Press "Enter" to skip to content

Yaman tanış gəlir bu adam mənə…

Şəbnəm Tofiqqızı

Son yeniləmə: 14 Sentyabr 2025

BAYRAQDAR MEDİA şair, ssenarist, yazar və pedaqoq Şəbnəm Tofiqqızının “Yaman tanış gəlir bu adam mənə…” adlı şeirini təqdim edir.

Yaman tanış gəlir bu adam mənə,
Elə bil hardasa görmüşəm onu.
Baxışı, gülüşü elə doğmadır,
Elə bil nə vaxtsa sevmişəm onu.
Yox…
Yox, sevmək nədir?
Mən ki, onu bilmirəm..
Sevəndə dərd çəkirəm,
Sevəndə itirirəm.
Onda hardan tanış
Gəlir bu adam mənə?
Dayanıb küskün-küskün
Yolun düz ortasında.
Elə baxır uzaqdan,
Yazıq-yazıq, fağır-yağır.
Üzündən, gözündən
Kədər, qəm yağır.
Elə baxır üzümə gözlərini zilləyib,
Tale onu bu yaşda
Uşaq kimi bələyib,
Bağlayıb əl-qolunu.
Yoxsa kəsib yolunu
Həsrət ilə bələyib,
Hicran ilə bələyib,
İlahi bu adamı?
Kaş bir az danışdırıb,
Tanıyaydım bir azca…
Bəlkə də dərdi-qəmi
Özündən yüz yaş qoca
Olan bu şirin adam,
Görən tanıdı məni?..
Bəlkə də xatırladı,
Mən yadıma salmadım.
Bəlkə də o tanıdı,
Mən onu tanımadım..
Görən haradan gəlir
Tanış bu adam mənə?
Elə bil
Anamdır,
Atamdır,
Balamdır.
Duruşu, yerişi elə doğmadır,
Çəkmirəm gözümü,
Gözündən onun.
Baxıram nur yağır
Üzündən onun.
Bəlkə bir atanın övladıyıq biz,
Bəlkə də bənzərdir talelərimiz?
Baxıram,
Saçları dən-dən ağarıb,
Elə bil başına indi qar yağıb.
Yorğun simasından,
Baxışlarından,
Görünür kimisə çox gözləyib o,
Hətta gözlərinin kökü saralıb.
Onu çox oxşadıram.
Hə, oxşadıram,
Bilmirəm kimə.
Bəlkə də tanımıram,
Suyu şirin gəlir sadəcə.
Bu adamın gözləri,
Elə bil zülmət gecə,
Bəlkə də bu adamın
Keçdiyi həyat yolu,
Gördüyü hər işgəncə,
Üzündə dalğalanan
Qırışlarda yol salıb.
Elə bil bu adamı
Taleyi satın alıb.
Yaman kövrək olubdur,
Baxıram gözlərinə,
Bulud kimi dolubdur.
Elə bil ki, dindirsən,
Hönkürüb ağlayacaq,
Ağlasa susmayacaq.
Elə danışıram ki,
Elə bil bu adamı
Tanıyan biri kimi.
Elə danışıram ki,
Elə bil yaşamışam
Adamın taleyini.
Yox…
Yox, tanımıram onu mən.
Nə bilim, bəlkə?..
Bilmirəm.
Ən yaxşısı. Bilmirəm.
Bir onu bilirəm ki,
Çox qəribə adamdır,
Qarşımda duran adam.
Bayaqdan yazıq-yazıq,
Baxıb boylanan adam.
Bu adam susqun-susqun
Dayanıb baxmaqdansa,
Yaxınlaşsa yaxşıdır.
O səkinin üstündə
Buz kimi donmaqdansa,
Bir kəlmə danışsa yaxşıdır.
Demək yox cəsarəti.
Əgər lal deyil isə,
Belədir xasiyyəti,
Cəsarətsiz adamdır.
Cəsarətsiz adamlar
Yaman aciz olurlar.
Sevgidə də, eşqdə də
Həmişə uduzurlar.
Kimdi bu şirin adam?
Kimdi bu doğma adam?
Əgər belə doğmasa,
Bəs niyə tanımıram?
Nə isə…
Baxmayacam
Daha onun üzünə,
Baxmayacam
Zülmət kimi gözünə.
Düzələcəm yoluma,
Bir az da düşünəcəm,
Bəlkə gəldi ağlıma,
Harda görmüşəm onu?

Mission News Theme by Compete Themes.