Press "Enter" to skip to content

Cahil molla və şəriət…

Aqşin DADAŞOĞLU

Son yeniləmə: 22 İyun 2025

Aqşin DADAŞOĞLU

BAYRAQDAR MEDİA – Düz 15 il bundan öncə savadlı, zəhmətkeş, qayğıkeş və böyük qardaş kimi xətrini çox istədiyim mühəndislərimizdən biri içkini, siqareti tullayıb namaza başladı. Hamımız mühəndisimizin bu hərəkətini ürəkdən alqışladıq. Çünki bu zəhmətkeş adam dəhşət içki düşkünü idi. Son zamanlar isə içkidən demək olar ki, heç ayılmırdı.

İçkini tullayıb namaza başlayan mühəndisimiz həm də mütaliə xəstəsi idi. Həmişə gəmi ilə işə gedib-gələndə neftçilərin əksəriyyəti kimi o da 5-6 saatlıq dəniz yolunda detektiv əsərlər oxumağı sevirdi. (İndiki gənclər gəmidə kitab oxuyan görəndə qəhqəhə ilə gülür ki, “bu əbləh haradan gəlib bura düşüb?”) Kitabları oxuyandan sonra oxumağa mənə verirdi. Kitablar əsasən rus dilində olurdu. Müəlliflərini unutmuşam, amma kitabların bəzilərinin adı indiki kimi yadımdadır. “Ya vor v zakone”, “Doç briqadira”, “Avariya” “Doç menta” (bu adda kino da var) və sair və ilaxır…

…Namaza başlayan mühəndisimiz artıq detektiv əsərlər yox, dini kitablar oxuyurdu. Bir kitab var idi ki, o kitabı həmişə özü ilə gəzdirir, boş vaxtı olanda hərdən açıb oxuyur, fikirləşir, qeydlərini aparırdı. Mən mühəndisimizdən xahiş etdim ki, o kitabı 2 günlük oxumağa mənə versin. Mühəndisimiz bir az tərəddüd edib dedi.

-Özüm yarıyacan oxumuşam, iki günə oxuyub qaytararsan ki, mən də oxuyub qurtarım.

Razılaşdıq..

Kitabı iki günə oxudum, qaytardım.

Bir neçə gündən sonra oxuduğum həmin dini kitabdan mühəndisimizə axmaq bir sual verdim.

Adam bir xeyli fikirləşib dedi ki, “sual kitabın hansı hissəsindədir?”

Dedim, “son bölümlərində”.

-Kitabı orayacan oxumamışam, amma bu sualın cavabı mənim üçün də maraqlıdır, baxım dindarlardan cavabı kim bilir?

Telefonunu çıxarıb o zamanlar Neft Daşlarında hörmət-izzət sahibi olan, idarədə verilən bütün ehsanların aparıcısı, mollası, axundu, yağlı plovların, yekə küftələrin qənimi Hacı mollaya zəng elədi.

Hacı sualı eşidib, “mən belə sualı birinci dəfə eşidirəm” dedi. “Çox təxribatçı sualdır. Mən sənə bir nömrə verim, sən bu sualı rayonun (rayonun adını yazmıram) baş mollasına ver, bəlkə o bilər”.

“Nömrəverdi” əməliyyatından sonra mühəndisimiz rayonun baş mollasına zəng vurub telefonu diktofona qoydu. (Qeyd edim ki, diktofonlar o vaxt telefonlarda təzə-təzə çıxmışdı.)

Molla sualı eşidib dəli oldu, mühəndisimizə dedi ki, “hansı axmaq köpəyoğlu, hansı vahabi şərəfsiz sənə bu təxribatçı sualı mənə verməyə təhrik edib? Heç utanırsan? Ayıb olsun sənə!”

Həmən telefonu mühəndisimizin əlindən qapıb dedim:

-Molla əmi, zəng vuran adamın heç bir günahı yoxdur. Sualı mənim təhrikimlə sənə verib. İndi mən sualı da cavabı da sizə deyim, siz dinləyin. Mən bu sualı sizə Ayətullah Əl-üzma Seyid Əbdülkərim Musəvi Ərdəbilinin “İzahlı şəriət məsələri” kitabından, sizin stolüstü qanun kitabınızdan vermişəm. Açın, oxuyun, filan risalədə sualın özü də var, cavabı da. Sonda da deyim ki, axmaq köpəyoğlu da sənsən, “tupoy” köpəyoğlu da. Ki, öz dininin qanun kitabını oxumamış böyük bir rayona baş mollalıq edirsən.

O hadisədən sonra heç vaxt mollalara, onların oxuduqlarına, dediklərinə, məsləhətlərinə, yəni molla tayfasının heç bir sözünə inanmıram.

İnananlara isə sadəcə yazığım gəlir…

İndi isə sualın və cavabın “gözəlliyini” oxuyun.

-Hamilə xristian qadın (əyər qarnındakı uşaq müsəmandandırsa) vəfat edərsə harada və necə dəfn edilir?

-Qadın müsəlman qəbiristanlığında arxası qibləyə dəfn edilməlidir ki, ki, bətndəki körpənin üzü qibləyə olsun.

“Qara daşların qara adamları” romanından

Mission News Theme by Compete Themes.