Press "Enter" to skip to content

Gimnastika festivalı coşqusu

Gimnastika festivalı coşqusu

BAYRAQDAR MEDİA – 28 və 29 iyun tarixlərində Dənizkənarı Milli Parkda gimnastika festivalı coşqusu yaşanıb, “Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge”i keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Gimnastika Federasiyasından daxil olub.

Xəbərdə qeyd edilir ki, “iki gün davam edən tədbir yerli və xarici iştirakçıların rəngarəng çıxışları ilə yadda qalıb. Festivalda Azərbaycanla yanaşı, Gürcüstan, Monqolustan və Uqandadan gələn komandalar da iştirak ediblər. Ümumilikdə, 900-ə yaxın iştirakçı və 52 komanda yer alıb. Azərbaycanı təkcə paytaxtdan olan komandalar deyil, həm də ölkənin müxtəlif bölgələrindən olan iştirakçılar təmsil ediblər. Müxtəlif yaş qruplarını əhatə edən proqramda zumba, hip-hop, milli rəqslər və ustad dərsləri xüsusi maraqla qarşılanıb. İştirakçılar iki yaş kateqoriyası – 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalın rəsmi açılışı iştirakçıların Bakı İdman Sarayından Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən əsas səhnəyədək etdiyi möhtəşəm yürüşlə başlayıb”.

Ardınca xəbərdə, “Orkestrin müşayiəti ilə gerçəkləşən bu yürüş, eləcə də komandaların səhnə performansları izləyicilərə əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Müxtəlif bölgələrdən gələn komandaların çıxışları festivalın coğrafi müxtəlifliyini və geniş miqyasını bir daha nümayiş etdirib. Axşam saatlarında səhnəyə çıxan tanınmış müğənni Mərdan Kazımov festivalın əyləncəli ruhunu daha da yüksəldib. Sənətçinin ifa etdiyi ritmik və enerjili mahnılar tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb” deyə qeyd olunur.

Festivalın ikinci günündə keçirilən Qala şou yüksək ovqat ilə yadda qalıb. “Ən yaxşı kostyum”, “Ən yaxşı performans”, “Ən yaşlı iştirakçı”, “Ən balaca iştirakçı”  və “Sosial mediada ən aktiv iştirakçı” nominasiyaları üzrə qaliblərin mükafatlandırılması tədbirin zirvə nöqtələrindən biri olub. Əlavə olaraq müxtəlif kateqoriyalar üzrə fərqlənən iştirakçılara diplomlar təqdim edilib.

Mission News Theme by Compete Themes.