BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Mərkəzi Elmi Kitabxananın inciləri”adlı nəşr işıq üzü görüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “AMEA Rəyasət Heyətinin Qərarına əsasən MEK-in 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planına uyğun olaraq nəşr edilən bu kitabın məqsədi kitabxananın zəngin fondlarının məzmununu qismən də olsa açmaq və təbliğ etməkdir. Azərbaycanda təbiət, texniki və humanitar elmlər üzrə ən iri kitabxana sayılan Mərkəzi Elmi Kitabxana dünya xalqlarının 50-dən çox dilində ədəbiyyat mühafizə edən zəngin, universal fonda malikdir. Kitabda həmin fondlardakı incilər, Şeyx Şamil haqqında mühafizə olunan kitablar, Qafqaz Albaniyası-qədim Azərbaycan haqqında mənbələr, Qafqaz tarixinə dair maraqlı materiallar, Qarabağ, “Dəmir qapı” Dərbənd, qədim Gəncə, Bakı haqqında qiymətli mənbələr, Orucov qardaşlarının mətbəəsinin nəşrləri yer alıb. Bundan əlavə, Lüğətlər, Arxiv, Fotosurətlər fondlarının inciləri, o cümlədən Qonşu xalqlar ədəbiyyatı fondundan seçmələr, kolleksiyalar da kitaba daxil edilib”.
Bildirək ki, kitabın elmi məsləhətçisi MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, tərtibçisi MEK-in əməkdaşı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, ixtisas redaktoru İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, redaktoru kitabxananın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.
Kitab tədqiqatla məşğul olanlar üçün qiymətli elmi mənbədir.





