Press "Enter" to skip to content

Professorun biblioqrafik göstəricisi çap olunub

Professorun biblioqrafik göstəricisi çap olunub

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, Prof. Məqsəd Səttarovun biblioqrafik göstəricisi çapdan çıxıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “görkəmli filosof alimin elmi fəaliyyəti əsasən din və ateizm tarixi, ictimai şüurun qanunauyğunluqları, islamın Azərbaycanın mənəvi-mədəni həyatındakı rolu və ictimai şüurun strukturu kimi mövzuları əhatə edir. M.Səttarov 10 monoqrafiya, 4 kitab, 21 kitabça və 60-a yaxın məqalənin müəllifidir. “Azərbaycan Respublikasının elm xadimləri” seriyası altında yeni tərtibatda olan biblioqrafik göstəriciyə alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən qısa oçerk, elmi əsərləri, dövri, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan və rus dillərində dərc olunmuş məqalələri və s. daxil edilib”.

Ardınca xəbərdə deyilir ki, “vəsaitdə, həmçinin M.Səttarovun redaktə etdiyi kitablar, görkəmli elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiya işləri əksini tapıb. M.Səttarovun 100 illik yubileyi münasibətilə tərtib olunan vəsaitin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi şöbənin əməkdaşı Natəvan Rəhimovadır”.

Biblioqrafik göstərici fəlsəfə, din, ontologiya, qnoseologiya və etika sahəsində çalışan alim və mütəxəssislər, doktorantlar, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.