmi”, “Güney Doğu yaxından”, “Müsəlman Türkiyə”, “Əjdaha daşı”, “Şairi Cahan Nedim” kimi onlarla kitabların müəllifi Ahmet Kabaklı türk ədəbiyyatının inkişaf yoluna özünəməxsus ədəbi-elmi münasibət bildirmişdir. Bugünkü Türkiyədə gənclər onun adını daşıyan bir çox ibtidai və orta məktəbdə, liseydə oxuyurlar, 2011-ci ildə İstanbulun Fatih səmtindəki Ali Emiri Efendi Mədəniyyət Mərkəzində onun adı verilmiş, Əhməd Kabaklının şəxsi kitab kolleksiyasını və 30 minə yaxın kitabı ehtiva edən kitabxanada elm öyrənirlər. Elazığda Kredit və Yataqxanalar Təşkilatının tərkibində Ahmet Kabaklı adına oğlanlar üçün 2 min 812 nəfərlik tələbə yataqxanası da tələbə-gənclərin xidmətindədir. Göründüyü kimi, Ahmet Kabaklı yaşayıb fəaliyyət göstərdiyi illərdə yazıb yaratdıqları ilə, vəfatından sonra isə adını daşıyan qurum, təşkilat, kitabxana və məktəblərlə daim türk elm və mədəniyyətinin, təhsilinin inkişafına xidmət etmişdir. Bu gün İstanbulun mərkəzində, əzəmətli Sultan Ahmet Camisi ilə möhtəşəm Ayasofyanın yaxınlığında türk söz sənətinin yoluna işıq tutan, qələm sahiblərini yeni uğurlara ruhlandıran, dəyər verən, dəyər aşılayan Türk Ədəbiyyatı Vəqfi də Ahmet Kabaklının məsləkdaşları ilə birgə əmək verdiyi möhtəşəm bir əsərdir. Odur ki, bu müqəddəs ocaqda böyük söz ustadı Ahmet Kabaklının xatirəsinə həsr edilmiş medala layjq görülməyim mənim üçün xüsusi bir mənəvi dəyər kəsb edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.