BAYRAQDAR MEDİA – Şair-yazar, tarix üzrə fəlsəfə doktoru Həyat Şəminin daha iki kitabı işıq üzü görüb. “İstanbul saatı ilə” (şeirlər) və “Gedirik Ağdama” (sənədli roman) adlı kitablar “Qanun” nəşriyyatında çap olunub.
Qeyd edək ki, bu iki kitabın nəşrindən sonra Həyat Şəminin çap olunmuş kitablarının sayı 7 olub.
“İstanbul saatı ilə” kitabındakı şeirlərin mərkəzində insan, onun yaradanı və dünyanı dərk etməsi məsələsi durur. Mövcudluq, həyatın mənası, ədalətsizlik, müharibə, ayrılıq, həmçinin eşq, sevgi, insanın iç dünyasına yolçuluq kimi düşüncələr fəlsəfi-poetik dillə ifadə olunur. Kitab boyu müəllif poetik düşüncələrinin Füzuli–Bakı–İstanbul dövrlərinin təzahürünü yaşayır. Oxucular bu topluda empatiya və həssaslıq duyğusunun poetik əksini görəcəklər.
İkinci kitab “Gedirik Ağdama” adlanır və şəhid kapitan Sənan Kərimova həsr olunub. Baş qəhrəman Sənan Kərimov Bakıya Ağdamdan məcburi köçkün kimi gəlib. Həmin vaxt o, anasının qucağında körpə uşaq olub. Sənanın taleyi hələ doğulmamış yazılmışdı və bu tale Qarabağla hər zaman çarpazlaşırdı. Özü bu taleyi hiss etdi və yolunu Qarabağdan saldı. Elə bu yolda da əbədiyyətə ucaldı.
Roman real faktlar əsasında qələmə alınıb. Lakin həm də yazıçının bədii təxəyyülü ilə cilalanıb. Kitabı oxuduqca həm Qarabağın tarixi, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi haqda elmi biliklər əldə edəcək, həm də Sənanın nəğmə kimi ötüb keçən ömrünə şahidlik edəcəksiniz.
HƏYAT ŞƏMİ: 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1998-2016 illərdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib. 2004-2022-ci illərdə Audiovizual Şurada (Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası) baş məsləhətçi olub. 2016-cı ildə İLESAM – Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinə üzv qəbul edilib. 2022-ci ildən İstanbulda yaşayır və işləyir.
Müəllifi olduğu kitablar:
1. “Adamlar” (şeirlər, 2003)
2. “Gecə gözlü həyat” (şeirlər, 2009)
3. “Yazılmayan şiirler” (şeirlər, 2009)
4. “Adını sən qoy” (şeirlər, 2017)
5. “Azərbaycanda dini-siyasi hərəkatlar (VIII-IX əsrlər)” – (monoqrafiya, 2019)
6. “Gedirik Ağdama” (sənədli roman, 2025)
7. “İstanbul saatı ilə” (şeirlər, 2025)
Tərcüməçisi olduğu kitablar:
1. “Ətirli yarpaqlar” (şeirlər, Robert Minnullin, 2010)
2. “Hər qürubda sən varsan” (şeirlər, Raisa Sarbi, 2011)
3. “Payız yağmurları” (şeirlər, Razil Vəliyev , 2019)
4. “Sən əlimdən tutanda” (şeirlər, Tuğrul Tanyol, 2019)
Mükafatları:
1. Azərbaycan Respublikası Prezidentinin gənc yazarlara verdiyi 6 aylıq fərdi təqaüd – 2000
2. 2005-ci ilin “Yeni nəsil şair-tərcüməçisi” – VI Bakı Kitab Bayramı Milli Kultiroloji Mükafatının Diplomu – 2006
3. Türk Dünyasına Xidmət Ödülü. DGTYB-nin 15 illik yubileyi münasibəti ilə təltifi – 2013
4. Azərbaycan Respublikası Prezidentinin orta yaşlı yazarlara verdiyi bir illik fərdi təqaüd – 2013
5. Rəxmət xatı. Tatarıstan Dövlət Şurasının maarif, mədəniyyət, fənn və milli məsələlər Komitəsinin təltifi – Kazan, 2019.
6. X The First Beynəlxalq mükafatı – 2019
7. Azərbaycan Respublikası Prezidentinin “Tərəqqi”medalı – 2019.





