BAYRAQDAR MEDİA – İyunun 17-də gənclər və idman naziri Fərid Qayıbov Türkiyə-Azərbaycan Gənclər və İdman Əməkdaşlıq İşçi Qrupunu qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “qonaqları salamlayan nazir Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin gənclər və idman sahəsində də uğurla davam etdiyini vurğulayıb. Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu səmimi qəbula görə təşəkkürünü bildirib, iki qardaş ölkə arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində işçi qrupunun əhəmiyyətini vurğulayıb. Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsi imkanları və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub”.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.









