Press "Enter" to skip to content

“Meleğin kanadında” görünənlər

Əkbər Qoşalı: Ruhəngiz Əliyeva bu əsərdə yalnız bir ədəbiyyatçı kimi deyil, həm də ruhsal araşdırmaçı kimi çıxış edir

BAYRAQDAR MEDİA – “Ruhəngiz Əliyeva bu əsərdə yalnız bir ədəbiyyatçı kimi deyil, həm də ruhsal araşdırmaçı kimi çıxış edir”.

Bunu Beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı “Meleğin kanadında” (In The Prayer of Angel) kitabı haqqındı yazısında qeyd edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyə türkcəsində və ingilis dilində işıqü üzü görmüş kitabın müəllifi Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və Psixologiya kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas və yazıçı Ruhəngiz Əliyevadır.

Müəllif Tanrı, vicdan, əxlaq və məsuliyyət anlayışlarını yeni prizmalardan təqdim edir

“Bəs “Mələyin qanadında” nələr görünür?– Xanım yazar bu adda əsərində insan və kainat arasında mənəvi körpü qurmağamı çalışıb? O, bu işdə nə dərəcədə başafılı ola bilib?” deyə vurğulayan Ə.Qoşalı aşağıdakıları qeyd edib: “Ədəbiyyat, Ruhəngizin yaradıcılığında təkcə ifadə vasitəsi deyil, həm də fəlsəfi axtarış meydanıdır. Onun qardaş Türkiyədə çıxmış “Mələyin qanadında” əsəri bu baxımdan özəl yer tutur. Bu roman klassik süjet çərçivəsindən qırağa çıxaraq, oxucunu ilahi varlıqla insan ruhunun qarşılıqlı təsiri, mənəvi oyanış və özünüdərk sürəci üzərində düşünməyə vadar edir. Əsərin baş qəhrəmanları – Raguel, Lucifer, M14 kimi metafizik surətlər vasitəsilə müəllif Tanrı, vicdan, əxlaq və məsuliyyət anlayışlarını yeni prizmalardan təqdim edir”.

Romanın dili yüksək poetik yüklə, simvolik anlamlarla zəngindir

Ə.Qoşalı bildirir ki, romanın dili yüksək poetik yüklə, simvolik anlamlarla zəngindir: “Burada “Qanadsız Mələk” obrazı – qadın şüurunun bəzən görünməyən, lakin ilahi missiyalar daşıyan dərin qatlarını təmsil edir. Ruhəngiz Əliyeva bu əsərdə yalnız bir ədəbiyyatçı kimi deyil, həm də ruhsal araşdırmaçı kimi çıxış edir. Əsərdə yer alan “Var olmaq – düşüncənin və mərhəmətin birliyində mümkündür” tezisi müəllifin ontoloji baxışlarının özətidir”.

Bu obrazlar həm də çağdaş qadının iç dünyasının simvolik səsləndirilməsidir

O da qeyd edilir ki, “Mələyin qanadında” romanında yer alan qadın obrazları – Raguel və digərləri, sanki Ruhəngizin öz simasının bədii təcəssümüdür: “Onlar təslim olmayan, qərar verən, düşünən, sevən, qoruyan və savaşan varlıqlardır. Bu obrazlar nəinki fantastik səhnələrin bir hissəsi, həm də çağdaş qadının iç dünyasının simvolik səsləndirilməsidir”.

Ə.Qoşalı sonda onu da bildirir ki, “əsərdə qadın ilahi planın bir parçası – təkcə bioloji yox, həm də mənəvi doğumun daşıyıcısı kimi təqdim olunur. Bu ideya, çağdaş dünyada qadın obrazının fəlsəfi və estetik baxımdan yenidən qurulmasına yönəlmiş sanballı çağırış sayıla bilər”.

Onu da qeyd edək ki, Ruhəngiz Əliyeva bır sıra yaradıcı və ictimai qurumlarda da fəallığı ilə seçilir. O, Azərbaycan və Naxçıvan Yazıçılar birliklərinin, DGTYB Gənəşinin, İMZA İctimai Birliyinin üzvü, CASCFEN sədrinin Türkiyə ilə əlaqələr üzrə müşaviri və UDİARD Diplomatik Araşdırmalar Akademiyasının heyət üzvüdür.

Mission News Theme by Compete Themes.