BAYRAQDAR MEDİA – Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə qayıdıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “gimnastları hava limanında federasiyanın nümayəndələri, gənc gimnastlar və ailə üzvləri qarşılayıblar. Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında iştirak edən böyüklərdən ibarət qrup hərəkətləri komandası Universiadanı 3 medalla başa vuraraq vətənə dönüb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə 2 qızıl, 1 gümüş medal qazanıb”.
Qeyd edək ki, bu, Universiadalar tarixində komanda yarışlarında Azərbaycan gimnastlarının ilk uğurudur.





