Press "Enter" to skip to content

Cüdo məşqçiliyi üzrə proqram sertifikatlarının təqdimolunma mərasimi

Cüdo məşqçiliyi üzrə proqram sertifikatlarının təqdimolunma mərasimi

BAYRAQDAR MEDİA – Avqustun 15-də Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə proqramının iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr idarəsinin müdiri Anar Bağırov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF prezidentinin müşaviri Natiq Bağırov iştirak edib. Mərasimi giriş sözü ilə açan R.Rəsullu göstərilən dəstəyə görə BCF prezidenti Marius Vizerə, BCF Akademiyasının rəhbərliyinə, eləcə də proqramın yerli dəstəkçiləri və ekspertlərinə təşəkkürünü bildirib. Təhsil sahəsində fəaliyyətin ACF-in ümumi strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və növbəti ildən etibarən daha çox beynəlxalq iştirakçıların qəbuluna şərait yaradılacağını qeyd edib. Yekunda R.Rəsullu iştirakçılara sabahkı imtahanlarda uğurlar arzulayıb”.

Ardınca xəbərdə, “BCF Akademiyasının direktoru Envik Qalea məşqçilərin yaradılan imkanlardan maksimum yararlanaraq imtahanlardan uğurla keçəcəklərinə inamını ifadə edib. O həmçinin iştirakçıların hamısının bu gün keçirilən kata imtahanını müvəffəqiyyətlə başa vurduğunu bildirib. Yekunda proqrama qatılan məşqçilərə iştirakçı sertifikatları təqdim olunub” deyə bildirilir.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Milli Olimpiya Komitəsi və ACF-in birgə təşkilatçılığı Azərbaycanda 5-ci dəfə keçirilən proqrama Azərbaycanla yanaşı, Gürcüstan və Özbəkistandan olmaqla ümumilikdə 48 məşqçi qatılıb. İndiyə qədər isə sözügedən proqrama 245 yerli məşqçi təhsil prosesinə cəlb edilib. Onlardan 168 nəfər isə imtahanları uğurla başa vuraraq beynəlxalq məşqçilik diplomunu əldə ediblər.

Mission News Theme by Compete Themes.