Son yeniləmə: 9 Sentyabr 2025
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Paralimpiya İdman Kompleksinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbir müəssisədə göstərilən sosial xidmətlər və benefisiarların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat vermək, həmçinin QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb. İnfotur iştirakçıları müəssisədə yaradılan şəraitlə, burada müxtəlif yaş qruplarından olan şəxslərə göstərilən xidmətlərlə tanış olublar. Məlumat verilib ki, kompleksdə əlilliyi müəyyən edilmiş şəxslərin idmanla məşğul olması, idman bacarıqlarının artırılması, müxtəlif idman yarışlarına hazırlığı, həmçinin tibbi-sosial reabilitasiyası təşkil edilir”.
Ardınca xəbərdə, “burada benefisiarlar paracüdo, parapauerliftinq, paraüzgüçülük, kamandan oxatma, güllə atıcılığı, boccia və digər idman növləri üzrə xidmətlərdən yararlanırlar. Kompleksdə il ərzində 350-dək şəxs müvafiq xidmətlərlə əhatə olunub. Hazırda isə burada əlilliyi olan 200-dən çox şəxs xidmətlərdən faydalanır. Müəssisəyə həkim rəyi əsasında əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailəsi üzvləri, həmçinin paraidmanın sağlam idmana inteqrasiyasını təmin etmək məqsədilə əlilliyi olmayan şəxslər qəbul edilir deyə qeyd oıunur.
İnfotur iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.









