BAYRAQDAR MEDİA şair Sədaqət Məmmədağaqızının şeirlərini təqdim edir.
Sən adda dərd tutdu məni
Səni düşündükcə inan,
Qüssə, kədər tapdı məni.
Getməz oldun xəyalımdan,
Sən adda dərd tutdu məni…
Qərq olub gündüz zülmətə,
Düşdüm tora, bax dəhşətə.
Qəm tuş gəlib min vəhşətə,
Sən adda dərd tutdu məni..
Mənimlədir hara getsəm,
Necə qaçım mən özümdən?
Bezar oldum lap əlindən,
Sən adda dərd tutdu məni…
Əlacı yox, yox bu dərdin,
Başdan başa dərdi-sərdin.
Getməyəcək heç bu dərdin,
Sən adda dərd tutdu məni…
Lal sükutuna
Qaranlıq sahildə baxışın məsum,
Baxırsan dənizin lal sükutuna.
Dayanıb dəniz tək ruhun, duruşun,
Qərq olub sulara dal sükutuna.
Bu zülmət qalacaq göz qarasında,
Yığılıb köksünə köz qorasında,
Çatılar qaşların söz sırasında,
Zümzümə nəğməni çal sükutuna.
Ayrılma, ayrılıq dənizə qəmdi,
Susan dalğaların ləpəsi nəmdi,
Dənizlə sahilin eşqi aləmdi,
Gözlə sübhə qədər, qal sükutuna.
Ana yurdum Siyəzən
Dağ və dəniz qanadın,
Azərbaycan soyadın,
Min illərdən var adın,
Ana yurdum – Siyəzən.
Ziyarətdir torpağın,
Qartal yurdu oylağın,
Bol sərvətin, yatağın,
Ana yurdum – Siyəzən.
Beşmarmağın, Çırağın,
Sədlərin var dayağın,
Mənzərədir yaylağın,
Ana yurdum – Siyəzən.
Doğma yurdum sən mənim,
Ana yurdum sən mənim,
Atam, anam, məskənim,
Ana yurdum – Siyəzən.





