Dr. Şəmsəddin Küzəçinin daha bir kitabı işıq üzü görüb
BAYRAQDAR MEDİA – Əslən Türkmənelinin Kərkük şəhərindən (İraq) olan tanınmış şair, jurnalist, ictimai xadim Dr. Şəmsəddin Küzəçinin daha bir kitabı işıq üzü görüb. Kitab “Azərbaycan Səyahətlərim” adlanır.
Bu barədə BAYRAQDAR MEDİA-ya müəllif özü məlumat verib.
Bildirilib ki, kitab Şəmsəddin Küzəcinin dörddə bir əsrə yayılan 28 fərqli səfərinin izlərini əks etdirən bir könül xəritəsidir. Bu əsər təkcə bir səfərnamə deyil, iki qardaş xalqın ortaq yaddaşına yazılmış bir mədəniyyət qeydi kimi dəyərlidir.
Qeyd edilib ki, 2000-ci ildən 2025-ə uzanan bu zaman kəsiyində müəllif, Azərbaycanın dəyişən siması, inkişaf edən səsi və dərinləşən ruhu ilə qovuşur: “Kitabda müəllifin sənətin, medianın, siyasətin və ədəbiyyatın nəbzini tutmaqla yanaşı, gənclər, qadınlar və iş dünyasının öncül simaları ilə apardığı görüşlər vasitəsilə ictimai dönüşümün izləri də öz əksini tapıb. Bakı¬nın müasir siluetindən Gəncənin tarixi ruhuna, Qarabağın dirənişindən Şəkinin zərifliyinə qədər uzanan bu səfərlər Kərkükdən Azərbaycana uzanan bir mədəniyyət körpüsünün bünövrə daşlarını qoyur. Hər səfər sadəcə bir müşahidə deyil; bir şahidlikdir. Hər sətir isə təkcə bir bilgi deyil, bir duyğudur”.
Vurğulanıb ki, bu kitabda, bir jurnalistin obyektivindən çox, bir könül insanının həsrəti var: “Ortaq dilin istiliyi, ortaq ədəbiyyatın dərinliyi, ortaq folklorun zənginliyi ilə hörülmüş bu hekayələr oxucunu həm düşündürür, həm də duyğulandırır. “Azərbaycan Səyahətlərim” – Kərkük ilə Azərbaycan arasında qurulan mədəni və insani bağların bir sənədidir. Bu əsəri oxuyarkən siz də bu qardaşlıq yoluna çıxacaq, keçmişin izində gələcəyə dair ümidlər tapacaqsınız”.









