BAYRAQDAR MEDİA – İyulun 22-də “Hilton Baku” otelində Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) “ASF Konfransı 2025” tədbiri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ASF-dən daxil olub.
Xəbərdə bildirilir ki, “Federasiyanın 2025-2029 illəri əhatə edən strategiyası ictimaiyyətə təqdim olunub, gələcək inkişaf istiqamətləri haqqında bəhs edilib. Tədbir ASF-nin prezidenti Zaur Əliyevin çıxışı ilə başlayıb. O, Federasiyanın son 6 ay ərzində gördüyü işlər və strateji planlarla bağlı məlumat verib. Daha sonra prezident milli komandaların beynəlxalq arenada əldə etdiyi son nəticələr, qarşıdan gələn mühüm yarışlar və tətbiq edilmiş digər yeniliklər haqqında danışıb. Gənclər və idman naziri Fərid Qayıbov, ardınca elm və təhsil naziri müavini Firudin Qurbanov çıxış ediblər. F.Qayıbov qeyd edib ki, birgə səylər nəticəsində bir çox insan üzməyi öyrənəcək. Nazir üzgüçülüklə məşğul olanların sayının ötən illərə nisbətən 2 dəfə artdığını vurğulayıb”.
Sonra xəbərdə, “F.Qurbanov isə bildirib ki, üzgüçülük dünyada ən populyar və insan sağlamlığına müsbət təsir göstərən idman növüdür. O, kütləviliyi təmin etmək məqsədilə məktəblərdə hozuvların inşasının vacib olduğunu deyib. ASF-nin baş katibi Oqtay Atayev yeni strategiyanın təfərrüatları, marketinq və ictimaiyyətlə əlaqələr istiqamətində görülən və görüləcək işlərlə bağlı çıxış edib. Həmçinin o, yeni əsasnamə və qaydaların tərtibi, hər bir sahə üzrə şəffaflığın təmin edilməsi üçün meyarların hazırlanması, klub sisteminin yaradılması, lisenziyalaşdırılma və digər məsələlərlə bağlı məlumat verib” deyə qeyd olunur.
Xəbərdə eləcə də, “konfransda ASF-nin vitse-prezidentləri Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli iştirak ediblər. Həmçinin qonaqlar arasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Zemfira Meftahətdinova, Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, Defilimpiya Komitəsinin baş katibi Namiq Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Dənyar Teymurlu, Azərbaycan Milli AntiDopinq Agentliyinin (AMADA) sədri Təhminə Tağızadə və Azərbaycan İdman Akademiyasının (ASA) prorektoru Ülkər Babayeva olub” deyə bildirilir.
Tədbirdə federasiyanın yeni loqosuna və milli komandanın formasına həsr edilmiş videoçarxlar təqdim edilib, Federasiyanın yeni müşaviri Pyer Ləftontenin videosalamlaması yayımlanıb. Konfransdan sonra Z.Əliyev mətbuat nümayəndələrinin suallarını cavablandırıb.





