Son yeniləmə: 22 İyun 2025
BAYRAQDAR MEDİA ədəbiyyat bölümündə Şirinxanım Kərimbəyli ŞADİMANın yeni şeirlərini təqdim edir.
Qalx ayağa
Qalx ayağa, əziz Güney,
Eşqi dərya, dəniz Güney,
Xilas etməz yurdu giley,
Yaradandan gəlib fərman,
Vətən özü qəlbə iman.
Qalx ayağa, Babək oğlu,
Bəsdir qaldı yollar bağlı,
İşə salın beyni, ağlı,
Bəlkə də bu son imtahan!…
Vətən özü qəlbə iman.
Düşmən çoxdan ev içində,
Nərən olsun div, içində,
Şərə nifrət sev içində,
Çatıb fürsət, yetişib an,
Vətən özü qəlbə iman.
Səttar xanı salın yada,
Silah verin ər övlada,
Cəsur sevir bu dünya da,
Güney-Quzey təndə tək can,
Vətən özü qəlbə iman.
Təbriz, Zəncan, Xoy Urmiya,
Haray salın, çəkin qıyya,
Düşsün qatil qoy ah-vaya,
İstiqlaldır yurda loğman,
Vətən özü qəlbə iman.
Həm Ərdəbil, həm Miyanə,
Qidası var ruha, canə,
Salın, düşsün səs cahanə,
Vermə əldən getsin zaman,
Vətən özü qəlbə iman.
Vulkan qopsun ürəynizdə,
Qorxu qapsın ürəyiniz də,
Haqqı tapsın ürəyniz də,
Yardım etməz heç ah-aman,
Vətən özü qəlbə iman.
Səcdə yeri Vətən özü,
Ürəklərə qalar közü,
Düşməninin bozdu üzü,
Qur elinə sən də sahman,
Vətən özü qəlbə iman.
Dua edin istiqlala,
Qoy yetişsin yurd vüsala,
Azad vətən – uçmaz qala!
Ayırdılar bizi yaman…
Vətən özü qəlbə iman.
Edin səcdə siz Vətənə,
İgid qoyar iz Vətənə,
Olsun sinə köz Vətənə,
Çəkilməli yurddan duman,
Vətən özü qəlbə iman.
Bəzz qalası haray salır,
Üstün hər gün bulud alır,
Biz gedəri, VƏTƏN qalır…
Qonub yurda şər Əhriman,
Vətən özü qəlbə iman.
Bəsdir daha əzilmisən,
Ürək deyir əzimlisən,
Yetər, Güney, dözümlüsən,
Dərd yığılıb olub ümman,
Vətən özü qəlbə iman.
Dil uzadır yurda yetən,
Könlümüzdə eşqlə bitən,
Yuvamızdı ulu VƏTƏN,
Qoçaqlara qalır güman,
Vətən özü qəlbə iman.
Şadimanın eşqlə coşar,
Pak sevginlə daim yaşar,
Yurda qalib güc yaraşar,
Qalx ol bütöv, AZƏRBAYCAN,
Vətən özü qəlbə iman.
20 iyun 2025, Qusar
Yetişib zaman
Yetişib zaman,
Verməyək aman,
Bağlı qapılar…
Açan tapılar.
Tərpəniş elə,
Dirəniş elə,
Şər ilə əlləş,
Bəsdir, bütövləş…
Fürsətə tapın,
Açılar qapın…
Araz harayda,
Səda var çayda!
Sədaya səs ver,
Yeni nəfəs ver.
Birləşək daha,
Son qoyaq aha!
Vətən özümüz,
Görən gözümüz.
Oğullar coşsun,
Qaynayıb daşsın.
Şərlə savaşsın!
Sənin xilasın
Birliyindədir!
Düşmənə sitəm,
Ərliyindədir.
Vermə boşa an,
Can, AZƏRBAYCAN!!!
18 iyun 2025, Qusar
Bu dünyanı neylərəm
İlahi, mən ah içində bu dünyanı neylərəm?!
Göz yaşına düçar olan təndə canı neylərəm?!
Həyat eşqi tükəndikcə, artır hər gün mərəzlər,
Bir-birinə yağı olan pis insanı neylərəm?!
Savaşlara bulaşdıqca zülüm artır cahanda,
Bəbəklərdə dolub daşan bu leysanı neylərəm?!
Sinəmizdə yorğun düşən ürəyimiz dözməyir,
Hər gün artan şəhidlərə qan ehsanı neylərəm?!
Yolun azan bəndələrə yoxmu səndə bir əlac?!
Dildə artan yalanları, şər qusanı neylərəm?!
Davalara çökür yurdlar, artır hər gün qan-qada,
Ömrümüzə yamaq olan dərdli anı neylərəm?!
Şadimana, ümid etmə bu dünyanın xeyrinə,
Savaşlara qucaq açan gülüstanı neylərəm?!
18 iyun 2025, Qusar
Məni dərdə çəkmə, fələk
Çəkmişəm çəkdiyimi, məni dərdə çəkmə, fələk,
İçimə ağrı-acı bir bu qədər tökmə, fələk.
Mən sənin yazdığına eyləmirəm fikir-filan,
Könlümə ağrıları can deyərək bükmə, fələk.
Zamanın atı qaçır, mən də onun yolçusuyam,
Yolum şümşad sayağı, sən də onu sökmə, fələk.
Tapmadın mənim kimi dərdinə eşq edənləri,
Düşüb min vəchlə cana, duman təki çökmə, fələk.
Könlünü Şadimanın sanma sənə bostandır.
Ora ağrı-acını bircə-bircə əkmə, fələk.
25 may 2025, Qusar





