BAYRAQDAR MEDİA – Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı əsasında iyulun 11-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək. Reqlamentə əsasən açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və kanoedə 1 nəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Kayak qayığında isə avarçəkənlər 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda çempionluq uğrunda yarışacaq”.





