Son yeniləmə: 14 Sentyabr 2025
BAYRAQDAR MEDİA Xaçmazda yaşayan istedadlı şair, Azərbaycan Yazıçılar Birliyi və Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvü Məmməd Qədirin şeirlərini təqdim edir.
Müqəvva dövrü
Bostanı başında bir çox həyatın,
Geyimli-kecimli müqəvvalar var.
Guya qorxub quşlar salar qanadın,
Gəlib həndəvərdən uçmaz qarğalar.
Nə şir görkəmində, nə də ki, qartal,
Uyuqlar düzəlir adamabənzər.
Qorxmasan lap gözəl, amma ibrət al,
Qorxunc məxluq yoxmuş, adama bənzər.
Heybətli görünər müqəvva guya,
Üstünə min oyun quraşdırırlar.
Qarğaya fərqmi var, daşdı, ya qaya,
Oturub başını bulaşdırırlar.
Uyuqdan kim qorxur, yuva tikirlər,
Gəlib yumurtlayır toyuq adamlar.
Başa oyun açıb, min turp əkirlər,
Yerindən tərpənmir uyuq adamlar.
Nə ölü tək ölü, nə diritək sağ,
Xəbəri də yoxdu məhsuldan, bardan.
Bostanlar talanır, oğurlanır bağ,
Kimsə hesab sormur müqəvvalardan.
Elə bil zaman da dayanıb, durub,
Dəyişmir düşüncə, dəyişmir hava.
Həyatına kölgə salsa da qürub,
Torpağa kök atır köhnə müqəvva.
Müqəvva soyunsa quruca şaxdır,
Əynindəki paltar ondan bahadır.
Keçdi uyuqların əjdaha vaxtı,
İndiki hər sərçə bir əjdahadır.
Hürrə, inkişafa çağırır hər yol,
Nə Adəm vaxtıdır, nə Həvva dövrü.
Abrın üstündəykən, get, mürəxxəs ol,
Bitib, Məmməd Qədir, müqəvva dövrü.
Qulaq həkimi
Dedim, eşitmirəm mən heç bir səsi,
Sən göylər həkimi, mən yer xəstəsi,
Söylədi, sağalmır Menyer xəstəsi,
Sancdı sol yanımdan dalağa kimi,
Səni kar olasan, qulaq həkimi!
Dedim Menyer kimdir, o bizdə yoxdu,
Açıb epikrizi gözümə soxdu,
Elə anqırdı ki, üstümə, qorxdum,
Adam həkimidir, ulaq həkimi,
Səni kar olasan, qulaq həkimi .
Çəpəri çəpsə də qəşəng “nos”un var,
Allergik rinitin, tinitusun var,
Taylarn olubdur çoxdan xosunvay,
Eləmə özünə calaq həkimi…
Görüm kar olasan, qulaq həkimi!
Qaymaritsən, çıxma çölə payız, yaz,
Qışda geyinib gəz protivoqaz,
Nə yemək, nə içmək qətiyyən olmaz,
Gəzmə daha aran, nə dağ həkimi,
Görüm kar olasan, qulaq həkimi!
Gördüm “get öl” deyir, gözümə dim-dik,
Deyən əzraillə işləyir şərik,
İçimdə dəli cin edirdi təhrik,
Gedəndə vur, elə, çolaq həkimi,
Səni kar olasan, qulaq həkimi!
Demədim, gizlətdim sözü cibimdə,
Pulum da az idi düzü cibimdə,
Qələmi reseptdə, gözü cibimdə,
Nə pis eləmişik yalaq həkimi,
Vermədim, partla öl, qulaq həkimi!
Resept lazım deyil, get bir halva çal,
Cəmiyyətə çıxma, xarabanda qal,
Səkkiz yüz manat ver, bir aparat al,
Bəlkə yaşayarsan ölənə kimi,
Səni lal olasan, qulaq həkimi!
Döndüm baş sinədə, dilim duada,
Hayıf, bir günüm də keçdi davada,
İlahidən gəlir dərd də, dəva da,
Odur olacağın gerçək hakimi,
Məmmədə neyləsin qulaq həkimi?
Günün altında
Deyəsən payızın əlamətidir,
Uzaqlar görünmür çənin altında.
Əcaib, qəraib oyunlar gedir,
Rütbənin üstündə, çinin altında.
Tapmaq müşkül işdir halal bir xilqət,
İyrənib görməkdən min cürə sifət,
İlahi məhəbbət, ruhani ülfət,
Əzilir nifrətin, kinin altında.
Baxmır şər xeyirə, cin bismillaha,
Çevir astara bax üzdən çox baha,
Mərdləri tez alır Allah dərgaha,
Namərdi yaşadır minin altında.
Bicə bax, şahənşah geni daşıyır,
Nahaq hökmlərdən di gəl baş ayır,
O qədər şərəfsiz kafir yaşayır,
İmanın üstündə, dinin altında.
Boşların şişmişə şişi yetişmir,
Yetim bicbaladan kişi yetişmir,
Daha toyuqlara dişi yetişmir,
Tülkü cadu edir hinin altında.
Bilir, bunun axşam, günortası var,
Oğraşın hər şeydən sığortası var,
Vallah, bəni adəm yumurtası var,
İblisin, şeytanın, cinin altında.
Məmməd, Yaradan da adam hərləmir,
Məəttələm, insan niyə çərləmir,
Ürəyim bulanır, başım hərlənir,
Yəqin çox gəzmişəm günün altında…





