Press "Enter" to skip to content

Soysuzun ölümü – HEKAYƏ

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA Əməkdar jurnalist Azər Həsrətin 2016-cı ildə yazılmış hekayəsini təqdim edir:

Soysuz idi. Kimliyi bəlli olmayan ata-anası lap balaca yaşlarında ondan imtina etmişdi. Atmışdılar onu.

Bəxti isə gətirmişdi. Kim bilir, o ata-ananın əlində qalsaydı böyüyəndə ən yaxşı halda küçə süpürəcək, ən pis halda isə… Allah göstərməsin.

Ata-anasının imtina etdiyi uşaqlardan biri kimi hər gün gözləri yol çəkərdi onun da. “Bəlkə bir gün geri dönər, mənə yenidən sahib çıxarlar”, deyə. Sahib çıxansa yoxdu.

Bu tərəfdə doğmaca uşağından rəhmsizcəsinə imtina edən belə ata-analar varkən, məmləkətin başqa bir tərəfində illərdir uşaq üzünə həsrət qalan bir ailə də vardı.

Soylu, əsil-nəcabətli ailə idi bu. Ailə demək olarsa, əlbəttə. Ər idi, bir də arvadı. Neçə illər öncə evlənmişdilər, lakin uşaq üzünə həsrət idilər. Allah onlara heç olmasa bir övlad, bir nişanə vermirdi ki, ona baxıb xoşbəxt ola bilsinlər.

Əslində, bədbəxt də deyildilər. Bir-birilərini çox sevirdilər. Arada onların ittifaqını möhkəmləndirəcək uşaq olmasa da, sevgiləri aşıb-daşır, hər gün daha sıx bağlanırdılar bir-birilərinə.

İllərsə öz işini görürdü. Yaşlanırdılar. Qorxmağa başlayırdılar. Qorxurdular ki, yaşlandıqda onların hayına hay verəcək kimsələrinin olmaması qocalıqlarını işgəncəyə çevirə bilər. Bir yandan bu qorxu, bir yandan da ocaqlarını şənləndirmək istəyi onları hərəkətə gətirdi. Qərara gəldilər ki, ata-anasız qalmış uşaqlardan birini götürüb ailələrinə sevinc qatsınlar.

Aradılar, axtardılar. Uşaq evlərindən birində bir qız uşağına qondu quşları. Uşağı götürmək onlar üçün çətin olmadı. Çox məşhur idilər. Həm də soyu-sopu, əsli-nəcabəti bəlli nəsildən olduqları üçün əlavə suallar olmadan bütün qapılar üzlərinə açıq idi.

Bu qapı da o qapılardan biri idi. Bu soylu, sadə və təvazökar cütlüyün bir uşaq evindən kimsəsiz qız uşağını övladlığa götürməsi hər kəs tərəfindən təqdirlə qarşılandı.

Uşaq ailəyə daxil oldu. Yeni bir ortam yarandı ailədə. İndi onlar bütün günlərini bu balaca qızcığazla keçirmək üçün iş-gücdən belə yayınırdılar. Doğrudan da ocaqları şənlənmişdi.

Balaca da yavaş-yavaş evə isinişirdi. İlk günlər özünü qorxaq kimi aparırdı. Çox çəkingən idi. O balaca ömründə görmədiyi bir şəraitdə yaşayırdı indi. Yeməyi, içməyi, geyinib-kecinməyində sorğu-sual yox idi. Hər şeyi vardı. Hətta təzə ata-anası da.

Lakin uşağın xarakteri ailəyə heç cür uyğun gəlmirdi. Öyrədirdilər onu. Tərbiyə edirdilər. Özləri örnək olurdular ki, görüb-götürsün. Çox çalışırdılar. Alınırdı. Amma bir müddət sonra görürdülər ki, yenə də öz bildiyi kimi davranır. Həm də elə davranır ki, bu ailənin, bu nəslin səviyyəsinə açıq şəkildə kölgə salır.

İllərsə öz sözünü deyirdi. İndi bu ata-ana artıq böyüyüb nazlı-qəmzəli gəncə çevrilmiş bir qızın əsiri idi. Heç bir istəyi rədd edilmirdi. Hamıdan yaxşı geyinməliydi o. Axşamlar evə nə qədər gec gəlsə də, heç kim söz deyə bilməzdi ona.

Ənnik-kirşanı da öz yerində. Dodaqlarını şit qırmızı rəngdə boyamaqla daha gözəl göründüyünü sanırdı. Kənardan baxanda ucuz həyat qadını təsiri bağışladığının fərqində də deyildi.

Ata-anası onu nizama dəvət etsə də, onları dinləməz olmuşdu artıq. Bir sözü iki edilsə, üsyana qalxardı. Ata-ana da abırına qısılıb hər gün daha çox dözməli olurdu bu soysuzun şıltaqlırlarına.

Gün gəldi, zaman keçdi. Soysuz yeni ata-ananın hesabına səhnəyə çıxdı, müğənni oldu. Oxudu. Yaxşı da oxuyurdu.

Bir az adı məşhurlaşınca daha da özündən çıxdı. İndi o, onu həyatın dibindən çəkib çıxarmış ata-anasına da yuxarıdan aşağı baxmağa başlamışdı.

Yeni çevrəsi yaranırdı həm də. Səhnədən enən kimi onu restorana, otelə dəvət edirdilər. Gəl-gəl deyən görkəmi cibi dolu, başıboş, yekəqarın əmiləri özündən çıxarırdı. Ona tərif yağdırırdılar. Dünya gözəli deyirdilər ona. Bu isə çox xoşuna gəlirdi. Artıq özü də inanmağa başlamışdı ki, doğrudan da dünya gözəlidir.

Öz təvazökar yaşamlarıyla fərqlənən ata-anası da onun üçün aşağı səviyyəli adamlara dönmüşdü indi. Amma ediləcək bir şey yox idi. Qız böyümüşdü, yekəqarın, lopabığ əmilərin hesabına hər gün daha da məşhurlaşırdı. Gözü ayağının altını görmürdü. İstəsə, onu həyatın dibindən çəkib çıxarmış ata-anasını da bir göz qırpımında yox etdirə bilərdi. O qədər qüdrət sahibiydi yəni.

Özünə rəsmi ad-san da təmin etdirmişdi. Bütün televiziya, radio kanallarının qapısı üzünə açıq idi. Xalq artisti idi. Ən yüksək zirvəyə qədər sözü keçirdi.

Zirvədəkilər onun əsl mahiyyətini yaxşı bilmirdilər, əlbəttə. Bilsəydilər, bir göstərişlə əl-qolunu bağlar, üç gün içində xalqın yaddaşından silərdilər onu. Ancaq ətrafına topladığı yekəqarın lopabığlar yuxarılarda elə rəy yaratmışdılar ki, sanki bu, bir mələkdir.

Onun həyatı eyş-işrətdə keçirdi. Bir neçə dəfə özünə ər almağa da çalışmışdı. Almışdı da. Amma sonadək saxlaya bilməmişdi. Ərləri onun şıltaqlıqlarına dözə bilməmişdilər.

Hələ bir uşağının da olduğunu iddia etməyə başlamışdı. Lakin bu, yalan idi. Sadəcə özü kimi soysuzun birinə himayədarlıq edirdi. Tam təsadüf, himayədarlıq etdiyi də özünə uyğun birisi idi.

Bu soysuz o qədər harınlamışdı ki, özünə olmadıq yerdən yeni adlar alır, səhnədə gözə dəyən, öz abrı, ləyaqəti, sənəti ilə seçilən sənətçiləri gözümçıxdıya salırdı.

“Hamı mənə biət etməlidir” deyirdi soysuz. Biət etməyənin də başına yekəqarın lopabığ dostlarının əlilə elə bir oyun gətirirdi ki, artıq hamı ondan qorxar olmuşdu.

Zamansa öz işini görməkdəydi. O, yaşlanırdı. Gənclik təravətini, şuxluğunu çoxdan itirmişdi. İndi çoxları üçün sadəcə lağ obyekti idi. Bir qadına atmaca atmaq istəyəndə onun adıyla müraciət etmək yetərli idi ki, ən təmkinli xanım belə özündən çıxsın.

Soysuz bunları görürdü, ancaq özünü o yerə qoymurdu. Yenə də atını sağa-sola çapırdı. Ara sakitləşən kimi kiməsə hücuma keçir, gündəmə gəlir, bir müddət ictimai rəyi məşğul etməyi bacarırdı.

Öz ədəbsizliyi, soysuz xarakterilə diqqət çəkə bilirdi o ancaq. Hətta sənətində doğrudan da istedad sahibi olmasına baxmayaraq normal, abırlı adamlar onun üzünü görən kimi TV kanalını dəyişirdilər. Bununla belə, bazar qeybətlərinə həvəskar olan toplum onun söhbətini etməkdən xoşlanırdı. Ən çox da bazarlardakı ucuz atmacaların qəhrəmanıydı soysuz.

Məzələnirdilər onunla. Özü də bundan həzz alırdı. Çünki anlamırdı ki, onun mövcudluğu belə çoxdan lağ obyektinə çevrilib.

Ata-anası ölmüşdü illər öncə. Özü yaşlanmışdı. Əməllərindənsə qalmırdı. Son nəfəsədək pislik etməyə and içmişdi elə bil.

Bacardı da bunu. Sonuncu nəfəsini alanadək öz qulluqçusundan tutmuş üzdə olan bütün sənət adamlarına qədər hər kəsə bacardığı pisliyi etdi.

…Öldü bir gün o da. Xəbəri bir anda quş olub yurdun hər köşəsinə yayıldı. Heyrət! Xalq artisti ölmüşdü, amma kimsə “Allah rəhmət eləsin” demirdi.

Soysuzun ölümünü eşidən hər kəs, “canımız qurtuldu bundan”, deyib rahat nəfəs aldı.

Xalq artisti idi. Amma xalqın arasında bir ovuc adam tapılmadı ki, onu özününkü saysın. Hansısa yollarla aldığı o yüksək ad da köməyinə çatmadı indi tarix olmuş soysuzun.

Öldü getdi. Aparıb onu da bütün günahlıların günahlarını örtən torpağa tapşırdılar.

Dəfnində izdiham yaşanmadı. Bir qrup xadim vəzifə gərəyi onu son mənzilə yola salmaq üçün törən düzənlədi, növbətçi çıxışlar etdilər, sonra da aparıb quyuya salladılar.

Bir müddət qəbrinin üstünə az da olsa gələn oldu. Zaman keçdikcə qəbri də gözdən itməyə başladı. Orda da yalqızlaşdı soysuz. Toz basdı bu yalqız məzarı.

Qonşu məzarlar belə onunla yanaşı olmaqdan rahatsız idi elə bil.

Üzərindəki çiçəklər də çoxdan solub getmişdi. Təzə-təzə təsadüfən yanından keçənlər dönüb baxardılar məzara. İndi heç təsadüfən də baxan yox idi o səmtə.

Soysuz ölmüşdü, zamansa hələ də işini görməyə davam edirdi. İndi onun ifaları da ekran-efirdə gözə dəymirdi. Heç yada salan da yox idi onu.

Soysuza sahib çıxmış o möhtəşəm cütlük isə hələ də xatırlanırdı. Elə bir məclis olmazdı ki, onların söhbəti edilməsin. Söz ailə-uşağa gəlib çıxınca, “rəhmətliklər özlərindən sonra bir nişanə qoyub gedə bilmədilər” deyib keçərdilər. Heç belə söhbətlərdə də o soysuz yad edilməzdi. Sanki olmamışdı, dünyaya gəlməmiş, yaşamamışdı o.

Xalq artisti idi soysuz. Ölmüşdü. Elə dünyaya gəldiyi gün də ölmüşdü o…

26 fevral 2016, Bakı

Mission News Theme by Compete Themes.